Paytaxt köçürülsün – Müzakirə

11:49 23.02.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda yeni şəhərin salınması və həmin şəhərə paytaxt statusunun verilməsi təklif edilib. Bu təkliflə Milli Məclisin iclasında deputat Azər Badamov çıxış edib. Deputat bildirib ki, yeni şəhər Heydərabad adlandırılmalıdır: “Şəhərdə “göydələnlər”in olması problemli haldır. Binaların sıx tikilməsi də təhlükəsizlik baxımından problem yaradır. Allah etməsin, hər hansı fövqəladə hal baş versə, təhlükəli hal yaşanacaq. Yeni şəhər salınmalıdır. Həmçinin bu şəhərə paytaxt statusu verilməlidir. Bununla bərabər, əhəmiyyətli dövlət orqanları həmin şəhərə köçürülməlidir. Bu il “Heydər Əliyev İli” olduğundan təklif edirəm ki, bu şəhərin adı Heydərabad adlandırılsın. Bununla da ümumilli liderin adı əbədi yaşayar və ruhu şad olar”.

Qeyd edək ki, son illər paytaxtda əhali sayının artması, çox sayda yeni binaların tikilməsi, yollarda tıxacların yaranması kimi problemlər nəzərə alınaraq paytaxtın köçürülməsi ilə bağlı təkliflər səsləndirilir. Maraqlıdır, yaranmış mövcud şəraitlə bağlı yeni şəhərin salınması və paytaxtın köçürülməsi mümkündürmü?

Mövzunu qəzetimizə şərh edən memar Cahid Həsənov bildirib ki, o, özü də bir neçə dəfə Bakının köçürülməsi ilə bağlı təkliflərlə çıxış edib:

“Təbii ki, bu gün Bakıda memarlıq və şəhərsalma baxımından sıxlıq müşahidə edilir. Söhbət burada iki amildən gedir. Bu, həm regionlardan Bakıya gələn əhalinin sayının artması, həm də infrastrukturun, inzibati binaların, nazirliklər, yeni yaranan qurumların sayının artması ilə bağlıdır. Beləliklə, iki paralel istiqamətdə Bakı dolub. Bakının paytaxt şəhəri olması əsas deyil, əsas odur ki, ya Bakı inzibati şəhər statusunu saxlamalı idi, ya da böyük sənaye şəhəri Bakıdan kənarda olmalıydı. Sənaye şəhəri olduğuna görə də yaşayış binaları, məhəllələr, qəsəbələr orada olmalı idi. Fakt odur ki, Bakı həm inzibati, həm sıx binalar, göydələnlər şəhəri olub. Bakı yükü daşıya bilməyəcək qədər dolub. Bunun da bir-birinə tam ciddi ziyanı var. Belə ki, Xəzər sahilində yerləşən gözəl Bakı bu sıxlığın ucbatından artıq ab-havası itirilir. Şəhər turizm statusunda olmalıdır. Burada olan memarlıq abidələri, tarixi tikililər, Xəzərin sahili, şəhərin amfiteatr panoraması, klassik memarlıq abidələri ilə müasir Bakının vəhdətini saxlamaq lazımdır".

Onun sözlərinə görə, problem inzibati binaların paytaxtda yerləşməsi, digər tərəfdən yaşayış massivlərinin çoxalmasıdır: “Binalar bir-birinə sıx şəkildə yerləşir. Şəhərin viziual görünüşü, amfiteatrı, panoraması pozulur. Minilliklərlə bizə miras qalmış, dünya turistlərini cəlb edən həmin tarixi abidələr çoxmərtəbəli binaların gölgəsində qalmış kimi öz vizuallığını itirir. Mənim memar kimi təklifim odur ki, tədris ocaqları, yataqxanalar Bakının mərkəzi rayonlarından hər hansı kənar rayonlarına çıxarılmalıdır. Həmçinin Enegetika Nazirliyi və bununla əlaqəli qurumlar hamısı enerji şəhəri Mingəçevir ərazisində olmalıdır. Eləcə də Gəncə-Bərdə bölgəsində kənd təsərrüfatı ilə bağlı institutlar, nazirliklər də bu qaydada yerləşməlidir. Ölkəmizi dünya turistlərinə göstərmək yalnız Bakıdan ibarət deyil. Regionların özünün də gözəlliyi var. Bakı Xəzər sahilində, amfiteatr qoynunda olan, klassik memarlıq abidələri ilə zəngin, dünya turistlərinin gəlməsi, alış-veriş üçün ticarət mərkəzləri ilə dolduldurulmuş modern şəhər ola bilər. Yəni Xəzər dənizi sahilində ticari, turistik baxımından boşaldılmış bir Bakı ola bilər”.

Mütəxəssis hesab edir ki, xüsusilə ali məktəblər yeni salınan şəhərlərə köçürülərsə, bu həmin ərazinin sürətli inkişafına gətirib çıxaracaq: “Mən bir dəfə “Koroğlu” metrostansiyasından “20 Yanvar”a qədər gedən yolda araşdırma apardım. “Elmlər Akademiyası” metrostansiyasına qədər dərs saatlarında ictimai nəqliyyatda o qədər sıxlıq müşahidə olunur ki, əhalinin bəzi hissəsi bir neçə stansiyada qatara minə bilmirlər. Ancaq “Elmlər Akademiyası” metrosunun çıxışında bir neçə universitetin, AMEA-nın olması ilə boşalma yaranır ki, sonra həyat öz axarına qayıdır. Yataqxanalar universitetlərin yaxınlığında olmalıdır. Memarlıq və şəhərsalmada bir qayda var. Necə ki, hərbi xidmətə getdikdən sonra azı bir il hərbi xidməti başa vururlarsa, bu da elə olmalıdır. Yəni, universitetdə bu gün tələbə dərsdən çıxıb evə gedən yolda kafe, musiqi mərkəzi görürsə, onun öyrəndiyindən əsər-əlamət qalmır. Böyük potensiala malik universitetlərdə tələbələr dərsdən sonra həmin ali məktəbin yataqxanasında qalır, həmin ab-havadan 4-5 il ayrılmır. Həm təhsilə daha yaxşı diqqət ayırması, həm də şəhərin boşalması baxımından bu önəmlidir. Digər xarici ölkələrdə olduğu kimi yataqxanalar ali təhsil ocaqlarının həyətində olarsa, tələbənin heç ictimai nəqliyyatdan istifadəsinə ehtiyac qalmır. Tələbə həmin yataqxanada yaşayır, dərsə də oradan gedir, şəhər boşalır. Bütün bunlar olarsa, şəhər boşalar, Bakıda yalnız ticarət, əyləncə mərkəzləri olar, turistlərin gediş-gəlişi üçün məkan yaranar, iqlim şəraiti, memarlığı da buna imkan verir. Təəssüf ki, son 10-20 ildə bölgələrdən, xaricdən gələnlərin hamısı Bakıda məskunlaşıb. Buna görə də ilk növbədə universitetlər, diplomatik korpusların köçürülməsi ilə yanaşı yeni tikilən yaşayış binaların dayandırılması lazımdır”.

Məsələyə münasibət bildirən nqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov da paytaxtda sıxlığın müşahidə olunmasını bir çox universitetlərin Bakının mərkəzində cəmləşməsi ilə əlaqələndirib:

“Düzdür, bölgələrdə, digər şəhərlərimizdə də universitetlər mövcuddur. Amma say baxımından Bakının mərkəzində belə universitetlərin sayı çoxdur. Mərkəzdəki universitetlərin şəhər kənarına çıxarılması mümkündür. Çünki bu gün bizim iqtisadiyyatımız dayanıqlıdır. Bugünkü iqtisadiyyatımız bizə imkan verir ki, nəinki universitetləri Bakının kənarına aparıb köçürək, hətta yeni universitetlər belə Bakının ətrafında tikə bilərik. Həm də bu gün ali təhsilin böyük hissəsi Azərbaycanda pulludur. Tələbələrin ödədiyi təhsil haqqı universitetlərin balansına köçürülür. Hər bir universitetin balansında olan məbləğlə həmin universitetlərin yeni binasını da, yeni filiallarını da Bakı kənarında tikmək mümkündür”.