2020-2021-ci tədris ilində peşə təhsili istiqamətində ilkə imza atılıb. Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, ilk dəfə olaraq ixtisaslar üzrə dərsliklərin çap edilməsinə başlanılıb. Məqsəd peşə təhsili pilləsi üzrə tədrisin keyfiyyətinin artırılmasıdır. İlkin mərhələdə 96 adda ixtisas dərsliyinin nəşri planlaşdırılır. Ümumilikdə, peşə təhsili müəssisələri üçün cari tədris ili üzrə 184 067 ədəd dərs vəsaitinin çapı planlaşdırılır. Nəşr edilən və peşə təhsili müəssisələrinə paylanılması nəzərdə tutulan ixtisas modulları üzrə dərsliklər əsasən turizm, kənd təsərrüfatı, sənaye və avtomobil istismarı sahələrini əhatə edir.
Qeyd edək ki, ixtisas dərslikləri ilə yanaşı, bütün ixtisas qrupları üzrə tədrisi nəzərdə tutulan baza modullarına dair bilikləri özündə əks etdirən dərsliklərin çapı da yekunlaşdırılıb. Çap edilən dərsliklər turizm istiqaməti üzrə “Turizm təşkilatçısı”, “Turizm sahəsində iaşə üzrə mütəxəssis”, “Mehmanxana inzibatçısı”, kənd təsərrüfatı istiqaməti üzrə “Aqroservis mütəxəssisi”, “Bitkiçilik mütəxəssisi”, Heyvandarlıq mütəxəssisi”, iaşə və xidmət istiqaməti üzrə isə “Geyim üzrə dizayner”, “Dərzi” və bu kimi digər ixtisasları əhatə edir.
Ötən ildən etibarən ümumtəhsil bazasından qəbul mümkün olan və orta təhsil fənlərinin tədrisi aparılan peşə təhsili müəssisələrinə ümumtəhsil fənləri üzrə dərsliklərin çapına da başlanılıb. Ümumtəhsil fənləri üzrə 26 adda dərslik olmaqla, ümumilikdə 99 622 ədəd dərsliyin peşə təhsili müəssisələrinə paylanılması yekunlaşmaq üzrədir. Növbəti tədris ilində peşə təhsili üzrə dərslik təchizatının daha da genişləndirilməsi nəzərdə tutulur. Çapı və paylanılması nəzərdə tutulan ixtisas dərsliklərinin sayının artırılması ilə yanaşı, yeni ixtisas dərsliklərinin də çapı prioritetlər sırasındadır.
Yeri gəlmişkən, bu gün ölkəmizdə peşə təhsili sahəsində ciddi islahatlar həyata keçirilməkdədir. Bununla bağlı 2016-cı ilin dekabrında ölkəmizdə"Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" qəbul olunub. Sənəddə qeyd edilib ki, maddi-texniki bazası zəif və yüksəkixtisaslı kadrlar hazırlamaq imkanları məhdud olan peşə təhsili müəssisələrinin fəaliyyətinin dayandırılması, müvəqqəti dondurulması və ya onların birləşdirilməsi yolu ilə maddi-texniki bazasının təkmilləşdirilməsi, həmçinin beynəlxalq təcrübəni öyrənməklə müasir standartlara cavab verən tamtəchizatlı yeni peşə təhsili müəssisələrinin qurulması vasitəsilə həyata keçirilə bilər. Bundan əlavə, peşə təhsili müəssisələrinin ixtisaslaşması prosesi həyata keçiriləcək, 2025-ci ilədək və ondan sonrakı dövrdə inkişaf etmiş peşə-ixtisas təhsili müəssisələri şəbəkəsinin yaradılması istiqamətində mövcud müəssisələrin gücləndirilməsi üçün işəgötürənlərdən və digər tərəflərdən əlavə maliyyə və qeyri-maliyyə yardımlarının cəlb edilməsi mexanizmləri hazırlanacaq.
Sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyənləşdirilib.
İşəgötürənlərlə pilot peşə təhsili müəssisələri arasında əməkdaşlıq nəticəsində bazarın tələblərinə uyğun peşə standartları və təhsil proqramları (kurikulumlar) hazırlanacaq, məzunların məşğulluq səviyyəsi artacaq və gələcəkdə keyfiyyətli kadr hazırlığının təmin olunması üçün bu təcrübənin digər peşə təhsili müəssisələrində tətbiqinə zəmin yaranacaq. Bundan əlavə, peşə təhsilinin müsbət imici yaranacaq və peşə təhsilini seçənlərin sayı artacaq. Peşə təhsili məzunlarının əmək məhsuldarlığının və məşğulluq imkanlarının artması nəticəsində bu prioritetin real ÜDM-ə 1 milyon manat həcmində dolayı təsir göstərəcəyi proqnozlaşdırılır.
Təbii ki, bu istiqamətdə qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə indiyədək ölkəmizdə peşə təhsili və təlimi üzrə bir sıra tədbirlər reallaşdırılıb. Eyni zamanda, “Peşə təhsili haqqında” qanun qəbul olunub. Qanunda peşə təhsili müəssisələrinin növləri peşə məktəbi; peşə liseyi; peşə təhsil mərkəzi kimi sıralanır. Peşə təhsilinin səviyyələri isə ilk peşə təhsili; texniki peşə təhsili; yüksək texniki peşə təhsilidir. Peşə məktəbinə qəbul olunan şəxslərə ilk peşə təhsili; texniki peşə təhsili almaq hüququ verilir.
Peşə liseyinə qəbul olunan şəxslər ilk peşə təhsili; texniki peşə təhsili və tam orta təhsil alırlar. Peşə təhsil mərkəzinə qəbul olunan şəxslərin ilk peşə təhsili; texniki peşə təhsili; tam orta təhsil; yüksək texniki peşə təhsili almaq hüququ var. Təhsil müddəti ümumi orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 2 il; tam orta təhsil bazasından qəbul olunmuş və ilk peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 6 ay, texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 1 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və texniki peşə təhsili ilə yanaşı tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda 3 il; ümumi orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 4 il; tam orta təhsil bazasından qəbul olunmuş və yüksək texniki peşə təhsili alanlar üçün təşkil edilən qruplarda 3 ildir.
Ümumi orta və tam orta təhsil səviyyəsini bitirib istehsalatda və ya digər iş sahələrində müəyyən nəzəri və praktiki peşə bacarıqları qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin öz vəsaiti hesabına sifarişlər əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasın artırılması və yenidənhazırlanma üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.
Qanuna görə, ali təhsilli şəxslərin də peşə təhsili almaq hüququ var. Peşə təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyə, yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər. Peşə təhsili müəssisələrinə lisenziya müddətsiz verilir.
Yeri gəlmişkən, Nazirlər Kabineti bu yaxınlarda “Peşə təhsilinin dövlət standartları”nı təsdiq edib. Qeyd edək ki, yeni peşə standartlarının təsdiqlənməsi ilə əlaqədar “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli qəranını ləğv edib.
Yeni standartlarda peşə təhsilinin məzmunu da indiyə qədər qüvvədə olmuş ilk peşə-ixtisas təhsili pilləsinin dövlət standatları ilə müqayisədə daha genişdir. Beləliklə, peşə təhsilinin məzmunu qanunvericilikdə qeyd edilmiş ümumi tələbləri ödəməklə yanaşı, “ömürboyu təhsil” prinsipinə əsasən təhsilalanların aşağıdakı modullar vasitəsilə əsas səriştələrə malik olmalarını təmin edir.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov bildirib ki, Azərbaycanda peşə təhsili sahəsində maddi-texniki baza gücləndirilməsi, dövrün tələblərinə cavab verən ixtisaslı kadrlar hazırlanması əsas hədəflərdəndir: “Əslində bizdə sovet dövründə texniki peşə təhsili çox yüksək inkişaf səviyyəsində olub. Həmin dövrdə texniki peşə təhsilinə maraq böyük idi. Ancaq sonradan Azərbaycanda peşə təhsilinin keyfiyyəti aşağı düşdü. Peşə məktəblərinə maraq və diqqət azaldı. Azərbaycanda təhsilin inkişafı ilə bağlı strategiya qəbul olunub. Orada təhsilin mərhələləri, pillələri, təhsil sahəsindəki mövcud vəziyyət təhlil olunub, hədəflər müəyyənləşdirilib. Peşə təhsili təhsilin əsas pillələrindən biridir. Ölkə başçısı da dəfələrlə gənclərlə görüşündə peşə təhsili məsələsini ön plana çəkib. Azərbaycanda artıq bu sahənin inkişafı ilə məşğul olan Peşə Təhsili üzrə Dövlət Agentliyi fəaliyyət göstərir. Bu gün orta məktəb məzunlarının bu sahəyə cəlb olunması üçün bütün müasir metodlardan istifadə edilməlidir”.
N.İsrafilov hesab edir ki, peşə təhsili nəinki təkmilləşdirilməli, əksinə regionların tələbatına, tələb-təklif prinsipinə müvafiq olaraq daha da inkişaf etdirilməlidir:
“Buna iqtisadiyyatımızın böyük ehtiyacı var. Dövr tələb edir ki, peşə-ixtisas məsələsi öndə olmalıdır. Koreya, Almaniya, Yaponiya kimi ölkələr məhz yüksək inkişafa peşə-ixtisas səviyyəsini artırmaqla nail olublar. Bu gün Almaniyada peşə məktəblərinin sayı ali təhsil müəssisələrinin sayından çoxdur. Bizim peşə adamlarına böyük ehtiyacımız var. Hesab edirəm ki, peşə təhsilinin inkişafı ilə bağlı atılan addımlar öz müsbət nəticəsini verəcək”.
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.