Qızmar yay günlərində sərinləməyin ən əlverişli yollarından biri suda vaxt keçirməkdir. Çoxları bunun üçün dənizə və yaxud qapalı hovuzlara üz tutur. Son zamanlar plastik şişirdilmə hovuzlarından istifadə də geniş yayılıb. Xüsusən də azyaşlılar üçün evlərin həyətində hovuz olması əvəzsiz əyləncədir.
Hazırda belə hovuzların uşaqlar üçün olanının satış qiyməti ölçülərinə görə dəyişərək əsasən 20 manatdan başlayır. Nisbətən iri, böyüklərin də istifadə edə biləcəyi plastik hovuzlar isə 50 manat dəyərindədir.
Əyləncəni hiss etmək önəmlidir, ancaq bundan daha vacibi sağlamlığı qorumaqdır. Əgər plastik hovuzlardan istifadə edirsinizsə, xüsusən də azyaşlıları mikrob və bakteriyalardan qoruduğunuza əmin olmalısınız. Bu zaman şişirdilmə hovuzlardan düzgün istifadə qaydalarını bilmək mütləqdir.
Bəs görəsən şişirdilmə hovuzlarda insanı hansı təhlükələr gözləyir? Ondan düzgün istifadə qaydası nə cürdür?
Həkim-pediatr Vaqif Qarayev məsələ ilə bağlı hafta.az-a danışarkən bildirdi ki, plastik məmulatlarda insan orqanizminə ziyanlı olan kifayət qədər maddə var:
“Bunu tibb elmi sübut edib, lakin kimdir fikir verən? Məhsulun materialını nəzərə alaraq istifadəsini məsləhət bilmirəm. Ondan istifadə edənlər üçün tövsiyəm hovuzu tez-tez dezinfeksiya etmələri olardı. Biz qapalı hovuzlardan istifadə edərkən “xlor” qoxusunu hiss edirik. Yaxşı olardı ki, plastik hovuzlar vaxtaşırı yuyulsun və suyu dəyişdirilsin”.
Həkim azyaşlıların sağlamlığı üçün dəniz suyu və qumunun vacibliyini xüsusi vurğuladı:
“Yay aylarında dənizin suyu, qumu azyaşlılar üçün çox faydalıdır. Ona görə yaxşı olardı ki, valideynlər günəşdən qorunmaq şərtilə uşaqlarını dənizə aparsınlar. Praktika göstərir ki, tez-tez xəstələnən balacalar yayda dənizə gedirsə, qışda çox az xəstələnir. Maraqlısı budur ki, bizdə dənizə getmirlər. Sovet vaxtı SSRİ-nin ən ucqar nöqtələrindən Xəzər sahillərinə dincəlməyə gəlirdilər, amma bizimkilər burdan-bura getmirdilər”.