Məlum olduğu kimi, bu ilin fevralın 15-dən marketlərdə alış-veriş zamanı polietilen torbalar üçün ayrıca ödəniş tələb olunur. Belə ki, kiçik ölçülü torbalar 3 qəpiyə, böyük ölçülülər isə 5 qəpiyə satılır. İlk baxışdan 3-5 qəpik ödəniş cüzi görünə bilər. Amma əslində bu, alınan gündəlik istehlak mallarına əlavə xərc deməkdir. Çünki hər ailə aylıq alış-veriş zamanı ən azı 6-7 torba istehlak və qeyri-istehlak məhsulu alır, mallar çeşidlənəndə torba sayı daha çox ola bilər. Bununla yanaşı, istehlakçılar gündəlik tələbatlarını qarşılamaq üçün hər gün marketə getməlidirlər.
Qeyd edək ki, bu qərarın təşəbbüskarı Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il fevralın 2-də verdiyi 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi pulla satılır.
Bəs, görəsən, polietilen torbaların pulla satılması ətraf mühitin çirklənməsinin qarşısını ala biləcəkmi? Bu qərar istehlakşıların büdcəsinə necə təsir edəcək?
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizimlə söhbətində qeyd edib ki, insanlar birdəfəlik torbalara üz tutmalıdırlar:
“Torbaların pul ilə satılması əhalini plastiklərdən uzaqlaşdırmaq üçün ən mükəmməl addımdır. Başqa yol yoxdur. Azad İstehlakçılar Birliyi layihə üçün 500 bazar torbası hazırladı. Bez torbalara keçməli və ya bir plastik torbanı dəfələrlə istifadə etməliyik. Torbaların qalınlığının mikronu çox olmamalıdır. Plastik torbaların satılması məsələsini illərdir gündəmə gətiririk. Torbalar şəffaf olmalıdır. Çünki yazıları ağır quruluşa malik materiallardan ibarətdir. Fond yaradılmalıdır. Həmin fonda əhalinin pulu toplanmalıdır. Bütün bu işlər ekologiyanın yaxşılaşdırılmasına yönəlməlidir. Biznes qurumları hökumətin bu siyasətinə dəstək verməlidirlər. Bununla da yeni istehsal yaranmalıdır. Təəssüf ki, bu yoxdur”.
Məsələyə münasibət bildirən ekoloq Ənvər Əliyev də hesab edir ki, qalın torbalar ekoloji çirklənməni artırır, nazik torbalar isə ziyanlı hesab olunmur:
“Torbalar çox nazik olmalıdır. Nazik olanlar qorxulu deyil. Qalın torbalar problemlər yarada bilər. Diqqət etmək lazımdır. Alternativ olaraq kağızdan istifadə edilməlidir. Yəqin ki, bundan sonra bez parçalardan torbalar hazırlanacaq. Ona görə indiki qiymət nisbidir. Onsuz əvvəllər də torbanın pulunu ödəmiş kimi idik. Ən yaxşı çıxış yolu evdən özümüzlə torba aparmaqdır”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli deyib ki, xarici ölkələrdə də bu məhsullar pulla satılır:
“Xaricdə kassada istehlakçıdan aldığı məhsulları yığmaq üçün neylon torba istəyib-istəmədiyi soruşulur. Yəni polietilen torbalar xüsusi məhsul kimi satılır. Alıcıya seçim imkanı verilir, o istəsə, neylon torbanı özü ilə gətirə bilər. Azərbaycanda da üzəri reklamlı xüsusi neylon torbalar həmişə pullu olsa da, marketlərdəki polietilenlər pulsuz idi. Artıq bizdə də xarici ölkələrin təcrübəsindən istifadəyə başlanıldı. Bu vaxta qədər sahibkarlar polietilen torbaları pulsuz verib. Nazirlər Kabinetinin sentyabrın 28-i 2005-ci ildə verdiyi 178 saylı qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilməyib. Görünür, qiymət bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşacaq. Yəni qiyməti daha çox sahibkar müəyyən edir.
Bu qərarın qəbulu nə sahibkarların narazılığı fonunda, nə də hansısa rəqabətin təsiri nəticəsində baş verib. Qərarın təşəbbüskarı Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Onların da söykəndiyi əsas arqument ətraf mühitin çirklənməsidir. Pulsuz olduğu üçün insanlar polietilen torbaların dəyərini dərk etmirlər və daha çox istifadə edirlər. Bu da ilk növbədə ətraf mühitin çirklənməsi ilə nəticələnir. Bu baxımdan qərarın əsas faydasının ekologiyaya olacağını düşünürəm”.
Polietilen torbalara ödənən əlavə vəsaitin aylıq xərclərdə özünü necə göstərəcəyinə gəlincə, ekspert hesab edir ki, Azərbaycanda bu məhsulun dəyəri inkişaf etmiş ölkələrlə müqayisədə cüzidir: “Xarici ölkələrdə neylon torbaların dəyəri 5-10 sent arasında olur. Təbii ki, Azərbaycan büdcəsi buna uyğun deyil. Bizdə işin məqsədi və mahiyyəti istehlakçının daha az polietilen torba alması, qənaət etməsi və səmərəli davranmasıdır. Ortalama hesabla ay ərzində polietilen torbalara 1.50-2 AZN pul xərclənəcək. Aylıq bu məbləği ödəmək istəməyən istehlakçı da alternativ olaraq evdən çoxistifadəlik torba gətirə bilər. Alıcılar artıq marketlərdən lazım oldu-olmadı torba götürməyəcək. Kimə nə qədər lazımdırsa, o qədər plastik paket alacaq. Bundan əlavə, marketlərdə məhsullar gərəksiz-gərəkli çeşidlənib ayrı-ayrı yığılmayacaq. İstehlakçı ağıllı davranacaq, xərcini düşünüb beş məhsulu bir torbaya qoyacaq. Ümumiyyətlə, bu qərarın qəbulunu normal qəbul edirəm”.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov isə hesab edir ki, bu günə qədər marketlərdəki polietilen torbalar havayı verilməyib: “Marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür. Başqa sözlə, bu günə qədər həmin polietilen torbaların xərcini istehlakçı özü ödəyib. Sadəcə olaraq bu xərc çek üzərində öz əksini tapmırdı. Bu, dünyada istifadə olunmuş bir təcrübədir. Əsas məqsəd alıcıları daha çox məsuliyyətli davranmağa vadar etməkdir. Tutaq ki, 100 AZN-lik alış-veriş zaman iki torbadan istifadə olunur, bu zaman məbləğə 10 qəpik əlavə olunacaq”.
Ekspert məhsulun maya dəyərinə nələrin daxil olduğuna da diqqət çəkib: “Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf edilən digər məsrəflər daxildir. Torbanın xərci də məhz satışına sərf edilən digər məsrəflər hissəsində gizlənir. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərirlər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə atmasın”.
Ekspert onu da vurğulayıb ki, marketlərdə rəqabətin pozulmaması baxımından mütləq şəkildə nəzarət olmalıdır: “Bir marketdə ödənişli, digərində ödənişsiz kimi bir görüntü yarana bilər. Buna inanmayın, zatən bütün hallarda həmin torbalar pulludur. Heç bir market sahibi alıcıya öz cibindən torba alıb vermir. Bundan əlavə, satılan torbaların keyfiyyət göstəricilərinə də diqqət olunmalıdır. Torbalar nəzərdə tutulmuş qalınlıqda və keyfiyyətdə olmalıdır. Marketlər alıcılara alternativlər də təklif etməlidir”.