Torpaqların azad edilməsi, bütün qaçqın və məcburi köçkünlərin ora qayıdacağı mənasına gəlmir.
Bu fikirləri hafta.az-a millət vəkili Azər Badamov söyləyib. Onun sözlərinə görə, Prezident tapşırıq vermişdi ki, qayıdışla bağlı qaçqın və məcburi köçkünlərin fikirləri öyrənilsin:
“Kimlər öz ata-baba yurdunda könüllü olaraq məskunlaşmaq istəyirsə onlar siyahı olunsun. Məlum oldu ki, vətəndaşların əksər hissəsi böyük qayıdışı səbirsizliklə gözləyirlər. Artıq bu istiqamətdə azad edilmiş ərazilərimizdə iri həcmli layihələr icra olunur. Orada həyat fəaliyyəti ən müasir şəkildə bərqərar olunacaq. Bu da o demək deyil ki, bütün qaçqın və köçkünlər qayıtmalıdır. Lakin kimlər məskunlaşdırılacaqsa insanlar evlə, təsərrüfatla təmin olunacaq. Qayıtmayan vətəndaşlara isə heç nə verilməyəcək”.
Millət vəkili hesab edir ki, qayıtmaq istəməyən şəxsləri bütün imtiyazlardan azad etmək veriləcək ən doğru qərardır:
“Bu halda qaçqın və məcburi köçkünlərə müvəqqəti məskunlaşmaq üçün verilən evlər də onlardan alınacaq. Dünya təcrübəsində bu kimi hallar olduqca azdır. Dövlətin əsas vəzifəsi torpaqlar azad edilənə qədər qaçqın və köçkünlərin həyat fəaliyyətini yaxşılaşdırmaqdan ibarət idi.
Bundan sonra isə, azad olunan ərazilərə qayıdan köçkünlər üçün eyni tendensiya davam etdiriləcək. Bizdə qaçqın və məcburi köçkünlərə verilən evlər onların mülkiyyətinə verilməyib yalnız müvəqqəti məskunlaşma üçün nəzərdə tutulub. Ona görə də evlərin geri alınmasında heç bir problem yaşanmayacaq. Bu gün vətəndaş Bakıdakı şəraiti görüb yurduna qayıtmaq istəmirsə bu o demək deyil ki, dövlətin ona verdiyi mənzildə yaşayıb gələcəyini qurmalıdır. O mənzilləri gözləyən şəhid ailələrimiz, qazilərimiz var”.