Onilliklər ərzində astronomlar Süd Yolu Qalaktikasının mərkəzində qəribə bir hadisəni müşahidə edirlər. Qalaktikanın mərkəzində yerləşən “Oxatan A” adlı qara dəliyin ətrafında qaz buludunun sürüşdüyü məlumdur. X7 adlanan bu ləkəşəkilli qaz buludunun haradan gəldiyi isə sirr olaraq qalır.
Hafta.az-ın “Science Alert”ə istinadən yazdığına görə, ABŞ-ın Los-Anceles şəhərindəki Kaliforniya Universitetinin astrofizikləri 20 illik müşahidələri təhlil edərək qaz buludunun uzunluğunun ilkin olduğundan demək olar iki dəfə artdığını müəyyən ediblər.
Qeyd edək ki, X7-nin ilk müşahidələri 2002-ci ildə başlayıb.
Müşahidələr nəticəsində məlum olub ki, qaz buludu qara dəliyin ətrafına dolanarkən yavaş-yavaş uzanır. Son ölçmələr X7-nin Günəşlə Yer arasındakı məsafənin 3 min qatına çatdığını göstərib. Cismin kütləsinin Yerin kütləsindən 10 dəfə böyük olduğu bildirilib.
Astrofizik Anna Kayurlonun rəhbərlik etdiyi tədqiqat qrupu Havaydakı Keck Rəsədxanasında infraqırmızı işıqda müşahidə edən NIRC2 adlı alətdən istifadə edərək ölçmələr aparıb.
"Bu, qara dəliyin qüvvələrinin təsirlərini yüksək ayırdetmədə müşahidə etmək üçün unikal şansdır", - deyib Kayurlo. O qeyd edib ki, bu, alimlərə qalaktika mərkəzinin ətrafındakı ekstremal şəraitin fizikası haqqında ipucu verir.
Kayurlo onu da deyib ki, ölçmələr qaz buludunun qara dəlik ətrafındakı orbitini 170 il ərzində tamamlaya biləcəyini göstərir. Amma digər tərəfdən, tədqiqat qrupu buludun qara dəliyə ən yaxın keçidini 2036-cı ildə edəcəyini təxmin edir. Bundan qısa müddət sonra buludun tamamilə dağılacağı gözlənilir. Bulud dağıldıqdan sonra geridə qalan material qara dəlik tərəfindən udulacaq.
Tədqiqatçılar X7-nin gələcəyini daha dəqiq proqnozlaşdıra bilsələr də, onun keçmişi haqqında çox az məlumat var. Astronomlar buludu ilk dəfə aşkar etdikdə onun yaxınlıqdakı S0-73 ulduzundan çıxan reaktiv və ya küləyin nəticəsi ola biləcəyini düşündülər. Bununla belə, son 20 ilin məlumatlarını araşdıran komanda, ikisinin eyni istiqamətdə hərəkət etmədiyini və eyni üçölçülü həcmi paylaşmadığını aşkar edib.
Son məlumatların işığında buludun iki ulduzun birləşərək ətraflarında əmələ gələn toz və qaz qabığını atması nəticəsində yaranmış ola biləcəyi düşünülür.