“Gürcüstanda xarici agentlər haqqında qanun ölkədə inqilab cəhdləri fonunda qəbul edilib”.
Hafta.az-ın “Sputnik Gürcüstan”ın Teleqram kanalına istinadən yazdığına görə, bunu baş nazir İrakli Kobaxidze deyib.
“İki inqilab cəhdi fonunda biz xarici agentlər haqqında qanun qəbul etdik. Onun yeganə məqsədi xaricdən idarə olunan inqilabi hadisələrin qarşısını almaq idi”, - Kobaxidze izah edib.
Gürcüstan parlamenti may ayında xarici agentlər haqqında qanunu üçüncü oxunuşda qəbul edib. Sənəd gəlirlərinin 20 faizindən çoxunu xaricdən əldə edən qeyri-kommersiya hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin xüsusi reyestrinə daxil edilməsini nəzərdə tutur.
Avqustun 1-dən Gürcüstanda xarici agentlər haqqında qanun qüvvəyə minib. Sentyabrın 2-nə 469 qeyri-kommersiya təşkilatı xarici agent kimi qeydiyyatdan keçib.