Qarabağ erməniləri ilə müzakirələrin yeni ünvanı - BAKI

15:28 16.03.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Təcavüzkar Ermənistan Azərbaycanla müharibədə məğlub olaraq üçtərəfli saziş əsasında kapitulyasiyaya imza atsa da, üzərinə düşən öhdəlikləri yerinə yetirmir, müharibə ritorikasından əl çəkmir. Bölgədə münaqişənin yaradılmasında maraqlı olan erməni havadarları vəziyyətin yenidən gərginləşdirilməsi üçün hər cür təxribat, təzyiq vasitələrindən istifadə edirlər. Bu gərginlik, müharibə ocağı Azərbaycan ərazisində yaradılıb və təbii olaraq ölkəmiz istənilən xarici təsirlərə baxmayaraq, regionda revanşist iddiaların gərginlik yaratmasına imkan yaratmaq istəmir və Ermənistanı danışıqlar yolu ilə sülhə dəvət edir. Azərbaycan Dövləti Qarabağda yaşayan erməni icmasının nümayəndələrini ikinci dəfədir ki, danışıqlara dəvət edir. Bu dəfə danışıqların məkanı Bakıdır.

Mövcud situasiyada, yəni  “Qarabağda yeni istehkamlar quran, beynəlxalq missiyanı müxtəlif iddia və bəhanələrlə ölkəmizə gətirməyə çalışan, başqa ölkə ərazisində özünə əlavə statuslar tələb edən, münaqişəni alovlandırmaq üçün müxtəlif hərbi təxribatlar törədən Ermənistan və onun Qarabağdakı separartçı tör-töküntüləri Azərbaycanın bu təklifini qəbul edəcəkmi?” sualı birmənalı olmayan ehtimalları ortaya çıxarır. Eyni zamanda sual olunur: “Qarabağ bölgəsində yaşayan azsaylı ermənilərlə ikinci görüşün paytaxt Bakıda keçirilməsi reinteqrasiya müzakirələri üçün hansı imkanı,  şansı yarada bilər?”.

Bu barədə hafta.az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirir ki, artıq Azərbaycan hakimiyyətinin təyin etdiyi nümayəndə heyəti və erməni icmasının nümayəndələri arasında birinci raund danışıqlar Xocalıda keçirilib. Onun sözlərinə görə, II görüşün Bakıda keçirilməsinin planlaşdırılması tamamilə doğru addımdır və belə də olmalıdır.

“Çünki biz digər ərazilərimizdə olduğu kimi, Qarabağda yaşayan erməni vətəndaşlarımızı da öz sakinlərimiz kimi qəbul edir, onların mövcud problemləri ilə maraqlanırıq. O problemlər isə ilk növbədə Azərbaycan dövləti daxilində, Bakıda həllini tapmalıdır. Erməni sakinlərimiz Ermənistanın və digər xarici təsirlərin revanşist təsirlərindən çıxarılmalı və dərk etməlidirlər ki, Azərbaycan ərazilərində yaşayırlar. Dövlətin konstitusiyasından, qanunlarından kənar iddialarla çıxış edə bilməzlər”.  

M.Məmmədli hesab edir ki, Qarabağda yaşayan erməni sakinləri məsələlərə bir qədər ayıqbaşla, konstruktiv yanaşsalar, ikitərəfli danışıqlar prosesindən real nəticələr əldə etmək olar. Onun qənaətinə görə, əgər Qarabağda yaşayan  ermənilər yenə də təcavüzkar Ermənistanın və qondarma  rejimin girovu olaraq qalacaqlarsa, o zaman bu danışıqlardan müsbət nəticə gözləməyə dəyməz.

“Hər halda Azərbaycan Dövləti bütün cəhdlə çalışır ki, bölgədə problemlər danışıq, sülh yolu ilə həllini tapsın və nəhayət, biz davamlı sülhə nail olaq. Hesab edirəm, ölkəmizə qarşı təhlükəni aradan qaldırmaq, sülhə nail olmaq  üçün danışıqlar  yeganə yol deyil. Ermənistan öz təcavüzkar, revanşist siyasətindən əl çəkməsə ərazilərimizdə yaşayan ermənilər vasitəsilə revanşizmi alovlandırsa, ölkəmiz mütləq hərbi müstəvidə özünün maraqlarını, mənafeyini qorumalı olacaq”.

Siyasət rubrikasından digər xəbərlər