Avropa Parlamentinin vitse-prezidentlərindən biri, yunan sosialist millət vəkili Eva Kaili də daxil olmaqla, 5 nəfər parlament qərarlarına təsir etmək məqsədilə Qətərdən rüşvət aldıqları üçün saxlanılıb.
Hafta.az-ın yazdığına görə, yunan parlamentar Avropa Parlamentinin Yaxın Şərqlə əlaqələrə cavabdeh olan vitse-prezidenti idi.
Belçika Federal Polisinin, dünya çempionatına ev sahibliyi edən Qətərin “iqtisadi və siyasi qərarlara təsir etmək üçün Kaili ilə yanaşı bəzi Avropa Parlamenti işçilərinə külli miqdarda rüşvət verdiyi” səbəbiylə həyata keçirdiyi əməliyyatda saxlanılanların sayı beşə çatıb.

Belçika mətbuatının yazdığına görə, dünən səhər saatlarında federal polisin 16 fərqli nöqtədə keçirdiyi reyddə aralarında keçmiş deputat, həmkarlar ittifaqı üzvü və müşavir müavinləri olmaqla 4 nəfər saxlanılıb.
Axşam saatlarında Avropa Parlamentinin 14 vitse-prezidentindən biri olan yunan parlamentari Eva Kailinin həbsi ilə saxlanılanların sayı 5-ə yüksəlib. Kailinin gün ərzində saxlanılan şəxslərdən biri ilə əlaqəsinin olduğu və cinayət işinə cəlb edildiyi bildirilir.
Belçika Federal Prokurorluğu bildirib ki, hələ iyul ayında “bir körfəz ölkəsi”nin Avropa Parlamentinin iqtisadi və siyasi qərarlarına təsir etdiyi şübhəsi ilə istintaq başladılmışdı.
Prokurorluğun məlumatına görə, ittihamnamədə adıçəkilən Körfəz ölkəsi Avropa Parlamentindəki siyasi və strateji mövqelərə “əhəmiyyətli miqdarda pul və bahalı hədiyyələr” təklif etməklə parlamentin qərarlarına təsir etmək cəhdində şübhəli bilinir.
Belçikanın “Knack” jurnalı və “Le Soir” qəzetinin məlumatına görə, bu körfəz ölkəsi hazırda dünya çempionatına ev sahibliyi edən Qətərdir.
Belçika polisi 9 dekabr Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günündə İxelles, Schaarbeek, Kraainem, Vorst və Brüsseldə 16 fərqli yerdə reyd keçirib. Əməliyyat zamanı 4 nəfər saxlanılıb, 500 min avro nağd pul, kompüter və mobil telefonlar götürülüb.
“Knack” jurnalının məlumatına görə, əməliyyatı həyata keçirənlər arasında sosial-demokrat və mühafizəkar qruplara bağlı parlament müşavirləri, keçmiş deputat və keçmiş həmkarlar ittifaqı üzvü də var.
Belçika mətbuatının yazdığına görə, saxlanılanlardan ikisi Avropa Parlamentinin sosial-demokrat qrupunun keçmiş üzvü Pyer Antonio Panzeri və İtaliya həmkarlar ittifaqı lideri Luka Visentinidir. Əməliyyat zamanı ələ keçirilən 500 min avro nağd pulun keçmiş deputat Panzerinin ünvanında tapıldığı öyrənilib.
Pyer Antonio Panzeri Avropa Parlamentini tərk etdikdən sonra “ciddi insan hüquqları pozuntularına və insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığa qarşı mübarizə aparan” “Cəzasızlıqla mübarizə” qeyri-hökumət təşkilatının rəhbəri olub.
Visentini noyabrda dünya üzrə 200 milyon üzvü olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi seçilib.
Digər tərəfdən, CNN International-ın məlumatına görə, Eva Kaili korrupsiya araşdırması üzündən Yunanıstandakı üzü olduğu siyasi partiyadan - "Panhellenik" Sosialist Hərəkatından (PASOK) xaric edilib.