Qeyri-rəsmi əmək bazarının hüdudları məhdudlaşmalıdır - Hüquq müdafiəçisi

15:26 20.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bəzi işəgötürənlər işçi ilə əmək müqaviləsi bağlamadan və normadan artıq işlətməklə işçiləri istismar edir. Bu problem uzun müddətdir ki, danışılsa da öz həllini tapmayıb. Dövlət başçısı yaxın günlərdə öz çıxışında da bu məsələyə toxundu və sahibkarlara çağırış etdi:

“Sahibkarlar fəaliyyətini qanunvericiliyə uyğun qurmalıdırlar, əmək müqavilələri bağlamalıdırlar, işçiləri istismar etməməlidirlər: “Çünki mənə verilən məlumata görə, bəzi hallarda işçiləri vaxtından çox işlədirlər. Bizim 8 saatlıq iş günümüz var. Heç kim ondan artıq işləməməlidir. Amma daha çox pula qənaət etmək üçün 10 saat, 12 saat, ondan da çox işlədirlər. Buna son qoyulmalıdır və Nazirlər Kabineti buna nəzarət etməlidir. Xüsusi müşavirə keçirilsin ki, bu məsələlər müzakirə olunsun və əgər belə hallara yol verilirsə, o sahibkar cəzalandırılacaq. İşçilərə də müraciət edirəm. Siz də əmək müqaviləsi olmadan işləməyin. Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Ona görə sahibkarlar vergisini ödəməli, bütün qanuni tələblərə riayət etməli və məsuliyyətli olmalıdırlar. İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır”.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov hafta.az-a açıqlamasında bildirdi ki, əmək hüquqları işçi ilə işəgötürən arasında bağlanmış müqavilədən başlayır:

“Əgər bu müqavilə yoxdursa, artıq digər hüquqlardan danışmağın yeri də yoxdur. Rəsmi statistikaya görə, ölkədə 5 milyona qədər insan əmək fəaliyyəti ilə məşğuldur. Onları yuvarlaqlaşdırsaq 1,5 milyonu ilə əmək müqaviləsi bağlanılıb. Onların da 900 mini dövlət sektorunda və dövlətin təsərrüfat subyektində çalışanlardır. Özəl sektorda əmək müqavilələrinin bağlanma göstəriciləri aşağı olaraq qalır. Bütün problemlər də buradan başlayır. Amma bu da o demək deyil ki, əmək müqaviləsi bağlanan yerlərdə iş saatından artıq işlədilmə hallarına yol verilmir. Amma nisbətən azdır. Əsas problem o sektordadır ki, orada işçilərlə qeyri-rəsmi əmək münasibətləri mövcuddur. Yaxud da muzdlu iş olduğu halda mülki hüquqi müqavilələr bağlayıblar. Problem buradadır. Bunun həlli üçün qeyri-rəsmi əmək bazarının hüdudları məhdudlaşmalıdır. Prezident bununla bağlı xeyli aktlar imzalayıb. Məsələn, NK-də xüsusi komissiya yaradılıb. Əhaliyə Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyində Bakı şəhərində monitorinq keçirmək üçün xüsusi komissiya fəaliyyət göstərir. Ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əksəriyyəti əmək bazarında qeyri-rəsmi münasibətlərin aradan qaldırılmasına yönələn tədbirləri nəzərdə tutur”.