Qəzaya görə məsuliyyət sürücü və tur şirkətin üzərinə düşür - Ekspert

16:06 14.06.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Məlum olduğu kimi, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu qəzaya düşüb. Nəticədə, avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xatırladaq ki, bu qəza iyun ayı ərzində baş vermiş ikinci belə hadisədir. Bir həftə öncə isə oxşar yol nəqliyyat hadisəsi Şəki şəhərində baş vermişdi. Sözügedən qəzada 22 nəfər turisti daşıyan avtobus dərəyə yuvarlanmışdı.

Hafta.az məsələ ilə bağlı ilk olaraq Bakı şəhəri 279 nömrəli məktəblə əlaqə saxlayıb. Təhsil ocağından verilən məlumata görə, 4-cü sinif şagirdlərinin valideynləri turu məktəbdənkənar planlaşdırıblar:

“Qəza hadisəsi baş verən avtobus “Empati travel” tur şirkətinə aiddir. Turu məktəbimizin dördüncü sinif şagirdlərinin valideynləri öz aralarında planlaşdırıblar. Daha sonra hörmət əlaməti olaraq sinif rəhbərini dəvət ediblər. Təfərrüatlar haqqında bizdə məlumat yoxdur”.

Ardınca adıçəkilən tur şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, təəssüflər olsun, buradan zənglərimizə cavab verən olmadı.  

Qəzadan sonra belə təkliflər də səsləndirilir ki, tur şirkətlərinin peşəkar avtobus sürücüləri ilə işləyə bilmələri üçün Bakı Nəqliyyat Agentliyinin vahid sürücü bazasından istifadə etmələrinə şərait yaradılsın. Yəni, tur şirkətləri agentliyin bazasında yer alan peşəkar sürücülərlə əməkdaşlıq edib onları işə cəlb edə bilərlər.

Sorğumuza Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mayis Ağayevin cavabı belə oldu ki, bu məsələ BNA-ya aid deyil. Burada söhbət şəhərdaxili müntəzəm marşrut xətləri sürücülərindən getmir.

Belə vəziyyətlərin yaşanmasında kimlər məsuliyyət daşıyır? Tur şirkətləri ilə əməkdaşlıq zamanı hansı meyarlara diqqət etmək lazımdır?

Bu barədə saytımıza danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov söylədi ki, xüsusilə azyaşlıların iştirakı ilə keçirilən qəzalar cəmiyyət arasında pislənilir. Burada sürücü məsuliyyətsizliyi və tur rəhbərinin və nəqliyyat vasitəsini təqdim edən şirkətin üzərinə məsuliyyət düşür:

“Burada istismar qaydalarına baxdıqda sürücünün yorğunluğunu nəzərə almalıyıq. Yaxşı olardı ki, uzun yol sürücülərini  mütəmadı olaraq əvəz edəcək şəxslər olsun. Qəza baş verdikdən sonra sürücü məsuliyyəti rəhbərliyə, rəhbətlik də sürücünün üzərinə atır, bu da normal haldır. Fakt budur ki, müəyyən tədbirlər görülməsə, belə xoşagəlməz hallar gələcəkdə də yaşana bilər”.

Nəzərinizə çatdıraq ki, baş vermiş qəzaların ardından, Qubada yerli və xarici turistləri daşıyan avtobuslarla bağlı reyd keçirilib. Keçirilən tədbirlərlə bir daha sərnişindaşıma ilə məşğul olan sürücülərə normativ aktlar və qaydalar izah olunaraq bildirilib ki, əsasən ümumi istifadədə olan hər bir nəqliyyat vasitəsi işdən sonra mütləq şəkildə qaraja aparılmalı, nəqliyyat vasitəsi texniki cəhətdən yoxlanılıb, nasazlıq varsa aradan qaldırılıb, növbəti gün xəttə buraxılmaldır. Sürücülər isə xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçməlidirlər.

Qeyd edək ki, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub.