Qoşqar Təhməzli İsmayıllıda vətəndaşları qəbul edib

14:03 24.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 24-də İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən hafta.az-a verilən məlumata görə, qəbuldan əvvəl Qoşqar Təhməzli və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Agentliyin məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri əsasən regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla əlaqədar həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlərlə bağlı olub. Qəbula gələn hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbul zamanı Qida Təhlükəsizliyi İnstitutunun region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.

Oxunma sayı 1586