Rəqabət Məcəlləsinin qəbulu yenidən gündəmdə

12:51 03.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu məsələsi yenidən gündəmdədir. Parlamentin bir neçə gün öncə keçirilən plenar iclasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib ki, Rəqabət Məcəlləsi hazırdır:  “Sənədin bir nüsxəsini də mənə veriblər. Sənəd razılıq verilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilib”.

Onun sözlərinə görə, süni qiymət artımı olduğu bir dövrdə Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanın daxili iqtisadiyyat bazarına təsirini göstərəcək: “Bu Məcəllə həm inhisarçılığı müəyyən qədər aradan qaldıracaq, həm də qiymət siyasətinə təsir edəcək: "Mal idxalına da təsiri olacaq. Azərbaycanda istənilən adam öz biznesini qurub rahat mal gətirib sata bilər və demək olar ki, heç bir inhisarçılıq baş verə bilməz. Bu Məcəllə qəbul olunandan sonra mütləq Rəqəbət Agentliyi yaradılmalıdır. Bu qurum da birbaşa ölkə başçısına tabe olmalıdır, çünki burada bazar iqtisadiyyatının çox ciddi inkişafından söhbət gedir. Bu, bazara çox böyük təsir edəcək bir qanun olacaq”.

V.Əhmədov hesab edir ki, bu məcəllə azad rəqabət qurmaq üçün çox əhəmiyyətlidir: "Bu məcəllənin bir nüsxəsi məndə var. Çox gözəl hazırlanıb. Mütəxəssislər bunun üzərində çox yaxşı işləyiblər. Bu məcəllə qəbul olunmalıdır".

Qeyd edək ki, Azərbaycanda Rəqabət Məcəlləsinin qəbulu məsəsəli uzun illərdir müzakirə mövzusudur. Mütəxəssislər hesab edirlər ki, bu sənədin qəbulu ölkədə azad və liberal iqtisadiyyatın inkişafına, inhisarçılığın aradan müsbət təsir göstərəcək.

Məsələ ilə bağlı hafta.az-a danışan iqtisadçı alim Əli Əlirzayev qeyd edib ki, rəqabət qabiliyyətinin təmin edilməsi bazar iqtisadiyyatının yaradılması, təşəkkülü və inkişafının əsas prinsipidir:

“Biz  artıq neçə illərdir bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Belə olan şəraitdə rəqabət qabiliyyəti əsas meyar və hədəfdir. Belə bir qanunun qəbul edilməsi ölkə iqtisadiyyatının gələcək inkişafı yolunda əsas təkanverici qüvvə rolunda çıxış edəcək.  Rəqabət Məcəlləsi rəqabət qabiliyyətli iqtisadiyyat yolunda ali məqsəddir. İqtisadi artımın davamlı inkişafını təmin etmək istəyiriksə, uzun müddətli rəqabət qabiliyyətli müəssisə, məhsul yaratmalıyıq. Yəni məhsulun, fəaliyyətin rəqabət qabiliyyəti təmin edilməli, sahibkarlar öz məhsullarını satmaq üçün bazar tapmalıdırlar. Bu yolda da onlara Rəqabət Məcəlləsi yardımçı olur.  Ona görə də rəqabət qabiliyyəti üzrə prinsiplərin olması mütləq lazımdır. Onun üçün də müasir dövrün tələblərinə cavab verən innovasiyalı, yeni keyfiyyətli məhsul istehsal edilməli, sahibkar üçün stimul yaradılmalı, bazarlar genişləndirilməlidir. Həmçinin burada kadr potensialı da mühüm rol oynayır. Rəqabət mühitində tələblə təklif amili də mühüm əhəmiyyət kəsb edir. Digər məhsulları istehsal edən müəssisələrlə rəqabətə girmək lazımdır. Bu bazar iqtisadiyyatı şəraitində onun diktəsilə edilən bir yarışdır. Rəqabət qabiliyyətinin olması müəssisələrin uzunmüddətli davamlı inkişafına da stimul yaradır, eyni zamanda onun gəlirləri artır. Gəlirlərin artırılması ilə müəssisə yeni-yeni axtarışlara meyl edir, müasir texnologiyalar tətbiq edir, tədqiqatlar aparır. Ona görə də sahibkarlığın inkişafında əsas amil olaraq məhz rəqabət qabiliyyəti çıxış edir. Təbii ki, rəqabət qabiliyyətinin təmin edilməsi üçün hüquqi baza olmalıdır. Bu baza rolunda da məhz Rəqabət Məcəlləsi çıxış edir. Onun əsaslarını, hüquqi və qanunvericilik bazasını yaratmaq, təşkilatı-iqtisadi strukturları təkmilləşdirmək, iqtisadiyyatın inkişafını təmin etmək üçün belə bir Məcəllənin qəbulu nəinki mümkün, hətta vacibdir. Məcəllədə hansı əsas məqamların yer almasına gəlincə, bütün qanunlarda olduğu kimi, Rəqabət Məcəlləsində də müəyyən mənada müasir şərait nəzərə alınmalı, burada qanunun nəyi tənzimləyəcəyi, hansı istiqamətdə və nə kimi işlər görüləcəyi öz əksini tapmalıdır”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, dövlətin 5 iqtisadi funksiyasından biri bazar iqtisadi şəraitində rəqabətin təminidir:

“Rəqabəti bazar öz-özünə təmin edə bilmir və rəqabət olmayanda da bazar iqtisadiyyatı səmərəli fəaliyyət göstərə bilmir. Biz bazarlarda həm monopolist qiymətlərin, rəqabətin məhdudlaşdırılmasının əziyyətini çox çəkirik. Son zamanlar bazarda süni qiymət artımı yaradan səbəblərdən danışırıq. Süni qiymət artımını tətbiq edən inhisarçılar öz mövqeyindən istifadə edərək qiyməti artıra, azalda və yaxud istehsalı məhdudlaşdıraraq bazarda özləri üçün uyğun şərait və şərtlər yaradırlar. Rəqabət Məcəlləsinin qəbul edilməsinə qədər bazarda bu münasibətləri tənzimləməli olan "Antiinhisar fəaliyyəti haqqında”, "Haqsız rəqabət haqqında” qanunlar var. Amma təəssüf ki, bu qanunların tətbiqində də ciddi problemlər var. Ona görə də ümumi rəqabət mühitini tənzimləyən Rəqabət Məcəlləsinin olması çox vacibdir. Əslində qanun qəbul edilsə, cəmiyyət üçün olduqca əhəmiyyətlidir. Bu həm ümumi rəqabəti yarada bilər, həm də monopolistlərin süni qiymətlərinin qarşısını ala bilər. Süni qiymət hansısa kiçik mağazada işləyən satıcının qiyməti deyil. Süni qiymət məhz bu monopolistlərin təyin etdiyi qiymətdir”.

X.Kərimli qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi ilə yanaşı, qanun cəmiyyətin mənafeyini müdafiə edəcək şəkildə tətbiq ediləcəksə, müxtəlif bazarlarda inhisarlar müəyyən olunacaq və onların fəaliyyətinə nəzarət olunacaq: "Bir çox bazarlarda qanunvericiliklə əlaqəsi olan lobbiçilik qrupları və məmurlara bağlı bizneslər var. Rəqabət Məcəlləsinin qəbulu bazarlar üzrə analizlərə gətirib çıxarmalıdır. Bazarın 1/3-dən çox paya sahib olan subyektlərin müəyyənləşməsinə və onların fəaliyyətinə nəzarətin müəyyənləşməsinə gətirib çıxarmalıdır. Çünki bazarda əhəmiyyətli paya malik olan təsərrüfat və biznes subyektləri istədiyi formada qiymətləri təyin edə bilirlər. Bazar iqtisadiyyatında biz adətən qiymətlərdən danışırıq. Əgər biznes subyekti inhisarçı deyilsə, istənilən qiyməti qoya bilər. Geniş cəmiyyət üçün iqtisadiyyat bundan itirir və monopolistlər bundan udurlar. Bunun üçün də lobbi qrupları vasitəsilə qanunvericilik aktlarının qəbul edilməsinə maneçilik yaradırlar. Oliqarxlar bazarın 50 faizdən çoxunu ələ keçirirlər və istədikləri qiymətləri diktə edə bilirlər. Bu isə cəmiyyətin maraqlarına ziddir. Ona görə də Rəqabət Məcəlləsi Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və iqtisadi mühitin yaxşılaşdırılması baxımından, əhəmiyyətli qanundur. Rəqabət Məcəlləsi oyun qaydalarının müəyyənləşdirilməsidir. Heç bir biznes subyektinin hətta üstün hökmran mövqeyi olsa da, belə fəaliyyətini dayandırmasına səbəb olmur. Sadəcə, onların fəaliyyətinə qiymət müdaxiləsinə, istehsalların həcminə, apardıqları siyasətə artıq dövlət antiihisar qurumu nəzarət edir və lazım olduqda onların fəaliyyətinə müdaxilə mexanizmi işə salınır. Yəni həm dövlət tənzimləmə orqanının, həm də biznes subyektlərinin normal işlədiyi şəraitdə Rəqabət Məcəlləsi ölkə iqtisadiyyatında rəqabət mühitinin təkmilləşməsinə təkan verə bilər”.

Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu uzun müddətdir müzakirə edilən məsələlərdəndir:

"Hətta əvvəlki dövrlərdə parlamentdə Rəqabət Məcəlləsinin müzakirəsi həyata keçirilib. Rəqabət Məcəlləsi vacib bir sənəddir. Bu məcəllənin qəbulunun bazara və bütövlükdə ölkə iqtisadiyyatında rəqabətin formalaşmasına və müdafiəsinə təsirləri xüsusi qiymətləndirilməlidir. O baxımdan Rəqabət Məcəlləsinin hazırlanması və qəbulu məqsədəuyğundur. Bazarda rəqabətin qorunması və bütövlükdə tam rəqabətin müdafiə edilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə də uyğundur".

Deputat bildirib ki, Rəqabət Məcəlləsinin qəbulu nəticə etibarı ilə Azərbaycan üçün, xüsusən də sahibkarlar üçün rəqabət baxımından yeni imkanlardır: "Bu, bazara çıxış, bazarda rəqabət imkanlarını artıracaq. Xalis rəqabət bir tərəfdən sahibkarların gəlirliliyinə təsir göstərəcək, eyni zamanda istehlak bazarındakı qiymətlərə təsir göstərən faktorlardan biridir. Bu baxımdan, sözügedən Məcəllənin qəbulu və icrası sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və xüsusən kiçik və orta müəssisələrin inkişafı baxımından yeni imkanlar açacaq. Bu, nəticədə azad sahibkarlığın daha da inkişafına xüsusi töhfə verəcək".

O həmçinin qeyd edib ki,bu il Rəqabət Məcəlləsinin qəbulu ilə bağlı proseslər daha aktiv, müzakirələr daha intensiv olacaq.