Rəsmi səviyyədə belə çıxışlar Cənubdakı ictimai şüura böyük təkan verir - ETİBAR MƏMMƏDOV

19:44 25.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“İndiyə qədər Güney Azərbaycandakı soydaşlarımızın hüquqlarının tapdanmasıyla bağlı rəsmi Bakı öz mövqeyini bildirmirdi. Ancaq Türk Dövlətləri Təşkilatının Səmərqənddəki Zirvə toplantısında Azərbaycan Prezidenti ilk dəfə bu məsələni dilə gətirdi. Həmçinin bu gün ADA universitetindəki tədbirdə də İlham Əliyev oradakı soydaşlarımıza dəstəyini daha açıq şəkildə ifadə etdi”. 

Bu fikirləri hafta.az-a açıqlamasında Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında Tehran rejimi və Güney Azərbaycandakı soydaşlarımızın haqqlarının tapdanması il bağlı ciddi açıqlamalarına münasibət bildirərkən söyləyib.

“Hesab edirəm ki, dövlət başçısı səviyyəsindəki belə çıxışlar Cənubdakı ictimai şüura çox böyük təkan verməkdədir. Bunun nəticəsində İran ərazisindəki soydaşlarımız artıq özlərini arxasız hesab etmirlər.  Amma, zənnimcə, bununla da kifayətlənmək olmaz.  Yəni artıq Güney Azərbaycan məsələsinə münasibət dövlət səviyyəsinə qalxmalı və əməli, praktik addımlarla müşayiət olunmalıdır”

Partiya lideri ölkə başçısının konkret olaraq İran rejiminə qarşı sərt fikirlərini də şərh edib.

“Ölkə başçısının İranla bağlı sərt çıxışının kifayət qədər səbəbi var. Zənnimcə, rəsmi Tehranın bizimlə bağlı son vaxtlar apardığı siyasəti düşmənçilik siyasəti səviyyəsinə qaldırması, çıxışlarında savaş ritorikası ifadə etməsi və şifahi bəyanatlarla da yekunlaşmayıb birbaşa Azərbaycanla sərhəd ərazilərdə hərbi təlimlərə keçməsi, başqa sözlə, dövlətimizə hərbi hədə-qorxu gəlməsi ölkə başçısının belə adekvat bəyanat verməsinə yetərincə əsas verir.  İran rejimi bilməlidir ki, belə hədə-qorxular gəlməklə Azərbaycan dövlətini, xalqını nə qorxutmaq olar, nə də tutduğu haqlı və ədalətli mövqeyindən geri çəkindirmək olar”-  deyə istiqlalçı deputat vurğulayıb.

Oxunma sayı 1926