Ruben Vardanyanın Qarabağ erməniləri üçün qurduğu talon sistemi “partladı”...

14:21 01.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun Rusiya "sülhməramlı"larının nəzarəti və separatçı-terrorçu rejimin faktiki işğalı altında qalan hissəsində məskunlaşdırılmış hayklara ərzaq məhsullarının talonlarla verilməsi sitemində xaotik vəziyyət yaranıb.

Hafta.az xəbər verir ki, Ermənistanın “Past” qəzetinin Xankəndindəki özəl mənbələrinə istinadla əldə etdiyi məlumata görə, əhali belə bir durumla separatçı rejimin qondarma "dövlət naziri" dəyişdikdən sonra qarşılaşıb.

“Talonlar işləmir”, “məmurlarla əlaqəsi olan şəxslər pul qazanır”, “hazırkı vəziyyətdən bir neçə şəxsin xeyrinə istifadə olunur” - deyə məlumatda  bildirilir.

Qeyd edək ki, Qarabağ erməniləri üçün talon sistemi Putinin "milyarder desantı" sayılan Ruben Vardanyanın "dövlət naziri" təyin edilməsindən az sonra tətbiq edilməyə başlanıb. 

Erməni nəşri iddia edir ki, guya R.Vardanyanı bu vəzifədə keçmiş "baş prokuror" Qurgen Nersisyan əvəzlədikdən sonra talon sistemində bərbad durum yaranıb.

"...İnsanlar sistemli şəkildə mağazalarda ərzaq ala bilirdilər. Üstəlik, qiymətlərin tənzimlənməsi sistemi də kifayət qədər yaxşı işləyirdi. Lakin əldə etdiyimiz məlumata görə, baş verən dəyişiklikdən sonra bu sistem ″partlayıb” və ciddi problemlər yaranıb. Söhbət həm növbələrdən, həm də qiymətlərdən gedir".

Eyni zamanda erməni qəzeti bildirir ki, "problem ümumi blokada nəticəsində ərzaq tədarükü ilə yox,  mənbələrimizin bildirdiyinə görə, sadəcə olaraq, “uğursuzluqla nəticələnən” təşkilati işlərlə bağlıdır".