Rusiya Azərbaycana qarşı sanksiyaların tətbiqini İSTƏYİR – KREMLİN “VARDANYAN KARTI”

18:29 11.10.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hesab edirəm ki, Azərbaycanın ermənilər məskunlaşmış torpaqlarına gəlməkdə  erməni mənşəli Rusiya milyarderi Ruben Vardanyanın və ya onu himayə edənlərin bir neçə məqsədi var. Birincisi, o, bankirdir. Bilirik ki, Rusiyanın bank-maliyyə sistemi Qərbin güclü sanksiyaları altında fəaliyyət göstərir. Və təbii ki, həmin sahəyə bağlı olan bir çox iş adamları kimi Vardanyan da bu və ya digər şəkildə o sanksiyalardan qaçmaq üçün müxtəlif yollar arayır. Bu mənada istisna etmirəm ki, Qarabağa gəlməkdə Vardanyanın şəxsi məqsədlərindən biri məhz budur. Həmin məqsədə hansısa siyasi don geydirmək üçün o, Qarabağdakı soydaşlarının mövcud durumunu əlində dəstəvuz edib”.

Bunu hafta.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov söyləyib.

“Eyni zamanda biz görürük ki, bu erməni milyarderin digər  çox şübhəli bir fəaliyyət sahəsi də var. Məsələn, Ermənistanın Azərbaycana qarşı sanksiyalar tətbiq olunmaq istəyinin gerçəkləşməsi üçün məhz hazırda Qarabağda olan Vardanyandan istifadə olunur. Axı bu həm də Rusiyanın marağında olduğu bir məsələdir. Çünki ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi rəsmi Bakıya qarşı sanksiyalardan danışanda, yaxud bu məsələ Avropa Parlamentində müzakirə olunanda yaxşı başa düşürük ki, bunun arxasında Kreml dayanır.  Çünki hazırda Rusiyanın enerji daşıyıcılarının ixracı ciddi sanksiyalar altındadır. Və Moskvanın strateji məqsədi ondan ibarətdir ki, Avropa enerji daşıyıcılarından tamamilə imtina etsin və orada yanacaq böhranı baş qaldırsın. Amma həmin böhranın olmaması üçün Azərbaycanın da bir tövsiyəsi var. Yəni məhz ona görə Avropa İttifaqının  məsul şəxsləri Bakıya gələrək açıq şəkildə bəyan edirlər ki, Azərbaycandan neft və qaz ixracını artırmaq niyyətindədirlər. Və bu prosesin qarşısını almaq üçün digərləri kimi Vardanyana da Kremldən müəyyən tapşırıqlar verildiyi açıq hiss olunur. Görünür, bu da Moskvanın yeni bir layihəsidir” – açıqlamasının davamında bunları bildirən politoloq bir daha Pelosinin səfərinin maliyyələşməsində Vardanyanın rolundan bəhs edib.  

“Ermənistan teleqram-kanallarının yazdığına görə,  Pelosinin Ermənistana qeyri-rəsmi səfəri məhz Vardanyan tərəfindən maliyyələşdirilib. Bunun üçün ermənilər təxminən 140 milyon dollara yaxın pul xərcləyib.  Çünki əslində Pelosi İrəvana Demokratlar pariyasının siyasi fəaliyyəti çərçivəsində səfər edib. Və ABŞ-ın 3-cü rəhbər şəxsi kimi onun gəlişinin maliyyələşdirilməsi, onun üçün xüsusi təyyarə və mühafizənin təşkil olunması və s. böyük məbləğ tələb edir. Xülasə, yekinda Ermənistanın xərclədiyi məbləğdən 50 milyon dolları Demokratlar partiyasının büdcəsinə gedib. Təxminən 30 milyon dollar Pelosinin mühafizəsinin təşkilinə xərclənib. Məlumatlara görə,  bütün bu proseslərin maliyyələşməsində Vardanyan və Putinin keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın böyük rolu olub. Yəni burada Kremlin marağı çox açıq şəkildə özünü biruzə verir.  Çünki Pelosinin səfərinin təşkilində əsas məqsədlərdən biri də Azərbaycanın Rusiya qazına alternativ olaraq Avropaya qaz nəqlinə sanksiyalar tətbiq edilməsinə nail olmaqdır”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.

Siyasət rubrikasından digər xəbərlər