“Rusiya Ukraynada hərbi məqsədlərinə çatmamalıdır” - Macarıstan prezidenti

09:15 09.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Sülh Rusiyanın Ukraynada hərbi məqsədlərini həyata keçirməsinə mane olmalıdır . Bununla belə, biz Budapeştin Kiyevə silah verməsinin əleyhinəyik və sanksiyaları səmərəsiz hesab edirik”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Macarıstan prezidenti Katalin Novak “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində bildirib.

Macarıstan prezidenti vurğulayıb ki, o, Rusiyanın təcavüzünü pisləyir və işğalın ən qısa vaxtda dayandırılmasını istəyir və Macarıstan dövləti Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır.

"Ukrayna qonşusu tərəfindən hücuma məruz qalan suveren ölkədir və indi öz vətəndaşlarını qorumaq üçün əlindən gələni edir. Ukraynalılar müstəqil hərəkət edirlər, lakin bir çox ölkələr onları dəstəkləyir. Bu, əlbəttə ki, hərbi səylərə təsir edir", - Novak deyib.

O, vurğulayıb ki, Rusiya hərbi məqsədlərinə çatmamalıdır və Macarıstan da daxil, sülhsevər ölkələr buna imkan verməməlidir. Xanım prezident problemin həllini sülh danışıqlarında gördüyünü bildirib.

Macarıstan prezidenti hesab edir ki, hərbi yardım "müharibəni alovlandıracaq" və "daha tez eskalasiyaya səbəb ola bilər", lakin ukraynalılara və ukraynalı qaçqınlara humanitar yardımı dəstəkləyir.

Sanksiyalara gəlincə, Novak vurğulayıb ki, Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı əvvəlki bütün sanksiyalar paketlərini dəstəkləyib, lakin onların Avropa dövlətlərinə təsiri də nəzərə alınmalıdır.

"Sanksiyaların təsiri var, lakin onlar bizə Rusiyadan daha çox zərər vurdu. Buna yol vermək olmaz. Biz yalnız Rusiyanı cəzalandırmağın yollarını aramalıyıq", - o, deyib.

Siyasət rubrikasından digər xəbərlər