Laçın yolunda yaranmış vəziyyət separatçıları və rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Qanunsuz daşınmalar və qeyri-qanuni səfərlərin dayandırılması, yoldan yalnız humanitar məqsədlərlə istifadə edilməsinə şəraitin yaradılması Vardanyan-Arutyunyan cütlüyünün Azərbaycanın təbii sərvətlərini qanunsuz mənimsəmə biznesinə ciddi zərbə vurur.
Belə bir ərəfədə İrəvan və Xankəndidəki separatçılar müxtəlif təxribatlara əl atır, reallaşması mümkünsüz olan "ideyalar" irəli sürürlər. Təəssüf ki, bu məsələdə onlara kənardan da "ağıllı fikirlər"lə dəstək verənlər tapılır.
Hafta.az bildirir ki, Rusiyada özünü hərbi ekspert adlandıran, polkovnik Aleksandr Jilin Azərbaycanın suverenliyini təhdid edən açıqlamalar verib.
Onun fikrincə, "sülhməramlı əsgər və təxribatçılar bilməlidirlər ki, onun arxasında Rusiya Federasiyasının bütün silahlı qüvvələri, o cümlədən nüvə silahı dayanır. O zaman heç kim ona barmağı ilə toxunmaz. Məsələn, NATO KFOR kimi”.
“Ermənistan nə etməlidir? Müttəfiqlər axtarın. İranla yaxınlaşıb İranla Türkiyə arasındakı ziddiyyətlər üzərində oynamaq lazımdır. SEPAH faktiki olaraq Ermənistana hərbi yardım göstərə bilər.
Vardanyanın təmsil etdiyi "Artsax rəhbərliyi" hətta Tehrandan məhdud qoşun kontingentinin yeridilməsini xahiş edə bilər ki, bu da cilovsuz azərbaycanlıların şövqünü xeyli soyudacaq. İrəvanın Nensi Pelosi ilə razılaşmalardan sonra Vaşinqtonla yaxınlaşmaqdan başqa yolu yoxdur.
Varlı erməni diasporu milli təhlükəsizlik qüvvələrinin sıralarına qatılacaq bir neçə ciddi özəl hərbi şirkətləri asanlıqla işə götürə bilər və Qarabağa göndərər. Vaqner də istisna deyil”.
Göründüyü kimi, Azərbaycanın suveren ərazilərində separatizmin kökü tamamilə kəsilmədikcə, Azərbaycana qarşı təzyiq elementi olaraq erməni kartından istifadə edənlərin sayı durmadan artır. Bu səbəbdən, Xankəndi və digər ərazilərdə qalan separatçıların fəaliyyətinə dərhal son qoyulmalı, qanunsuz ermənisilahlıları Azərbaycanın suveren ərazilərindən şərtsiz çıxarılmalıdır.