Rusiyanın parçalanma ssenarisi - Başlanğıc Çeçenistan ola bilər

10:45 12.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təxminən, 11 ay öncə Prezident Vladimir Putinin göstərişi ilə Rusiyanın Ukraynaya genişmiqyaslı işğala başlamasının Rusiya Federasiyasının birlik və bütövlüyünü sarsıdacağını deyənlər çox olsa da, rəsmi Moskva bu fikirlərin rus ictimaiyyətinin gündəminə çevrilməsini əngəlləmək üçün siyasi ideologiyanı fəallaşdırdı. Bu ideologiya yalnız birbaşa Kremldən deyil, onun federasiya ərazisində yetişdirdiyi bəlli mərkəzlərdən də yayılmağa başlandı. Təbii ki, ən fəalı Çeçenistan və xüsusilə bu kiçik muxtar bölgənin rəhbəri Ramzan Kadırov idi.

Məsələ ondadır ki, SSRİ dağılandan bu yana keçən 30 il ərzində bir sıra sovet respublikaları dünyaya inteqrasiya edərək daha sürətlə inkişaf edib, insanları daha azad yaşayır və sair. Bu siyahının başında Baltikyanı respublikalar dayanır ki, onlar artıq Avropa İttifaqının, NATO-nun üzvüdürlər, insanları yüksək həyat şəraitinə malikdirlər. Amma dünyanın ən geniş və ən zəngin torpaqlarına malik, tarixən hegemom ölkə kimi öz siyasətini dünyaya diqtə edən Rusiyada insanlar, sadəcə, dövlətin sovetdənqalma nüvə arsenalına söykənən cəbbəxanasından başqa heç nəyə sahib deyillər. Hansı ki, ölkədə yaranmış dərin sosial uçurumun o tayındakı bir ovuc korrupsioner gündən-günə milyardlarla dollar hesablanan varidatını artırmaqdadır. Xalq narazılığını dilə gətirmək istəyəndə isə mütləq ölkə xaricində əvvəlcədən közərtdikləri münaqişə ocaqlarını alovlandıraraq, əsrlər ərzində beyinləri “böyük və güclü xalq” fikri ilə zəhərlənmiş rus ictimaiyyətini cuşa gətirirlər. Necə ki, 11 ay öncə Ukraynaya hücum edərkən də bunu düşünmüşdülər, zamanında Krımı işğal və ilhaq edərkən də eyni ssenari ilə davranmışdılar. Moldovada Dnestryanı respublika kimi münaqişə mərkəzini, Gürcüstan ərazilərini parçalamaq məqsədilə Abxaziya və Cənubi Osetiyada qondarma rejimləri yaradarkən də işğalsevər rus millətini razı salmaq istəyiblər. Avropadan sürətlə uzaqlaşdırılan Rusiya Moldovada yaratdığı münaqişə ocağı ilə qane olmur, Krımı işğal edir, bununla da gözü doymur, Ukraynanın şərq vilayətlərini işğal edir və daha mərkəzi torpaqlaradək getməyə can atır, iqtisadiyyatı tamamilə çökmüş Ermənistanı vassalına çevirir. Daha sonra isə Azərbaycanın tarixi torpaqları olan Qarabağda erməniləri “qorumaq” adıyla müqəddəs türk torpaqlarına öz işğalçı qüvvələrini yerləşdirir. Təbii ki, onlara sülhməramlı da desək, orada fəaliyyətləri dövründə ermənilər üçün nələr etdiklərini hamı bilir.

Sual yaranır: bütün bunlara baxmayaraq, Rusiya parçalanmaqdan qurtula biləcəkmi? Axı cəmi 30 il öncə dünyanı öz əzəməti ilə titrədən SSRİ də qısa müddətdə 15 parçaya bölündü. Vaşinqtondakı Wilson Mərkəzinin ictimai siyasət üzrə məsul işçisi, əslən Rusiyanın İnquşetiya muxtariyyətindən olan hüquq müdafiəçisi Zarina Sautiyeva da əminliklə deyir ki, Rusiyanın parçalanması qaçılmazdır. “Mən Rusiyanın bütöv şəkildə qala biləcəyini düşünmürəm, lakin bunun aylar və ya illər çəkəcəyi bəlli deyil”, - o deyib.

Bu yerdə bir fakta da istinad edək: dünyada yayılan məlumatlara əsasən, Rusiya tərəfi Ukrayna ilə müharibədə ön meydanlara daha çox Rusiyada yaşayan milli azlıqların nümayəndələrini çıxarır. Adını da qoyublar ki, Rusiyada ayrı-seçkilik qoyulmur, millətindən və dinindən asılı olmayaraq bütün vətəndaşlar “Rusiyanın təhlükəsizliyini qorumağa məcburdurlar”. Nəticədə də döyüşlərdə ölənlərin çoxu ya çeçendir, ya buryat, ya tatar, ya da başqa milli azlığın nümayəndəsi. Birmənalı olaraq deyə bilərik ki, Moskva bu yolla işğal siyasətinə rus xalqı tərəfindən daha çox dəstək almağa çalışır. Axı oğlu, qardaşı və ya əri ölən ruslar, xalq nə qədər işğalsevər olsa da, müharibəyə tərəfdar olmayacaq.

Xanım Sautiyeva da bu fikri müdafiə edir. Deyir ki, Ukraynada Kreml qeyri-mütənasib olaraq yerli etnik azlıqların yaşadığı yoxsul bölgələrdən gənc əsgərlərə arxalanır: “Çeçenistanın yerləşdiyi Şimali Qafqazdan Monqolustanla sərhəddə Buryatiya və Tuva kimi əyalətlərədək yerli əsgərlər cəbhələrə göndərilirdi. Sentyabrda Putin “qismən səfərbərlik” elan edəndə Sibirin şimal-şərqində yerləşən Yakutiyada, eləcə də Çeçenistanla həmsərhəd olan Dağıstanda etirazlar başlandı. Amma tam əminliklə deyirəm: Kreml federal dairələri maliyyələşdirməyə davam etdiyi müddətdə bu cür nümayişləri yatırmaqda çətinlik çəkməyəcək. Amma əgər sosial müavinətlər dayansa və Ukraynadan gələn əsgər cəsədlərinin sayı artmaqda davam edərsə, insanlar təkcə Qafqazda deyil, bütün Rusiyada ayağa qalxacaqlar”.

Səbəbləri fərqli olsa da, mahiyyətcə İrandakı kimidir. Orada şiə siyasətinin əsirinə çevrilmiş əhali məzhəbin gətirdiyi məhdudiyyətlərdən, eləcə də ölkəni ağuşuna almış sosial səfalət və gerilikdən qurtulmaq üçün Mahsa Əmini öldürüləndən sonra, İranı vətəndaş müharibəsi meydanına çevridi və təbii ki, molla rejimi onların azadolma istəyini gülləbaranla qarşıladı. Minədək insanı qətlə yetirdi və bu gün də məhkəmələrin qərarı ilə edamlar davam edir. Rusiyada məzhəb siyasəti yürüdülmür, amma əvəzində yuxarıda da qeyd etdiyimiz kimi, “Böyük Rusiya” mifinin dağılmasını qorumaq üçün əlləşilir. Nəzərə alaq ki, Rusiya Federasiyası hazırda 21 milli respublikanın və 5 milli ərazinin vəhdətindən yaranıb. Federasiya 26 yerə parçalansa, rusların öyünə biləcəyi heç nə qalmayacaq. Hazırda 17 milyon kvadratkilometrdən artıq əraziyə malik olan Rusiya torpaqlarının 3,1 milyon kvadratkilometri yalnız Saxa-Yakutiya Respublikasının payına düşür... 

Məqaləmizin əvvəlində bildirmişdik ki, Kreml milli ərazilərdə özünə “sözçülər” və ya bunabənzər bir şeylər yetişdirir. Bunlardan ən məşhuru Çeçenistan Prezidenti Ramzan Kadırovdur. Bu gün Kadırov qəsbkarniyyətli rus milləti arasında qəhrəmana çevrilmiş Prezident Vladimir Putinin ən etibarlı adamıdır. Hər vəchlə Putinin etdiklərinə haqq qazandıran Kadırov Krımı işğal edərkən, eləcə də ötən ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayarkən Putinin yanında oldu. Hətta tək yox, bütün çeçen kişiləri də səfərbər edərək buna nail oldu. Gec-tec Ukraynanın Rusiyaya qatılacağını, çeçen əsgərlərin, hətta Vladimir Zelenskini öldürəcəyini və əsir götürüb Kremlə gətirəcəyini deyən Kadırov bir yandan gündən-günə özünü qeyri-ciddi və ya qaniçən cəllad obrazı kimi beynəlxalq ictimaiyyətin yaddaşlarına həkk edir, digər tərəfdən tarixən rus işğalçılarına qarşı qəhrəmanca mübarizə aparmış, yenilməz xalq olaraq adını bəşər tarixinə yazdırmış çeçen xalqının nüfuzunu bilərəkdən zədələyir. Bu yerdə sual yaranır: Ramzan Kadırov Rusiyanın xidmətində dayanıb, yoxsa Vladimir Putinin? Yaxud başqa bir sual ortaya çıxır: Kreml niyə hər zaman 21 muxtar respublika arasında daha çox Çeçenistanla ilgilənir?

Əvvəla, Kadırov Rusiyaya yox, Putinə xidmət edir. Yəni məhz Putin çeçen üsyanını qan içində boğandan sonra Kadırovu özünə sədaqətlə qulluq etsin deyə, Çeçensitanda hakimiyyətə gətirib..

Digər sualın cavabına gəlincə, SSRİ dağılandan sonra müttəfiq respublikalar müstəqilliklərini elan etdikdə Rusiya Federasiyasının subyektləri arasında yalnız Çeçenistan azadlıq mübarizəsinə qalxdı. Birinci və ikinci rus-çeçen müharibələri hər kəsin yaddaşındadır. Bir ovuc çeçen 150 milyonluq supergücə qarşı uzun müddət qəhrəman kimi savaşdı, baxmayaraq ki, məğlub edildilər, amma tarix yazdılar. Bu gün də dünyanın hər yerinə səpələnmiş çeçen müxaliflər öz xalqlarının azadlığı uğrunda mücadilə edir. Hansı ki, bu halların on faizi belə digər muxtar respublikalarda baş vermədi. Yəni belə demək mümkündürsə, Moskva çeçenlərin qəzəbindən qorxur və onu da başa düşür ki, Çeçenistanda yenidən azadlıq mübarizəsi alovlansa, indiki şəraitdə qarşısını ala bilməyəcək və proseslər bütün Rusiya ərazisinə yayılacaq. Bu səbəbdən də Kadırov Putinə hava və su kimi lazımdır.

Bu yerdə qeyd edək ki, xanım Sautiyeva fərqli düşünür. Deyir ki, əgər Kremldə xaos başlayarsa, iqtidarını qorumaq üçün ilk olaraq Kadırov Çeçenistanın müstəqilliyini elan edəcək.

Londondakı “Chatham House”un baş elmi işçisi Nikolay Petrov də bu qənaətdədir ki, orta əsrlərdə olduğu kimi, Kadırov Rusiyanın deyil, Putinin subyektidir: “Lakin Putin Ukraynadakı müharibəyə işçi qüvvəsi və pul tökməkdə davam etdikcə, onun ölkə daxilində hökmranlığı zəifləyir. Əgər Putinin çoxmillətli imperiya qurmaq layihəsi iflasa uğrasa, Rusiya əhalisinin 1 faizini təşkil edən kiçik bir bölgə olan Çeçenistan növbəti dəfə Rusiya dövləti üçün qeyri-sabitlik mənbəyi ola bilər. Bu, təbii ki, Rusiyanın federal dairələrinin, xüsusən də səs-küylü Şimali Qafqazın Moskvadan qopmaq üzrə olduğu demək deyil. Rusiya Prezidentinin təriflənən “şaquli güc”ü regional liderləri sıx bağlı saxlayır, onları maliyyə və siyasi dəstəkdən asılı vəziyyətə salır. Axı Putin Çeçenistanın müstəqillik arzularını boğmaq üçün amansız müharibə apararaq hakimiyyətə gəldi. Ramzanın atası Əhməd Kadırovu Çeçenistanın marionet rejiminə rəhbər təyin etdi və Əhməd 2004-cü ildə öldürüldükdən sonra Ramzanı atasının yerinə gətirdi. Şübhəsiz, sədaqətinin müqabilində o, bütün həddi aşmasına göz yumdu, gənc Kadırovu neft dollarları ilə böyüdü”, – Petrov bildirir.

Şimali Qafqaz üzrə ekspert Denis Sokolov isə deyir ki, Rusiyanın müstəmləkə rejimi Şimali Qafqazda sabitləşib: “Şimali Qafqazın regional elitaları sistemin bir hissəsinə çevrilib və bölgə xalqları öz gələcəklərini Rusiya rejimindən asılı olaraq görürlər. Nəticədə, Qafqaz üçün açıq separatizmdən danışmaq tez olardı. Təbii ki, Qafqazda, Ural-Volqa bölgəsində və Buryatiyada insanlar bu barədə düşünürlər. Amma onların siyasi, hərbi təşkilatları yoxdur. Bu vəziyyət hər an çox tez dəyişə bilər. Putinin Ukraynadakı müharibəsinə sadə rusları cəlb etmək qərarı regional muxtariyyətə marağı yenidən artırdı. Vəziyyət səfərbərliklə yekunlaşıb. Səfərbərlik ölümə bərabərdir və insanlar buna müqavimət göstərəcək", – Sokolov bildirib.

Petrov xəbərdarlıq edib ki, Rusiyanın birliyi üçün əsas risk regionlarda deyil, Kremldə onların adından qəbul edilən qərarlardadır. Müharibə və beynəlxalq sanksiyalar səbəbindən mərkəzi hökumətin pulu tükəndikdə, milli-muxtar bölgələr yaşamaq üçün yeni yollar axtarmalı olacaq.

Qısası, Ukrayna müharibəsindən asılı olaraq tətbiq edilmiş beynəlxalq sanksiyalar Rusiyanın dağılmasını sürətləndirəcək. Bu, Sovet İttifaqının yenidənqurma prosesindən qaynaqlanan dağılması kimi olmasa da, gec-tez baş verəcək. Hətta milli respublikalarıa ayrılan vəsaitlər kəsilsə, proses daha da sürətlənəcək...

Siyasət rubrikasından digər xəbərlər