Mayın 21-də “The Grand Aparthotel”də Sea Breeze və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun məqsədi Sea Breeze Yaşıl İnnovasiya Mərkəzi təşəbbüsünə institusional dəstəyin göstərilməsi və onun inkişafının təmin edilməsidir.
Hafta.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində tərəflər davamlı inkişaf, yaşıl innovasiyalar, ekoloji maarifləndirmə, enerji səmərəliliyi, su resurslarının idarə olunması, aşağı karbonlu infrastruktur və ətraf mühitin modernləşdirilməsi kimi istiqamətlərdə təcrübə mübadiləsini həyata keçirəcəklər.
Ekoloji strategiya Sea Breeze-in əsas prioritetlərindən biridir. Hazırda layihə ərazisində yaşıllıq zonası təxminən 300 hektarı əhatə edir, 11 milyondan çox ağac və müxtəlif bitki növləri əkilib.
“COP29 bizə çox mühüm təcrübə qazandırdı. Bu istiqamətdə artıq müəyyən uğurlar əldə etmişik: tullantıların çeşidlənməsi, yaşıllıq sahələrinin artırılması, dayanıqlılıq və ekoloji uyğunluq üzrə fəal iş aparırıq. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlıq haqqında müqavilə imzalayaraq təcrübə mübadiləsini genişləndirmək, inkişaf etmək və hər gün daha ekoloji məsuliyyətli olmaq istiqamətində yeni addım atırıq”, — deyə “Sea Breeze” şirkətinin təsisçisi və sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib.
Təşəbbüsün konseptual və proqram çərçivəsi Firuzə Sultan-zadənin rəhbərlik etdiyi “EkoSfera” Sosial və Ekoloji Mərkəzinin ekspert qrupu ilə birgə hazırlanıb. Mərkəz təşəbbüsün ekspert və proqram tərəfdaşı qismində çıxış edərək tematik dizayn, ekspert koordinasiyası, proqram məzmunu, eləcə də təhsil, ictimai və ixtisaslaşmış formatlar üzrə dəstək göstərəcək.
Memorandumun imzalanması Azərbaycanın şəhər və kurort ərazilərinin gələcəyi üçün ekoloji innovasiyaların və davamlı həllərin təşviqinə yönəlmiş uzunmüddətli əməkdaşlığın inkişafında mühüm addım hesab olunur.