Şəhid ailələri və qazilər cəmiyyətimizin ən hörmətli rəğbətlə qarşılanan ayrılmaz hissəsidir – Millət vəkili

11:29 15.06.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin problemlərinin həlli dövlət üçün proritet məsələlərdən hesab edilir. Dövlət tərəfindən bu kateqoriyadan olan insanlara mütəmadi olaraq dəstək göstərilir və müxtəlif sosial layihələr icra olunur. Bununla bağlı ölkə Prezidenti dövlət orqanları qarşısında vəzifələr müəyyənləşdirir, lazımi tapşırıqlar verir, normativ hüquqi aktlar qəbul olunur, mövcud qanunvericilikdə dəyişikliklər edilir. Bu müqabildən olan şəxslərin sosial ödənişləri artırılır, mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində və digər praktik tədbirlər həyata keçirilir. Müharibədən sonra "YAŞAT" Fondu yaradılıb ki, bu da həmin müqabildən olan ailələri daim diqqətdə saxlayır, onlara dəstək tədbirləri həyata keçirir.

Qeyd edək ki, görülən tədbirlərin davamı olaraq bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Ümumilikdə isə 2021-ci ildə 3 min, 44 günlük Vətən müharibəsindən sonra isə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib. Bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə ümumilikdə 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Dövlət başçısının 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir. Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Cari il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.

Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Bu il müharibə əlillərinə 50, 44 günlük Vətən müharibəsindən sonra ümumilikdə 200, ümumilikdə ötən dövrdə 7400 avtomobil verilib. Bundan başqa, postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub. Həmçinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində qazilər tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də digər sosial reabilitasiya xidmətlərinə  cəlb ediliblər.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən millət vəkili Musa Qasımlı da bildirib ki, dövlətimiz şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərir: “Bu diqqət konkret formalarda təzahür edir. Şəhid ailələri və qazilər üçün mənzillər, evlər tikilir, onlara maşınlar verilir, bir çox sosial təminatları yerinə yetirilir. Onların övladlarının təhsilin müxtəlif dərəcələrində təhsil haqlarını dövlət özü ödəyir, bir sıra güzəştlər tətbiq edilir. Bu gün şəhid ailələri və qazilər cəmiyyətimizin ən hörmətli rəğbətlə qarşılanan bir ayrılmaz hissəsidir”.