Səudiyyə Ərəbistanında Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkən Türkiyə və Suriyada təbii fəlakət qurbanları üçün toplanan ianələrin məbləği 126,4 milyon dollara çatıb.
Hafta.az-ın yazdığına görə, bu barədə Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzinin Sahem Platformasının məlumatlarında deyilir. Qeyd edilib ki, "Sizin töhfələriniz Türkiyə və Suriyada zəlzələ qurbanlarının əziyyətini yüngülləşdirir" mövzusu ilə davam edən yardım kampaniyasına qatılan səudiyyəli donorların sayı 2 milyonu keçib. Daha dəqiq desək, toplanan ianələrin məbləği 474,8 milyon riala (126,4 milyon dollar) çatarkən, donorların sayı 2 milyon 30 min 561 olaraq qeyd olunub.
Qeyd edək ki, Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzi fevralın 7-də Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlər üçün vaxt məhdudiyyəti qoyulmadan yardım kampaniyasına başlayıb.
Səudiyyə Ərəbistanı ilkin olaraq Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 14 yardım təyyarəsi, konteyner evləri və axtarış-xilasetmə qrupları kimi yardımlar edib.