İtaliyanın keçmiş baş naziri və Forza Italia (FI) Partiyasının lideri Silvio Berluskoninin leykemiya diaqnozu qoyulduğu və kimyaterapiyaya başladığı iddia edilib.
Hafta.az-ın ANSA agentliyinə istinadən yazdığına görə, 86 yaşlı lider Milandakı San Raffaele xəstəxanasına aparılıb və hazırda reanimasiyada saxlanılır.
Berluskoninin vəziyyəti ilə bağlı xəstəxanadan açıqlama verilməsə də, İtaliya mətbuatında məşhur liderin hematoloji (qan xəstəlikləri) problemi olduğu və bunun narahatlıq doğurduğu bildirilib. Ürək-damar problemi və tənəffüs çətinliyi səbəbindən bir həftəlik fasilədən sonra yenidən xəstəxanaya müraciət edən Berluskoninin gecəni “sakit şəkildə keçirdiyi” qeyd olunub. Bildirilib ki, onun qardaşı Paolo, kiçik oğlu Luici və qızı Marina Silvio Berluskonini xəstəxanada ziyarət ediblər.
Bu arada, Berluskoninin partiyası FI-nin koordinatoru, eyni zamanda baş nazirin müavini və xarici işlər naziri Antonio Tajani SKYTG24-ə deyib: "Mən həkim deyiləm, ona görə də şərh verə bilmərəm. 50-60 yaşdan yuxarı insanlarda qan problemləri normaldır. Təşvişə ehtiyac yoxdur, amma təbii ki, həkimlərlə danışmaq lazımdır. Professor Alberto Zangrillo ilə danışdım. O, liderin vəziyyətinin sabit olduğunu söylədi".
"Rai" kanalına verdiyi açıqlamada Tajani Berluskoninin səhər saatlarında partiyasının yüksək rəhbərliyinə telefonla zəng etdiyini və tibbi vəziyyətinin həkim müşahidəsi altında olduğunu bildirib.
Berluskoni nəzarət məqsədilə martın 27-də San Raffaele Xəstəxanasına aparılıb və üç gün orada qaldıqdan sonra evə buraxılmışdı. Veteran siyasətçi daha əvvəl də 2022-ci ilin yanvarında San Raffaele Xəstəxanasına yerləşdirilmişdi və müayinələr üçün orada 8 gün qalmışdı.
1994-2011-ci illər arasında İtaliyada ən uzun müddət vəzifədə qalmış baş nazir olan Berluskoni 2020-ci ilin sentyabrında Kovid-19-a tutulub və iki həftəlik əziyyətli müalicə müddətindən sonra sağala bilib.