Siyasi qətllərlə sarsılan Ekvadorda “üzən həbsxanalar” gündəmdədir

09:50 24.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Prezident seçkilərinə günlər qalmış namizədin öldürüldüyü Ekvadorda seçkilərin birinci turu başa çatıb. İlk turda 23,5 faiz səslə təəccüblü şəkildə ikinci yeri tutan Daniel Noboa ölkədə zorakılıqla mübarizə üçün üzən həbsxanalar tikəcəyinə söz verib.

Hafta.az-ın yazdığına görə, antikorrupsiya namizədi Fernando Villavicencionun seçki kampaniyası zamanı öldürülməsindən sonra təhlükəsizlik müzakirələrinin gündəmdə olduğu ölkədə oktyabrın 15-də seçkilərin ikinci turu keçiriləcək.

İkinci turda mübarizə aparacaq adlardan biri olan Noboa, "Sərhədləri gücləndirməliyik və bu bölgələrdə əsgərlərimiz olmalıdır. Narkotiklərin çıxış nöqtəsi olan konteyner limanlarında da hərbi varlığı artırmalıyıq" deyib.

Həbsxana kimi istifadə ediləcək gəmilərin ölkənin ən məşhur cinayətkarlarından 300-400-ə qədərini qəbul edə biləcəyini ifadə edən Noboa, onların sahildən 130 kilometr uzaqda dayanacağını bildirib.

Layihə üçün bir gəminin dəyərinin 8 milyon dollar civarında olduğunu qeyd edən Noboa, "Terror yaradan və daha çox cinayət planı hazırlayan amansız cinayətkarları həbsxanadan təcrid etmək vacibdir. Hazırda cinayətkarlar həbsxanalarda əylənirlər. Bu cəfəngiyyatdır" deyib.

Ekvadorda prezidentliyə namizədin seçkiyə 11 gün qalmış öldürülməsi ilə bağlı nə məlumdur?

Ailəsinin təhlükəsizliyindən narahat olub-olmadığını soruşduqda Noboa cavab verib ki, heç bir ekvadorlu özünü təhlükəsiz hiss etmir.

Noboa seçki kampaniyası zamanı təhlükəsizlik siyasətlərini vurğulayaraq, 14,6 faiz səs toplayan namizəd Yan Topiçin ikinci turda onu dəstəkləyəcəyini bildirib.

Daniel Noboa oktyabrın 15-də keçirilən ikinci tur seçkilərində birinci turda səslərin 33,5 faizini toplayan Luisa Qonzaleslə rəqabət aparacaq.