Qlobal iqlim dəyişikliyi son 100-150 ildə planetin çox ciddi probleminə çevrilib.
Bu fikirləri hafta.az-a “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri, ekoloq, dosent Elman Yusifov deyib.
Onun sözlərinə görə, əslində bunun ətrafında alimlər indiyədək mübahisə edirlər. Bir qismləri deyir ki, bu ümumiyyətlə, planetin tsiklidir:
"Planetdə müxtəlif dövrlərdə Yerin istiləşmə, buzlaşma dövrləri olub, sonuncu üçüncü, dördüncü dövrlər olub və s. Digər alimlər isə hesab edirlər ki, mövcud vəziyyət sənayenin güclü inkişafı ilə bağlıdır və son 100 ilə təsadüf edir. Hər halda bu faktdır ki, iqlim dəyişkənliyi var və Azərbaycanda da özünü kəskin şəkildə ifadə edir. Mən peşəmlə əlaqədar olaraq bioloji müxtəlifliyi izləyirəm və son dövrlərdə də iqlim dəyişikliyinin Azərbaycanın bioloji müxtəlifliyinə təsirini qiymətləndirməyə çalışıram.
Tam səmimi deyirəm ki, son 20 ildə bizim buzlaqlar tamamilə əriyibdir. Ən böyük buzlağımız olan “Bazardüzü”, demək olar ki, yoxdur. Yüksək dağ göllərimizin səviyyəsi 1-2 metr aşağı düşüb. Su resursları azalır, nəticədə qurunt sularının səviyyəsinin aşağı düşməsi ilə meşələrin qurumasına gətirib çıxarır. Buxarlanmanın artması isə torpaqların münbitliyinə mənfi təsir göstərir, şoranlaşmaya, səhralaşmaya gətirib çıxarır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatlarında da aydın qeyd olunur ki, son 100 ildə Azərbaycanda orta illik temperatur, təxminən, 1-1,5 dərəcə artmışdır.
Bu, olduqca ciddi göstəricidir. İlk baxışdan adama elə gələ bilər ki, temperaturun 1 dərəcə artması ciddi nəticə deyil. Burada söhbət orta illik temperaturdan gedir. Yadımdadır ki, əvvəllər belə istilər 1 və ya 2 gün davam edərdi. İndi isə kəskin istilər həftələrlə davam edir, yəni problem çox böyükdür”.