Regionun geosiyasi mənzərəsi gərgin olaraq qalır. Nəhayət, 2023-cü ildə Azərbaycan bütün ərazilərində suverenliyini bərpa edə biləcəkmi? Aparılan danışıqlar nə dərəcədə sülh sazişinin imzalanmasına imkan yaradacaq? Azərbaycan hansı danışıqlar formatına üstünlük verəcək?
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı mövcud vəziyyətlə bağlı bir sıra məqamlara aydınlıq gətirdi. Dövlət başçısı 2022-ci ildə Ermənistanın səbəb olduğu təxribatlar barədə bildirdi:
«Mən ümid edirəm ki, artıq Ermənistan açıq-aydın dərk edir ki, bu təxribatların heç bir nəticəsi olmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bizim Ermənistan tərəfinə göndərdiyimiz siqnallar da ondan ibarət idi ki, siz bu vəziyyətlə barışmalısınız və kapitulyasiya aktına imza atmaqla faktiki olaraq bizim aramızdakı bu qarşıdurma başa çatmalıdır. Ancaq əfsuslar olsun ki, biz bunu görmədik, əksinə, Ermənistan həm Qarabağda, həm sərhəd istiqamətində öz planlarından əl çəkmədi və biz məcbur olub tədbirləri gördük, biz onlara xəbərdarlıq etmişdik. Eyni zamanda, avropalı tərəfdaşlarımıza da bildirmişdik ki, əgər biz təhlükə görsək, dərhal hərəkətə keçəcəyik. Hesab edirəm ki, o cümlədən ona görə də beynəlxalq aparıcı qüvvələrin reaksiyası bu hadisələrə adekvat olmuşdur. Yəni, bizi heç kim qınamamışdır, heç kim bizi günahlandırmamışdır. Çünki hər kəs görürdü ki, bu, toqquşmaların səbəbkarı biz deyilik.
Fərrux əməliyyatının əsas səbəbi təkcə o strateji yüksəklikləri nəzarətə götürmək deyildi, eyni zamanda, o yüksəkliklərdən bizim böyük ərazimiz atəş altında idi və orada bu gün də hələ mövcud olan qanunsuz erməni silahlı birləşmələri vaxtaşırı bizim tərəfə atəş açırdılar. Hətta Xaçınçay su anbarının təmiri də mümkünsüz idi. Yəni, ona görə Fərrux əməliyyatının keçirilməsi bu təhlükəni aradan götürdü və bu, bir çoxları üçün gözlənilməz olmuşdur, o cümlədən Ermənistan üçün və Qarabağda yuva salmış separatçılar üçün. Onlar hesab edirdilər ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt o ərazilərdə hər hansı bir əməliyyat aparmayacaq. Biz bu mifologiyanı da darmadağın etdik. Bu, bizim ərazimizdir və orada ciddi əməliyyat aparmamağımızın səbəbi ondan ibarət deyil ki, kimdənsə qorxuruq, sadəcə olaraq, biz hesab edirik ki, indi istədiyimizə siyasi yollarla nail olmalıyıq. Əfsuslar olsun ki, o, dərs olmadı və Sarıbaba, Qırxqız və digər istiqamətlərdə çox genişmiqyaslı minalama prosesi gedirdi. O minaların hamısı aşkarlandı və 2021-ci ilin Ermənistan istehsalı olan minalar ora necə gəlib çıxdı? Bax, bu suala bu günə qədər Rusiya sülhməramlı qüvvələri cavab verə bilmirlər. Nə cavab verəcəklər? Biz hətta onları da oraya dəvət etdik. Türkiyə-Rusiya Monitorinq Mərkəzinin nümayəndələrini dəvət etdik və göstərdik ki, gəlin baxın, ərazimizə necə keçib, kim daşıyıb, kim buna cavabdehlik daşıyır? Sarıbaba, Buzlux, Qırxqız əməliyyatları, o cümlədən “Qisas” əməliyyatı ona görə idi ki, ermənilər bizim hərbçimizi qətlə yetirmişdilər, şəhidimiz olmuşdu və bir daha gücümüzü göstərməli olduq. Hesab edirdik ki, nəhayət bu, dərs olacaq, yenə də dərs olmadı və sentyabr toqquşmaları qaçılmaz olmuşdu.
Mən indi ümid edirəm ki, bundan sonra belə hallar olmayacaq. Çünki son bir il ərzində - mart ayından bəri biz 3 dəfə göstərdik ki, heç kim bizim qabağımızda dura bilməz və istədiyimizə nail oluruq və hər hansı bir erməni havadarı onların yardımına yetişə bilməz. Bu, birincisi. İkincisi, həm Azərbaycan-Ermənistan sərhədi istiqamətində, eyni zamanda, Qarabağ istiqamətində nəzarətdə olan yüksəkliklər bizə çox böyük strateji üstünlük təmin edir. Çünki mən bunu demişəm, artıq vizual müşahidə bizə imkan verir ki, istənilən təhlükəni bəri başdan görək və onun qarşısını alaq. Hesab edirəm ki, artıq 3 dəfə belə hərbi və siyasi uğursuzluğa düçar olmuş Ermənistan anlayacaq ki, sülh müqaviləsi qaçılmazdır. Onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, iradə tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq.
Yenə də demək istəyirəm, bizim üçüncü müharibəni başlamaq fikrimiz yoxdur. Bizi bu işdə günahlandıranlar, sadəcə olaraq, ya erməni təbliğatının qurbanları olublar, ya da ki, bizə qarşı yenə də uydurma və böhtan kampaniyası aparmaq istəyirlər. Onu da deməliyəm ki, indi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq. Amma bu, bizi dayandırmayacaq. Ona görə mən hesab edirəm və ümid etmək istəyirəm ki, 2022-ci il İkinci Qarabağ müharibəsinin real sonu olacaq və bu il belə hadisələr baş verməyəcək. Mən yenə də deyirəm, əgər görsək ki, bizə qarşı hər hansı bir təhlükə varsa və Ermənistan öz havadarları ilə bizə qarşı hansısa təxribat planlaşdırırsa, biz dərhal əlimizdə olan bütün imkanlarla bu təhlükəni aradan götürəcəyik və bəri başdan onları və onların arxasında dayananları da xəbərdar edirik».
Hərbi ekspert Elxan Şıxəliyev hesab edir ki, 2023-cü il siyasi dialoqlar fonunda daha gərgin keçəcək. O bildirib ki, 2023-cü ildə də Azərbaycan əsas strateji hədəflərinə çatmaq üçün işlərini davam etdirəcək:
“Birinci növbədə qeyri-qanuni erməni birləşmələri bölgədən çıxarılmalı, Laçın yolu nəzarətə götürülməli, sərhədin delimitasiya, demorkasiyası həyata keçirilməli, Zəngəzur yolu açılmalıdır”.
Ekspert hesab edir ki, bu 4 əsas strateji istək həyata keçmədikcə, biz bölgədə istənilən zaman vəziyyətin gərginləşməsini gözləyə bilərik:
“Bunun baş verməməsi üçün siyasi dialoqlar olmalıdır. Ya sülh sazişi masaya qoyulmalımalı, ya da çərçivə sazişi imzalanmalıdır. Ermənistan sülh sazişinin bağlanmasında maraqlı görünmür, ikili siyasət oynamaqda davam edir, hiyləgərcəsinə vaxtı uzadır. Belə güman edir ki, Rusiya Ukrayna müharibəsində uduzarsa, Qərbin ağuşuna sığına bilər. Ermənistan düşünür ki, Rusiyanın forpostundan çıxıb müstəqil qərar vermiş olsa, Avropada onları dəstəkləyən ölkələrin verdikləri mesajlar fonunda bu siyasi dialoqdan qazanclı çıxa bilər. Ona görə də Paşinyan ikili oyunlarını davam etdirir. Qorxur ki, Azərbaycanın təklif etdiyi 5 baza prinsipi ilə masaya otursa, öz hakimiyyətini qoruya bilməyəcək. Ona görə hər dəfə də danışıqları pozur”.
Ekspert hesab edir ki, üçtərəfli bəyanatın Ermənistan və Rusiya tərəfindən icra olunması və sair həllini gözləyən məsələlər qaldığına görə 2023-cü ildə də sülh sazişinin bağlanması yönündə danışıqlar davam edəcək:
“Yaxın 30 ildə Ermənistanın sülhə gəlməməsi nəticəsində hansı vəziyyətə düşdüyünü hamı gördü. Ermənistan aparılan danışıqlarda düzgün siyasi iradə nümayiş etdirməsə daha ağır duruma düşəcəyi qaçılmazdır”.
Danışıqların üçtərəfli qaydada baş tutacağını proqnozlaşdıran ekspert məhz bu fonda da gərginliyin artacağını istisna etməyib: “Erməni silahlıları Qarabağda öz terror əməllərindən əl çəkməyəcəklər. Eləcə də erməni hərbçiləri sərhəddə atəşkəsi pozacaqlar. Azərbaycan özünün təhlükəsizliyini təmin etmək üçün terrorçuları ya ərazidən çıxarmalı, ya da da məhv etməlidir. 2022-ci ildə bu istiqamətdə bir sıra əməliyyatlar oldu. Bu il də bu cür əməliyyatların keçirilməsi mümkün görünür. Revanşist qüvvələr hələ də Qarabağdan çıxmayacaqlarını, döyuşəcəklərini, vuruşacaqlarını deyirlər. Azərbaycan bütün ərazilərində özünün hüququnu həll etməlidir ki, inteqrasiya başlasın. Ermənilər ən pis variant – müharibəni seçirlər. Ona görə də lokal toqquşmalar qaçılmazdır.
Siyasi şərhçi Azər Hüseynov bildirib ki, Azərbaycan 2023-cü ildə dəyişən geosiyasi situasiyaları nəzərə almalıdır. O, hesab edir ki, xüsusilə Rusiyanın xarici siyasəti, eyni zamanda onun beynəlxalq durumu analiz edilməlidir.
“Rusiyanın başı digər problemlərə qarışdığı zaman Qarabağ məsələsində separatçılarla bağlı kəskin addımlar atılmalıdır. Türkiyə ilə əlaqələr daha da dərinləşdirilməli, bütün sahələr üzrə əməkdaşlıqlar geniş yayılmalıdır. Hərbi-texniki və digər sahələr üzrə koordinasiya mərkəzləri qurulmalıdır. Eyni zamanda, türk dünyası ölkələri ilə münasibətlər genişləndirilməlidir. Bu şəbəkənin getdikcə daha real status kəsb etməsi üçün fəaliyyət göstərilməlidir. Eyni zamanda Qarabağla bağlı türk dövlətlərinin mövqelərinin sərtləşdirilməsi üçün işlər görülməlidir. Ən əsası, diasporalarla iş gücləndirilməlidir. Azərbaycan Qarabağ həqiqətlərini inandırmaq üçün dünya ölkələrinə hərtərəfli məlumat verməlidir”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, 2023-cü ildə Azərbaycan üçün əsas məsələ Zəngəzur dəhlizinin açılması, Ermənistanla sülh müqaviləsinin imzalanması və Xankəndidə Azərbaycanın suverenliyinin bərpa edilməsidir ki, bu istiqamətdə mühüm addımlar atılmaqdadır.
M.Əsədullazadə bildirib ki, nə Rusiya, nə də Ermənistan tərəfi Laçın-Xankəndi yolunda keçirilən aksiyalarda real addımlar atır. Onun fikrincə, Azərbaycan bu proseslərə Laçın yolunda nəzarət post-patrul xidmətləri yaratmaqla cavab verə bilər: “Bu mövqedən qəti şəkildə geri çəkilmək olmaz. Danışıqlar prosesi dalana dirənib. Ermənistan tərəfi təxribatlara əl atır və bölgədə müharibəyə səbəb ola bilər”.
Ekspert hesab edir ki, ABŞ ikitərəfli danışıqlarda əsas vasitəçi olacaq və çalışacaq ki, tərəflər arasında görüşlər Tiflisdə keçirilsin. “Gürcüstan danışıqların aparılması üçün əsas plasdarmdır və Ermənistan tərəfi də buna razılıq verə bilər”.
Siyasi şərhçi Aydın Quliyev isə hesab edir ki, hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ən mürəkkəb, ziddiyyətli, sabahı proqnozlaşdırılması çətin olan bir mərhələyə daxil olub. Onun fikrincə, bu mərhələdəki proseslər hələ Vətən Müharibəsindən əvvəlki dövrdə “Dağlıq Qarabağ münaqişəsi”nin həllinə yönəldilmiş danşıqlardan da mürəkkəb və çətindir.
“Vətən müharibəsinə qədər Qarabağ münaqişəsinin həlli prosesində mövcud olan formatlar aydın idi. Əvvəl keçmiş Minsk qrupunun həmsədrlik strukturunda işləyən ölkələr mənafe və maraqlar baxımından bir-birinin əksinə olsalar da, danışıq formatları – Madrid, Praqa, Kazan görüşləri bir-birindən o qədər də fərqlənmirdi. Bu gün danışıqlar formatı çoxşaxəlidir. Təəssüf ki, Vaşinqton, Moskva, Brüssel formatından danışmağa məcburuq. Bu formatlarda gedən müzakirələr mahiyyətcə bir-birindən kəskin şəkidə fərqlənir. Ortada yeganə aydın olan məsələ bundan ibarətdir ki, oyunpozanlıq və qızışdırıcılıqla tərəf saxlamaqla məşğul olan Fransa proseslərdən kənarlaşdırılıb. O, nə qədər cəhd göstərsə də, prosesə müdaxilə edə bilmir”.
A.Quliyev qeyd edib ki, sülh danışıqları formatları içərisində nisbətən obyektiv və məqsədyönlü olan Vaşinqton formatıdır. Vaşinqton formatı Qarabağın Azərbaycanın tərkibində saxlanması məsələsini əsas götürür. Eyni zamanda ikitərəfli dialoq məsələsini önə çəkir. Moskva formatı isə indiki şəraitdə nə sülh müqaviləsinin imzalanmasına, nə də başqa ölkələrin, başqa danışıq formatlarının bu prosesdə üstünlük qazanmasını istəmir. Moskva indiyədək Azərbaycanla Ermənistan arasında birbaşa dialoqun baş tutmasına maneçilik törədib. Moskva sülh sazişinin imzalanmasında, eləcə də digər mübahisəli məsələlərin həllində maraqlı deyil. Rusiya açıq şəkildə prosesin uzanmasını istəyir. Ona görə də danışıqlar formatlarının gələcəkdə uzlaşması görünmür. Moskva, Brüssel, Vaşinqton formatları 2023-cü ildə də siyasi iddialarını ortya qoymaqda davam edəcək. Moskvanın isə buna birbaşa razı olmayacağı bəllidir. Nə qədər ki, üç format ortadadır, 2023-cü ildə də Azərbaycan üçün çox vacib sayılan sərhədlərin dəqiqləşməsi və sülh sazişinin imzalanması reallığını çətin ki, görə bilək”.
A.Quliyev 2023-cü il üçün Azərbaycanın aydın, konkret strategiyasının olduğunu mühüm amil kimi önə çəkib. Onun fikrincə, sülh sazişi və sərhədlərin delimitasiyası ilə bağlı müsbət perspektiv gözlənilməsə də, Azərbaycanın görəcəyi ən mühüm iş indiyədək əldə olunmuş diplomatik uğurların inkişaf etdirilməsi və müharibədənsonrakı reallıqların, xüsusilə də sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması ilə bağlı haqlı mövqeyini bütün dünyaya bir daha sübut etmək və inandırmaqdır.
“Yəqin ki, 2023-cü ildə ikirtərəfli danışıqların gerçəkləşməsi Azərbaycanın əsas hədəflərindən biri olacaq. Danışıqların hansı ölkədə keçirilməsi o qədər də önəmli deyil. Harada olursa-olsun, onəmli olan kimin əsas məsələlərin həllinə nə dərəcədə hazır olmasıdır. Azərbaycan bu məsələlərin həllində ən maraqlı, aydın niyyətləri olan tərəfdir. Nə Ermənistan, nə də Rusiya sülh sazişi, sərhədlərin dəqiqləşdirilməsində maraqlı deyil. O ki qaldı, ABŞ və digər oyunçuların yanaşmasına, onların da mövqeyi bəlli geosiyasi maraqların təsiri altında Rusiya tərəfindən qəbul olunmadığına görə, həmin paytaxtlarda da keçiriləcək danışıqların ciddi nəticə verəcəyi gözlənilmir. Bu labirintə oxşayan vəziyyətdən çıxış yolu Rusiya-Ukrayna məsələsindən asılı olacaq. Əgər 2023-cü ildə Ukraynada proseslər aydınlaşarsa, müharibənin sona çatacağı görünərsə, artıq Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşacağına dair tərpənişlərin şahidi ola bilərik”.