Sülhməramlıların fəaliyyətinə vaxtından əvvəl xitam verilməlidir - Sərdar Cəlaloğlu

18:28 13.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Demokrat Partiyası (ADP) rus sülhməramlılarının dəstəyi ilə baş verən bu hərəkətləri qətiyyətlə pisləyir. Bu, əldə olunmuş üçtərəfli sazişin tələblərinin ciddi şəkildə iqnor edilməsi, ölkəmizin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün, suverenliyinin kobud şəkildə pozulmasıdır. ADP hakimiyyəti ictimai fəalların təşkil etdiyi aksiyanı dəstəkləməyə, bu aksiyanın təsirli, davamlı olması üçün daha geniş, etibarlı şərait yaratmağa, baş verə biləcək müqavimətə qarşı hərbi hazırlıqlar görməyə çağırır”.

Bunu hafta.az-a ADP sədri Sərdar Cəlaloğlu erməni separatçılarının Qarabağ ərazisində yerləşən qızıl və molibden yataqlarının qeyri-qanuni istismar edilməsinə qarşı ölkə QHT nümayəndlərinin Laçın yolunda keçirdiyi aksiya ilə bağlı açıqlamasında bildirib.

Partiya sədri qeyd edib ki, son vaxtlar Azərbaycanın yurisdiksiyasına daxil olan ərazilərimizdə erməni silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin tələblərinə məhəl qoymadan ardıcıl olaraq atəşkəs rejimini pozub hərbi təxribatlara əl ataraq sərhədlərimizi pozmağa cəhdlər göstəriblər. Azərbaycan dövlətinin etdiyi xəbərdarlıqlara baxmayaraq sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimzdə yerləşən zəngin yataqlarımızı istismar və talan etməkdən geri durmayıblar.

S.Cəlaloğlu bildirib ki, bu cür aksiyalar davamlı və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək səviyyədə keçirlməlidir. O, xalqımızı Qarabağın hər qarışının yurisdiksiyamıza qayıtması naminə fədakarlığa hazır olmağa, qəhrəman ordumuza hər cür dəstək verməyə çağırıb.

Partiya sədri eyni zamanda qeyd edib ki, rus sülhməramlı kontingentin öz missiyasını tam yerinə yetirmədiyi, erməni silahlı qüvvələrini ərazimizdən çıxarmadığı, ermənilər tərəfindən Azərbaycana məxsus yataqların istismarına son qoymadığı halda sülhməramlıların fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi üçün hakimiyyət bütün vasitələri işə salmalıdır.

Siyasət rubrikasından digər xəbərlər