“Şvabe ikilistandartlı siyasətin tərənnümçüsüdür” - Rəy

11:51 14.09.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycana qarşı qərəz, aqressiya ilə çıxış edən AŞPA deputatı təmsil olunduğu qurumun ikilistandartlı siyasətinin tərənnümçüsüdür. AŞPA-da olan bir çox dövlətlərin nümayəndələri uzun illərdir Azərbaycana qarşı edilən haqsızlığı görməmək üçün özlərini korluğa, lallığa qoyublar”.

Bunu hafta.az-a siyasi təhlilçi Emin Həsənli almaniyalı deputat Frenk Şvabenin Azərbaycanı insan hüquqlarının pozulması, siyasi məhbuslar məsələsi ilə bağlı günahlandırması ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, insan haqlarından, hüquqdan danışıb öhdəlik tələb edən bu qurum, 30 il Ermənistanın törətdiyi işğala, soyqırımına, dağıntılara göz yumdu.

“Haqqı tanımayan avropalı deputatın bizdən hüquq, haqq tələb etməyə mənəvi haqqı yoxdur. Ən ağır cinayətləri, separatizm, terroru törədənlər, 1 milyon insanımızın öz yurdundan didərgin salan, yaşamaq, mülkiyyət hüququndan məhrum edənlər, soyqırımda əli olanlara qarşı heç bir tədbir görmədilər. Ona görə də AŞPA-nın, digər qurumların nə qədər ədalətli olduğunu bilirik. Bütün bunlar Azərbaycanın müstəqil siyasət yürütməsi, öz torpaqlarını işğaldan azad etməsi ilə bağlıdır. Bu təşkilat Azərbaycanı ələbaxan etmək üçün çabalasa da, real vəziyyəti, Azərbaycanın regionun ən güclü dövləti olaraq müstəqil siyasət yürütdüyünü düzgün qiymətləndirə bilmirlər”.