Tanınmış tarixçi-alim məktəblilərə ustad dərsi keçib

22:37 20.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli Heydər Əliyev adına Müasir Təhsil Kompleksində “Qalib xalq adını özümüzə qaytaran böyük tarixi qələbə” mövzusunda ustad dərsi keçib.

“Azərbaycan Tarixçiləri” İctimai Birliyindən (ATİB) verilən məlumata görə, ustad dərsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ATİB-in birgə təşkilatçılığı ilə reallaşıb.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova tədbiri açaraq qeyd edib ki, məktəblərdə ustad dərslərinin keçirilməsi çox əhəmiyyətlidir.

Müəllim və şagirdlərin çoxsaylı suallarını cavablandıran tarixçi-alim Güntəkin Nəcəfli və ATİB-in sədri Mehri Xanbabayeva deyiblər ki, Azərbaycan xalqı 5 min illik dövlətçilik tarixinə malikdir. Xalqımız orta əsrlərin böyük dövlətlərini – Eldənizlər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar imperiyalarını yaradıb.

“Erməni təcavüzkarları keçmiş İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yurd yerlərimizdə olduğu kimi, Qarabağda da Azərbaycan toponimlərini erməniləşdirməyə başlamışdılar. Qondarma “Dağlıq Qarabağ Respublikası” parlamentinin qərarları ilə 120-dən çox azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdi. Amma Prezident İlham Əliyev 2020-ci ildə ilk dəfə olaraq ermənilərin 100 ildən çox davam edən vandalizm ssenarisini darmadağın edərək tarixi zəfər qazandı. Ölkə başçımız Vətən müharibəsinin gedişindəcə Azərbaycanın işğaldan azad edilən ərazilərinin tarixi adlarını bərpa etməyə başladı və o, Madagizi Suqovuşan, Vəngi Çinarlı, Tsakurini isə Hünərli adlandırdı”, - deyə G.Nəcəfli qeyd edib.

Sonda Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, akademik Yaqub Mahmudovun yeni çapdan çıxan “Qalib xalq adını özümüzə qaytaran böyük tarixi qələbə” adlı əsəri tədbir iştirakçılarına paylanılıb.

Qeyd edək ki, tədbirdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova və 132-134 nömrəli Təhsil Kompleksinin müəllimi Leyla Əliməmmədova da iştirak ediblər.