Tehran əhalisinin yarıya qədəri Azərbaycan türkləridir - Politoloq

13:54 29.11.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“İrandakı hadisələrin necə cərəyan edəcəyi daxili siyasi konyukturadan, pərdəarxası gedən mübarizənin nəticələrindən asılı olacaq.  Bəs bunun Cənubi Azərbaycanda hansı təzahürləri mümkündür? Düşünürəm ki,  bu, müəyyən mənada, Cənubi Azərbaycana və İranın digər milli-etnik bölgələrinə, xalqlarına  münasibətdə bir yumşalma ilə nəticələnə bilər”.

Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu hafta.az əməkdaşının “İrandakı son baş verən qanlı iğtişaşların yaxın zamanlardakı perspektivini necə görürsünüz? Konkret olaraq Güney Azərbaycanda bundan sonra nələr baş verə bilər?” sualını cavablandırarkən söyləyib.

Siyasi analitik hesab edir ki, məsələyə real siyasət  və geo-siyasət prizmasından yanaşdıqda Cənubi Azərbaycanın yaxın vaxtlarda İrandan ayrılıb müstəqilləşəcəyi haqda danışmaq hələ tezdir.

“Cənubi Azərbaycanın İrandan qopacağı və ya qoparılacağı, onun müstəqilliyinin elan ediləcəyi və s. kimi məsələlər hələki gündəmdə görünmür. Və o da var ki, Cənubi Azərbaycan əhalisi arasında da İranı öz dövləti sayanlar qat-qat çoxdur, nəinki İrandan ayrılmağın tərəfdarı olanlar. Yeri gəlmişkən, İran azərbaycanlılarının, yəni Cənubi Azərbaycan əhalisinin, - amma İran azərbaycanlılarının desək, daha dəqiqi olar,- təxminən 40-45 faizi coğrafi Azərbaycan ərazisində yaşayır. Digərləri, yəni 55-60 faizi isə qeyri-Azərbaycan ərazilərində yaşayır. O cümlədən Tehran əhalisinin yarıya qədəri Azərbaycan türkləridir.  Həmçinin digər tarixi fars şəhərlərinin çoxunda xeyli sayda azərbaycanlı yaşayır. Mən müxtəlif kənar mənbələrə istinad etmək istəmirəm, sadəcə, keçmiş Tehran rəsmisinin dilə gətirdiyi bir rəqəmi xatırladıram. Vaxtilə İranın xarici işlər naziri olmuş Cavad Zərifin dilindən belə bir fakt səslənmişdi ki, İran əhalisinin 40 faizi türkdillidir, yəni türkcə danışanlardır. Düzdü, İranda digər azsaylı türk xalqları olsa da, burda söhbət əsasən Azərbaycan türklərindən gedir. Ancaq onların, dediyim faizi nəzərə alsaq, cəmi 14-15 milyonu inzibati Azərbaycan ərazilərində: Güney və Qərbi Azərbaycanda yaşayır. Belə olduğu halda sual olunur ki, yaxşı, tutaq ki, bu iki ostan İrandan ayrıldı, bəs o halda həmin ölkənin digər regionlarında yaşayan Azərbaycan türklərinin taleyi necə olacaq. Bax, arada bu kimi məsələlər var. Bu və başqa səbəblərdən də mən  bir çox İrandan gəlmiş və ya hazırda xaricdə yaşayan cənubi  azərbaycanlılarla söhbət etmişəm. Onların böyük əksəriyyəti əsla İrandan ayrılmaq fikrində deyil, əksinə, İranı özünün dövləti bilir və o dövləti idarə etmək iddiasındadırlar. Mən də hesab edirəm ki, bu yanaşma daha rasional, daha siyasi yanaşmadır” -deyə Ərəstun Oruclu vurğulayıb.

Oxunma sayı 1545
Siyasət rubrikasından digər xəbərlər