“Tehran erməni “cəbhəsindən” Azərbaycana qarşı səngərdə durur” - Açıqlama

18:11 23.12.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Tehran ilk olaraq Qafanda konsulluq açmaqla, eləcə də ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin açıqlaması ilə açıq düşmənçilik siyasətinin formasını dəyişdi”.

Bunu hafta.az-a hüquqşünas Vüqar Dadaşov İranın Azərbaycana münasibətində dəyişən nüanslarla bağlı açıqlamasında bildirib.

O, İran ilə Azərbaycan Respublikası arasında vertikal xətt üzrə yüksələn gərginlik, molla-fars rejiminin Azərbaycana qarşı genetik düşmənçiliyini açıq müstəviyə keçirməklə daha da sürətləndirən məsələlərə diqqət çəkib. Onun sözlərinə görə, rəsmi Tehran Azərbaycana münasibətdə ənənəvi təhdid, hədə-qorxu ritorikasını keçirdiyi növbəti gülünc hərbi təlimlərlə daha da təsirli etməyə çalışdı. Ancaq Azərbaycan adekvat cavabları ilə molla-fars rejiminin Azərbaycana münasibətdə özü üçün elan etdiyi "qəbuledilməz" nəticələri gördü. Vəziyyətin tamamilə nəzarətdən çıxacağı ehtimalının yüksək olmasını görən rəsmi Tehran, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün, ali dini rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin timsalında açıqlama verdi. “Əgər Azərbaycan bir gün hansısa xarici ölkənin hücumuna məruz qalarsa, İran dəstək üçün Azərbaycanın yanında olacaq. Azərbaycan xalqı bizim gözümüzün nurudur”- deyə bildirdi. Bu açıqlama az da olsa iki ölkə arasında gərginliyi azalda bildi.

V.Dadaşov hesab edir ki, Tehran Azərbaycan dövlətinə, xalqına qarşı həmişəki kimi, səmimi deyil və ənənəsinə uyğun olaraq riyakar siyasətini davam etdirir. 

“Çox keçmədi ki, İran Azərbaycana, rus sülhməramlıların məsuliyyət zonasına, Xankəndinə Azərbaycan xalqının, ordusunun qəsdinə iki ekipaj terrorçu dəstəsini göndərməyi faktı ilə ifşa olundu. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin, aktivistlərin Laçın - Gorus yolunda ermənilərin onların havadarları ilə birlikdə Azərbaycanın təbii sərvətlərinin talanmasına qarşı keçirdiyi aksiyaları eyni ilə ermənilər kimi təqdim edir və Azərbaycanın təklənməsinə çalışır.

Onun sözlərinə görə, aksiyanın erməni havadarları tərəfindən "blokada", "humanitar fəlakət" kimi təqdim etməyə çalışıldığı bir zamanda Tehran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin - "İran Laçın dəhlizinin blokunun açılması məsələsinin dialoq və sülh yolu ilə tezliklə həll olunacağına ümid edir"- deyərək verdiyi açıqlama Azərbaycana qarşı ancaq barışmaz düşmənçiliyin göstəricisidir.

“Maraqlısı odur, rus sülhməramlıları məsuliyyət zonasında  Xankəndidə və ətraf ərazilərdə ermənilərlə azərbaycanlılar arasında gərginliyə maraqlı olan Rusiya belə dəhlizin bağlanmadığını bildirir. Bu gün də, Rusiya XİN -nin sözçüsü M. Zaxarova da məsələ ilə bağlı açıqlama verdi. Bir neçə gün bundan əvvəl BBC kimi  informasiya nəhəngi, Beynəlxalq Qırmızı Xaç Komitəsi də Laçın yolunun bağlanmamasını əks etdirən görüntü yayımlayıb. İran isə faktların tamamilə əksinə olaraq erməni cəbhəsindən Azərbaycana qarşı səngərdə durur, daha doğrusu durmaqda davam edir.

İran Azərbaycana, xalqına, türk etnosuna qarşı genetik düşmənçiliyindən əl çəkən deyil, doğrusu, Cənubi Azərbaycan faktoruna görə bütövlük təhlükəsi  bu düşmənçiliyi təbii və məcburi edir. Ona görə də Tehranın nə vaxtsa Azərbaycana, azərbaycanlılara qarşı münasibətinin dəyişəcəyini gözləmək sadəlövhlükdür”.

Siyasət rubrikasından digər xəbərlər