Bu istiqamətdə büdcəsi bir milyon manat təşkil edən yeni qrant müsabiqəsi elan olunub
Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” elan edib. Nazirlikdən hafta.az-a verilən məlumata görə, müsabiqə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər” əsasında layihə təkliflərinin qəbulu, texniki ekspertiza, məzmun ekspertizası, qaliblərin elan edilməsi mərhələləri üzrə keçiriləcək. Belə ki, müsabiqə “fərdi” və “ümumi təhsil müəssisələri” kateqoriyaları üzrə keçiriləcək. Müsabiqə fondunun büdcəsi bir milyon manat təşkil edir. Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 01.03.2021-01.04.2021 tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək.
Müsabiqə aşağıdakı mövzuları əhatə edir:
1) İstedad və yaradıcılıq meyillərinə görə təhsilalanların kurikulumdan kənar bilik və bacarıqlarının formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: təhsilalanların müxtəlif müsabiqə, olimpiada, yarış, festival, sərgilər və s. üçün hazırlaşdırılması və onlarda iştirakın təmin edilməsi; STEAM, veb-dizayn, kodlaşdırma, 3 ölçülü çap, qrafik dizayn, animasiya, robototexnika, leqo, incəsənət, rəqs, ictimai nitq, debat, peşə seçimi, iqtisadi və maliyyə savadlığı və s. öyrədən dərnəklərin, klubların təşkili; Xarici dil bilən təhsilalanların Coursera, Udemy, edX, Duolingo və bu kimi beynəlxalq onlayn öyrənmə platformalarındakı ödənişsiz və ya ödənişli kurslarda iştirakının təmin edilməsi).
2) Pedaqoji işçilər üçün metodik dəstəyin təkmilləşdirilməsi, məktəbdə öyrədici mühitin formalaşdırılması (mövzunun əhatə etdiyi istiqamətlər: inklüziv təhsil, məsafədən təhsil, oyun əsaslı təlim, layihə əsaslı təlim, problem əsaslı təlim, tətbiqlər (app-lər) vasitəsilə təlim və s. üzrə məktəbdaxili və məktəblərarası metodik və mentorluq xidmətlərinin təkmilləşdirilməsi; müəllimlərin ölkədaxili və ölkəxarici həmkarları (əsasən xarici dil müəllimləri) ilə əməkdaşlığının qurulması və şagirdlərə dərslərin birgə distant tədrisi; Xarici dildə mövcud olan açıq öyrədici əlavə resursların (kitabların) Azərbaycan dilinə tərcüməsi, adaptasiyası və məktəbdə tətbiqi; sinif otaqlarının və fənn kabinetlərinin uyğun resurslarla (şagirdlərlə birlikdə hazırlanmış resurslar, satın alınmış cihaz və qurğular) təminatına dəstək; və s.).
3) Təhsilalanların məsafədən təhsilə əlçatanlığının təmin olunması (mövzunun əhatə etdiyi istiqamətlər: məsafədən təhsil üçün texnoloji avadanlıqlarla (internet, kompüter və digər İKT vasitələri ilə) təchiz olunmuş fərdi tədris məkanlarının (məktəbdə) yaradılması və pandemiyanın sanitar-gigiyena normaları nəzərə alınmaqla məsafədən təhsilə qoşula bilməyən təhsilalanların istifadəsinə verilməsi; təhsilalanların məsafədən təhsilə qoşulması üçün motivasiya sisteminin yaradılması və tətbiqi.)
4) Fiziki və psixososial sağlamlığın qorunması, təhlükəsizlik, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliği (mövzunun əhatə etdiyi istiqamətlər: sağlam həyat tərzi, düzgün qidalanma, zərərli vərdişlərdən qorunma, fiziki-psixoloji zorakılıqdan və qısnamadan (o cümlədən, virtual aləmdə) müdafiə, valideynlərin iştirakı ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması, həssas qruplara mənsub olan təhsilalanların (sağlamlıq imkanları məhdud, aztəminatlı, miqrant və readmissiya edilmiş ailələrdən olan təhsilalanlar və s.) sosial inklüziyası, Dayanıqlı İnkişaf Məqsədləri, yol hərəkəti, fəlakət riskləri, fövqəladə hallar, mina təhlükəsizliyi, ətraf mühitə qayğıkeş münasibət, milli təəssübkeşlik, vətənpərvərlik, əməksevərlik, tolerantlıq, davranış qaydaları və s. məsələlərə yönəlmiş layihələr; təhsilalanların məktəb icmasında mövcud olan sosial-ictimai problemlərin həllində iştirakı; öz məktəb tarixinin (məktəb məzunu olmuş şəhidlər, qazilər, məşhur şəxslər və s.) araşdırılması və tanıdılması və s.).
5) Məktəb idarəetməsinin təkmilləşdirilməsi (mövzunun əhatə etdiyi istiqamətlər: mütərəqqi məktəb idarəetmə modellərinin və ya onun elementlərinin məktəbdə tətbiqi; məktəbdaxili qiymətləndirmə, təhsilalanların attestasiyası, milli və beynəlxalq qiymətləndirmə (TIMSS, PISA və PIRLS və s.), fənn müsabiqələri, olimpiadaların nəticələrinin idarəetmə baxımından təhlili, məktəbin zəif cəhətlərinin müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə tədbirlər planı əsasında fəaliyyət; məktəblərarası təcrübə mübadiləsi (“Qardaşlaşmış məktəblər”, “Bölgələrdən bölgələrə” və s. təşəbbüslər) layihələrinin həyata keçirilməsi və s.)
Müsabiqədə iştirak üçün şərtlərə gəlincə, “ümumi təhsil müəssisələri” kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə iştirak edə bilər. “Fərdi” kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilər. Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. Bundan başqa, təhsildə inkişaf və innovasiyalar üzrə əvvəlki qrant müsabiqələri çərçivəsində maliyyələşdirilmiş və 01.04.2021 tarixinədək icrası başa çatmamış yaxud yekun hesabatı təqdim edilməmiş layihələrin resipiyentlərinin müsabiqədə iştirakına yol verilmir.
Müsabiqəyə təqdim olunan qrant layihəsinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalı və icrası 2021-2022-ci tədris ili ərzində həyata keçirilməlidir.
Layihənin məbləği “ümumi təhsil müəssisələri” kateqoriyası üzrə yüz min, “fərdi” kateqoriya üzrə on min manatdan çox olmamalıdır.
Xatırladaq ki, 2017-ci ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsi çərçivəsində 648-i “fərdi”, 204-ü “ümumi təhsil müəssisələri” kateqoriyası üzrə olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təqdim edilən layihələrdən “fərdi” üzrə 136, “ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 47 layihə qalib olub və onların bir qisminin icrası ötən il tamamlanıb. “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsi çərçivəsindəki layihələrin təmsil etdiyi şəhər və rayonların ilk onluğuna Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllı daxil olub.
əhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, yenilikçi ideyalarla Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən əməkdar müəllim Almaz Həsrət hesab edir ki, bu kimi layihələr bir çox yaradıcılığı və yenilikçiliyi ilə seçilən təhsil işçilərinin potensiallarının aşkara çıxarılmasına yol açan yeni stimuldur: "Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu müsabiqə həm məktəblərin, həm də müəllimlərin uğurlu inkişafın ciddi təkan verir. İki kateqoriya üzrə keçirilən qrant müsabiqələri həm ümumi təhsil müəssisələri və həm də fərdi layihələr üzrə nəzərdə tutulduğundan, müəllimlərin bacarıqlarının artmasına və işlərində yeni dönüşün yaranmasına çox dəstək olur. Bu arada daha yüksək bacarığa, biliyə, layihə hazırlama səriştəliliyinə, yenilikçiliyə malik olan təhsil işçiləri öz potensiallarını qazandıqları qrantların sayəsində reallaşdıra bilirlər. Ümumi təhsil müəssisəsində çalışanların bu müsabiqədə iştirak edə bilməsi eyni zamanda, dövlətin müəllimlərə əlavə diqqət və qayğısı kimi dəyərləndirməlidir”.
Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib ki, bu qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir:
“Qrant layihəsi həyata keçirilməsi lazımdır, labüddür, amma burada hesabatlılıq və əsas da, monitorinq və qiymətləndirmə olmalıdır. Yəni hansısa bir özəl qurum, QHT bu layihələri yoxlamalı, monitorinq aparılmalıdır ki, həqiqətən də dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün istifadə olunsun. Müşahidələr onu göstərir ki, qrant layihəsi çərçivəsində qəbul edilmiş bəzi layihələr məktəb üçün deyil və ona ehtiyac yoxdur. Tutaq ki, dövlət proqramı çərçivəsində həll olunan məsələlərin qrant müsabiqəsində iştirak etməsini doğru hesab etmirəm. Bu kimi qalib olmuş layihələr onlarladır. İkincisi, bir-birini təkrarlayan, əvvəlki qrant müsabiqəsində olan, indi cüzi adı dəyişmiş layihələr var. Təbii ki, bu kimi məsələlərə diqqət artırılarsa, təhsildə doğrudan da innovativliyə nail ola bilərik”.