Texas ştatının respublikaçı deputatı Bryan Slaton, ştatın ABŞ-dan müstəqilliyinin "mümkünlüyünü araşdırmaq" üçün referendum keçirə biləcək qanun layihəsi təklif edib.
Hafta.az-ın yazdığına görə, təklif təsdiqlənərsə, ABŞ-ı tərk etmək variantının araşdırılıb-araşdırılmayacağına dair səsvermə keçiriləcək.
Dövlət nümayəndəsi Slatonun Twitter-də paylaşdığı qanun layihəsi rəsmi olaraq "Texas Müstəqillik Referendum Aktı" və ya qısaca "Texit" adlanır.
Məlumata əsasən, təklif qəbul olunarsa, Texasın "müstəqil dövlət statusunu yenidən təsdiqləməsi" ilə bağlı referendum noyabrın 7-də keçiriləcək.
Slaton yazırdı ki, Texas konstitusiyasına əsasən, bütün siyasi hakimiyyət xalqın əlindədir. “Federal hökumətin hüquq və azadlıqlarımızdan onilliklər boyu sui-istifadə etməsindən sonra Texas əhalisinə öz səslərini eşitdirməyin vaxtı çatıb”, - o, deyib.
Respublikaçılar Kile Bayedermann və Ceff Cason oxşar qanun layihəsini 2021-ci ildə təqdim edib. Amma həmin qanun layihəsi təklifi qəbul edilməyib.
Xatırladaq ki, Texas müəyyən qrupların müstəqillik uğrunda mübarizə apardığı yeganə ABŞ ştatı deyil. Alyaska, Kaliforniya, Havay, Nyu-Hempşir və Vermontda da ABŞ-dan ayrılmaq üçün səylər göstərilir.