Türkiyənin son günlər İraq və Suriyanın şimalında “Pəncə-Qılınc” adı verilən hava əməliyyatı keçirərək, terror sığınacaqlarını vurması anti-Türkiyə mövqeli ölkələri, təbii ki, narahat edirdi. Bu günlərdə Türkiyənin aviazərbələrin ardınca bu bölgələrdə yerüstü əməliyyatlara başlayacağına dair söhbətlərin yayılması əsl dostla əsl düşmənin qara niqabını sifətlərindən çəkir. ABŞ son neçə ildir başdan-ayağa silahlandırdığı PKK-YPG-SDG silahlılarının ciddi müdafiəsinə qalxıb, Türkiyəni əməliyyatlara son qoymağa çağırıb və sair. Almaniya o tərəfdən odlanır, Fransa, İngiltərə bu yandan. Bəziləri deyirdilər, Ukraynaya qarşı müharibə aparan Rusiya ilə əlaqələri davam etdirdiyi üçün ruslar türkiyənin əleyhinə çıxmayacaqlar, deyəsən bu fikir də boşa çıxmaqdadır. Onsuz da Moskva əvvəl başdan bildirirdi ki, Türkiyə Suriyada “sabitliyi pozacaq addımlardan çəkinməlidir” və sair. İndi isə terror yığınının başçılarının Rusiya rəsmiləri ilə görüşüb danışdıqları üzə çıxmaqdadır. Bu da öz növbəsində belə bir fikir yaradır: PKK-nı vaxtilə Moskva yaratmışdı, görəsən bu gün planı nədir rusların?
Suriyadakı Rusiya qüvvələrinin komandanı Aleksandr Çayko YPG-nin terrorçu lideri Mazlum Abdi ilə Hasekedə gizli görüşüb. Terrorun lideri rus komandirlə Türkiyənin mümkün quru əməliyyatını müzakirə edib. Ərəb mətbuatında əksini tapan xəbərlərdə Çayko mümkün bir əməliyyatı dayandırmaq üçün Suriya ordu birliklərinin Türkiyə sərhədinə yerləşdirilməsini bir daha gündəmə gətirib. Suriya qoşunlarının yerləşdiriləcəyi xətt Türkiyə sərhədinin 30 kilometrliyində ola bilər.
Terrorçubaşı Abdi rus komandirlə görüşündə Moskvanı quru əməliyyatının qarşısını almağa çağırdıqlarını, türk tanklarının Suriyanın şimalına daxil olmasını onların mövcudluğu uğrunda “son döyüş” kimi qiymətləndirdiklərini bildirib.
YPG lideri Suriya əsgərlərinin Türkiyə sərhədinə yerləşdirilməsini də dəstəklədiklərini ifadə edərək, 2019-cu ildə də oxşar addımın atıldığını xatırladaraq, “Suriya əsgərlərinin artırılması ilə bağlı problemimiz yoxdur” deyib.
Digər xəbərlərdə Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin Türkiyəni ittiham edən sözləri önə çəkilir. Ankaranın İdlibdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini iddia edən Lavrentiyev Suriyanın yenidən qurulmasında müttəfiqi Çinin, eləcə də Rusiyanın iştirak edə biləcəyini bildirib.
Məlumat üçün bildirək ki, Vaşinqtonda da “dərin narahatlığı” var. Zamanında özünün yaratdığı terror təşkilatı İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə illərdir YPG terrorçularına təlim və silah verən Vaşinqton Türkiyəni növbəti dəfə təmkinli olmağa çağırıb.
Bu arada qeyd edək ki, Pentaqon YPG terrorçularına dəstəklərinin davam edəcəyini deyib və hazırda Suriyanın şimalında 900-ə yaxın əsgər yerləşdirdiklərini bildirib. Amma bu deyəsən YPG terrorçularını qane etmir – Abdi ABŞ-dan quru əməliyyatının qarşısını almaq üçün daha sərt izahat tələb edib.
Ankaraya qarşı sərt təzyiqlər Vaşinqtonun və Moskvanın siyasi kluarlarından BMT TŞ-nın iclasına çıxarılıb. Onsuz da ABŞ-ın dirijor çubuğu ilə “xor oxuyan” TŞ-da Amerikanın nümayəndəsi Suriyada hərbi gərginliyin artmasının "təhlükəli" olduğunu söyləyib və Türkiyədən gərginliyi dərhal azaltmağı tələb edib.
Bəs nə baş verir, prosesin sonu nə ilə nəticələnənə bilər?
Terror və təhlükəsizlik uzmanı Coşkun Başbuğ indiyəədk davam edən “Pəncə-Qılınc” əməliyyatına münasibət bildirərkən deyib ki, bu proses Türkiyə üçün sürpriz deyil, çoxdan bunun baş verəcəyi gözlənilirdi.
“İraqın, xüsusilə də Suriyanın şimalında əməliyyatların keçiriləcəyinə dair hələ “G20” sammitində ABŞ-a məlumat verildi. Bu prosesin başlanmasında isə əsas səbəb İstiqlal küçəsində baş verən terror hücumudur. İlk açıqlamalarda işin sonu Suriyanın şimalına söykəndi. Biz uzun müddətdir bölgədə marağı olan ölkələrə deyirik ki, Suriyanın şimalında terror qrupları toplaşıb, onlara qarşı tədbir görmək lazımdır və gəlin bunu birlikdə edək. Türkiyə heç vaxt prosesə tamaşaçı qalmayacaq. Türkiyə çox qərarlıdır və heç bir yerdən icazə alacaq deyil. Biz nə baş verdiyini dəqiq bilirik”, - C.Başbuğ deyir.
Yedditəpə Universitetinin professoru Məsut Hakkı Caşın dünyada çox az ölkənin belə bir əməliyyatı həyata keçirə biləcəyini ifadə edərək belə deyib: “Trampın söz verdiyi kimi, ABŞ qoşunlarının geri çəkilmədiyini, Suriyanın şimalındakı terror yuvalarının boşalmadığını görürük. İran sərhədindən Aralıq dənizinə qədər bölgə həbsdədir. Dünyada ancaq dörd-beş ölkənin keçirə biləcəyi əməliyyatı Türkiyə icra edir. Türk təyyarələri 160 kilometr içəri daxil olublar. Məncə bomba onların öz əlində partladı. Mən Yunanıstana da səslənirəm: görün türklər necə gəlir. Türkiyə bu cür əməliyyatları həftənin 7 günü və günün 24 saatında istənilən an həyata keçirə bilər. Biz görürük ki, siyasi iradə və ordu birlikdədir”, - cənab Çaşın deyib.
Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin keçmiş rəisi Gürsel Tokmakoğlu isə bu prsesin ardıyla quru əməliyyatının gözlənildiyini bildirib: "Bu əməliyyat təbii ki, şərait uyğun gələndə həyata keçiriləcək. Bu şərtlər təkcə ABŞ-la bağlı deyil, həm də sahədə müəyyən nizam-intizamın təmin edilməsi və hazırlıqların başa çatdırılması kimi dəyərləndirilməlidir".
Bəs ABŞ Türkiyəyə hansı yolla təzyiq göstərə bilər? Axı F-35-ləri verməyən Vaçinqton F-16-ları da verməkdən vaz keçə bilər. Bu arada, F-16-ların Türkiyəyə satışı üçün ABŞ-ın təsdiqinə ehtiyacı olan ABŞ Konqresinin bəzi üzvlərindən əməliyyata qarşı çıxan reaksiyalar gəlməyə başlayıb.
Mümkün quru əməliyyatı qiymətləndirilirkən F-16-ların satışı kimi məsələlərin nəzərə alınmayacağını söyləyən Tokmakoğlu, "Türkiyə F-16-ların şərt altında təhvil verilməsini onsuz da qəbul etməyib" deyir.
Bəs Rusiyanın bu məsələyə münasibəti necədir, axı Suriyanın şimalı məhz bu ölkənin hərbçilərinin nəzarətindədir. Rusiya prezidenti Vladimir Putin və Ərdoğanın avqustun 5-də Soçidə keçirdikləri görüşdə Suriya ilə bağlı razılığa gəldiyini bildirən Tokmakoğlu, "Əsas məqsəd Suriyadan ABŞ əsgərlərini və nüfuzunu çıxarmaqdır. Bununla bağlı tənzimləmələr davam edir" deyib.
Tokmakoğlu Rusiyadan həftə sonu hava kampaniyası üçün heç bir tələbin olmadığını bildirib və əlavə edib ki, sitat: Onsuz da Rusiya belə bir əməliyyatı təsdiq edən orqan deyil. Türkiyə istəsə Suriya hava məkanından istifadə edə bilər, Adana razılaşması və BMT Konvensiyasının 51-ci maddəsi buna imkan verir. Həmçinin, yalnız hava əməliyyatlarının aparılması daha məqbul və risksizdir.
Təhlükəsizlik və xarici siyasət üzrə analitik Cahit Armağan Dilək isə hava əməliyyatlarının daha yığcam hədəfləri seçdiyi üçün beynəlxalq ictimaiyyətdə daha az reaksiya doğurduğunu, quru əməliyyatlarının isə beynəlxalq hüquq baxımından fərqli keyfiyyətdə ola biləcəyini deyib. O, PKK-YPG ünsürlərinin Türkiyənin Azezdəki bazasına və nəhayət, Karkamışa son hücumlarını Türkiyəyə cavab vermək cəhdi, eləcə də quru əməliyyatına məcbur etmək kimi qiymətləndirir və bunları deyir: "Axı onların TSK-ya qarşı durması qeyri-mümkündür. Əsgərlər içəri girəndə hamısını dağıtırlar, bunu bilirlər. Amma Türkiyəyə beynəlxalq təzyiq göstərməyə çalışırlar, bəlkə də hansısa sanksiyaların tətbiqinə zəmin yaradırlar".
Bölgədə onsuz da TSK qüvvələri olduğundan quru əməliyyatı üçün Türkiyə ərazisindən yeni hərbi birləşmənin göndərilməsinə ehtiyac olmaya biləcəyini deyən Dilək "Oradakı əsgərlərimiz başqa hədəflərə yönəldilə bilər. Çünki orada - PKK və PYD-yə nəzarət edə biləcəyimiz mövqelərdə türk əsgərləri var" deyib.
Türkiyə üçün ən böyük təhlükənin qonşu ölkələrdəki federal strukturlar olduğuna diqqət çəkən Dilək, İraqda gec olduğunu, lakin Suriyada bunun qarşısını almaq lazım olduğunu bildirib.
Təhlükəsizlik sahəsində ekspert Həsən Səlim Özertəm növbəti hədəflərdən birinin Menbic ola biləcəyini düşünür. Onun fikrincə, Ankaradan əvvəlki açıqlamalarda PKK-nın Suriya qolu olaraq xarakterizə edilən YPG ünsürlərinin təmizlənməsi üçün başlanacaq əməliyyatın hədəfi kimi Tel Rıfat və Menbic göstərilmişdi. Türkiyənin burada 30 kilometr dərinlikdə təhlükəsiz zona yaratmaq istədiyi barədə də məlumatlar vardı.
2018-ci ildən bəri Menbicin həm ABŞ, həm də Rusiya ilə davamlı danışıq apardığı bir bölgə olduğunu bildirən Özertəm, PKK-nın hələ də öz silahlılarını buradan çıxarmadığını və Türkiyə rəsmilərinin buna işarə etdiyini bildirib.
Suriyada problemlərin həlli üçün hazırda müxtəlif kanallardan bir neçə fərqli prosesin getdiyini xatırladan Özertəm, Əsədin bütün bu danışıqlardan yararlanaraq, Rusiya və İranın dəstəyini alıb Suriyada de-fakto mövqeyini genişləndirməyə çalışdığına diqqət çəkir. Özertem sözlərini belə davam etdirib: "Əsədlə görüş olarsa, PKK-nın məkanını daraltmaq ön plana çıxa bilər. İdlib Əsəd üçün ilk bölgələrdən biridir. İdlibdə gələcəkdə hansı sabitlik və nizam bərqərar olacaq? Hələlik bunun məğzi açıqlanmır. Əsədlə Türkiyə arasında aparılacaq dialoq ən azından PKK-nın önümüzdəki dövrdə bölgədəki məkanının məhdudlaşdırılmasında təsirli olacaq”.
Nəticə olaraq, Türk ordusunun Suriyanın şimalında başlaması ehtimal olunan hərbi əməliyyatlara xarici dünyada sadəcə sözlə cavab veriləcək və bu da, güman ki, “demokratiyanı qorumaq üçün” ediləcək. Planlar artıq hazırdır və tərəflərin hər biri ilə razılaşdırılıb. Plan odur ki, Suriyanın şimalında Türkiyənin tələb etdiyi 30 kilometr dərinliyində bufer zona yaradılmalıdır. Yalnız bu yolla Türkiyənin genişmiqyaslı hərbi əməliyyatının qarşısını almaq və PKK-YPG-SDG birliyini xilas etmək mümkündür...