Türkiyədə yaşanan böyük zəlzələ fəlakətindən sonra Ermənistandan göndərilən yardımın keçidi üçün 30 ilə yaxın müddətdə bağlı qalan sərhəd qapısı açıldı. Humanitar məqsədlə açılan sərhədlər mövzusu bu gün Ermənistan siyasi dairələrində də geniş müzakirə olunmaqdadır. Paşinyan hakimiyyəti bu amili bəhanə edərək sərhədlərin açıq qalması üçün səy göstərməkdədir.
Aydın Quliyev, politoloq:
- Türkiyə-Ermənistan sərhədinin humanitar yardım xaricində başqa əməkdaşlıqlar üçün açılması Azərbaycanın və bütün türk dünyasının həyati mənafelərinə ziddir, ziyanlıdır və buna əsla imkan verilə bilməz. Bəzi ekspert dil pəhləvanları, artıq Türkiyə-Ermənistan sərhədlərinin çoxçeşidli və həmişəlik açılmasından və bu açılımın "iqtsadi-siyasi faydalarından" şirin nağıllar qoşmağa başlayıblar. Belələri üçün zəlzələ Türkiyə-Ermənistan sərhədlərinin açılmasını zəruri və mümkün edən həlledici motiv oldu... Zəlzələnin acılarını Azərbaycan da, xalqımız da yaşayır, qardaş ölkəyə canımızı da fəda etməyə hazırıq. Lakin türk dövlətlərinin və türk toplumlarımızın böyük real mənafeləri hər kəs üçün zəlzələ ağrılarından üstündür və bunu düzgün dəyərləndirmək lazımdır.
Zəlzələdən sonrakı müddətdə Türkiyə -Ermənistan sərhəd keçidinin humanitar yardımlar məqsədilə açıq saxlanması başadüşüləndir. Ancaq Türkiyə-Ermənistan sərhəd-keçidinin humanitar yardımlar üçün indiki açılımı həmişəlik və hər cür əməkdaşlıq üçün olarsa, bunun Azərbaycana böyük ziyandan başqa heç bir faydası olmayacaq.
Qardaş ölkədə baş verən fəlakət humanitar yardımlar üçün bütün imkanların və yolların açılması zəruri edir. Lakin söhbət tək humanitar yardımlardan gedə bilər. Ermənistanda rəsmilərin və xalqın, hətta belə bir fəlakətdən sonra Türkiyəyə nifrət qusduğunu da unutmayaq.
Eləcə də Türkiyə-Ermənistan sərhədi zəlzələyə görə bağlanmayıb ki, zəlzələ üstündə də açılsın. 1988-ci ildə də Türkiyə Ermənistanın zəlzələ bölgələrinə humanitar yardım etmişdi. Nə əcəb Ermənistan bu humanizmə rəğmən Azərbaycan türklərinə qarşı misilsiz vəhşiliklərdən çəkinmədi, üstəlik Bakıdan yardım aparan təyyarəni vurdu.
Ona görə də Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına nələrin səbəb olduğu tam aradan qalxmayınca, bu sərhəd humanitar yardımdan başqa heç bir halda hərtərəfli əlaqələr üçün açıla bilməz. Bu sərhəd ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycana təcavüzü səbəbi ilə bağlanıb.Təcavüz tam bitdimi ki, bəziləri artıq Ermənistan-Türkiyə sərhəddinin sçılmasının guya Azərbaycana heç bir ziyanı olmayacağı barədə məsuliyyətsiz və yaramaz bəyanatlar verməyə başlayıblar.
Elxan Şahinoğlu, politoloq:
- İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Ermənistan rəsmiləri təmaslara başladılar və hər iki tərəf danışıqlarda təmsilçi təyin etdi. Ermənistandan danışıqlara parlamentin sədr müavini Ruben Rubenyan başçılıq edir. Tərəflər iki ölkə arasında sərhədin açılması mövzusunu aylardır müzakirə edirdilər. Zəlzələ prosesi sürətləndirdi. Böyük ehtimalla sərhəd bundan sonra qapadılmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə yeni mərhələ olacaq.
Sərhədin açılması Ermənistanın məsuliyyətini artırır. Ermənistan Azərbaycana qarşı təxribat edərsə və bu növbəti müharibəyə səbəb olarsa, Türkiyə-Ermənistan sərhədi yenidən bağlanacaq. Sərhədin açılmasıyla Türkiyə ilə Ermənistan arasında ticarət əlaqələrinə start verilə bilər. Bu Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığını artıracaq. Rusiya Ermənistana məhsullarını çatdırmaq üçün Gürcüstanın dağ yollarından istifadə etməlidir. Bu yollar qış aylarında keçilməz olur və Ermənistana ciddi problemlər yaradır. Ermənistan üçün qonşu ölkə ilə sərhəddən daha keyfiyyətli Türkiyə məhsullarını əldə etmək daha faydalıdır. Digər tərəfdən Ermənistan öz məhsulları Türkiyəyə ixrac edilə bilər. Fikrimcə, Ermənistanın iqtisadi zəmində Türkiyədən asılılığının artmasının Azərbaycan üçün təhlükəsi yoxdur.
Türkiyə-Ermənistan sərhədinin açılmasının Zəngəzur dəhlizinə təsirinə gəlincə, bu, Ermənistan hakimiyyətinin mövqeyindən asılıdır. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın siyasi təsirindən qurtulmaq və regional əməkdaşlığa üstünlük vermək istəyirsə, Türkiyədən sonra Azərbaycanla da danışıqları intensivləşdirməli, Zəngəzur dəhlizinin açılması və sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Zəngəzur dəhilizindən qarşılıqlı istifadə Azərbaycanla yanaşı Ermənistan üçün də faydalı olacaq. Ancaq Nikol Paşinyanın bu varianta üstünlük verməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü tanıması şərtdir. O buna hazır deyilsə, bütün digər məsələlər yarımçıq qalacaq.
Turan Rzayev, politoloq:
- Ermənistanın Türkiyəyə etdiyi yardımların səmimiliyi şübhə altındadır. Və İrəvan fəlakətdən öz maraqları naminə istifadə etməyə çalışır.
Birincisi, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması Ermənistanın istəyi ilə baş tutub. Rəsmi İrəvan baş verən hadisənin miqyasını və Ankaranın hər cür yardıma xüsusilə də sərhəd ölkələrindən gələcək yardımlara ehtiyacı olduğunu yaxşı bilir. Buna görə də Türkiyənin bu həssas zamanından istifadə edərək Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasına nail oldu. Düzdür, bu humanitar məqsədli və müddətlik nəzərdə tutulsa da nəticə etibarilə 30 il sonra belə bir hadisə baş verdi və Ermənistan prosesin ardının gəlməyi üçün bütün səylərini artıracaq.
İkincisi, Ermənistan Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılmasından bir neçə aspektdə, xüsusilə də Azərbaycan ictimaiyyəti daxilində narazılıq yaratmaq üçün istifadə edir.Belə ki, Ermənistan hakimiyyətinə bağlı teleqram və media resurslarında artıq Azərbaycan ictimaiyyətində qıcıq yaradacaq yazılara, paylaşımlara rast gəlinir.
Rəsmi İrəvan bu yolla iki ölkə münasibətlərinə də zərər verməyə çalışır. Lakin daxili auditoriyanı manipulyasiya etmək bir yana, Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması çətin ki, Bakı ilə Ankara arasında narazılıq yaratsın.
Sərhədin açılmasından Azərbaycan tərəfinin xəbəri var və mümkündür ki, iki ölkə başçılarının telefon danışığı zamanı bu məsələ ətrafında müzakirələr olub. Türkiyə Azərbaycanın bu məsələdəki həssasiyyətini bilir və buna görə öncədən sərhədin humanitar məqsədlə müvəqqəti açıldığını qeyd edib.
Üçüncüsü, Türkiyədə təbii fəlakətin baş verdiyi ərazidə kifayət qədər çox erməni yaşayır və Ermənistanın bu prosesdə iştirak etməsi həm də erməni əsilli türk vətəndaşları ilə bağlıdır. Rəsmi İrəvan bu yolla Anadoludakı ermənilərə təsir etmək və gələcəkdə öz siyasi maraqları üçün onlardan istifadə etmək istəyir.
Türkiyə birmənalı şəkildə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistandan və onun atacağı konstuktiv addımlardan asılı dır.
Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığı, Türkiyə və Azərbaycana ərazi iddialarından əl çəkmədiyi təqdirdə iki ölkə münasibətləri də normallaşmayacaq.