Türkiyə müxalifətindən vahid namizədin şansları sıfırdır. Bu barədə Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bildirib.
Xatırladaq ki, Türkiyədə mayın 14-nə təyin edilmiş ümumi seçkilərdə Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu müxalifətin vahid namizədi elan edilib. Kılıçdaroğlunun adının dərcindən əvvəl alyans daxilində qarşıdurma yaşanıb. Belə ki, “İyi Partiya”nın lideri Meral Akşener bildirib ki, alyans artıq xalqın real maraqlarını əks etdirmir. Münaqişə ona görə yaranıb ki, 5 partiya Kılıçdaroğlunun namizədliyini irəli sürüb, Yaxşı Partiya isə İstanbul və Ankara bələdiyyə sədrlərinin namizədliyini müzakirə etmək niyyətində olub.
Satanovski hesab edir ki, vahid namizədlə bağlı razılaşmanın daha axmaq nəticəsi ola bilməzdi.
“Kılıçdaroğlunun beş vitse-prezidenti olacaq - müxalifətdə təmsil olunan partiyalardan hər birindən bir nəfər. Bu, artıq axmaq dizayndır. Belə çıxır ki, müxalifətdə xırda alverçilər var və seçicilər adətən belə adamlara səs vermirlər.
Ölkəyə ya beş, ya da yeddi vitse-prezidenti olan bir adam rəhbərlik edir, necə görünür? Vitse-prezident, məsələn, xəstələndiyi təqdirdə prezidenti əvəz edə biləcək bir şəxsdir. Bütün bunlar seçicilərə göstərir ki, bu kiçik, boş və mənasız alverçilərə səs vermək olmaz.
Belə olan halda Ərdoğana təkcə prezident deyil, parlament seçkilərində də qələbə qazandırdılar”, - şərqşünas qeyd edib.
Onun sözlərinə görə, müxalifət bütün şanslarını əldən verib. “İndi Türkiyədə birinci sırada olan bir siyasətçi var - Ərdoğan kənd ağsaqqalları ilə danışır, zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkir, vicdansız podratçıları mühakimə edir. O, fəallıq nümayiş etdirir”, - deyə Satanovski yekunlaşdırıb.