Türkiyədə baş verən zəlzələ nəticəsində bu ölkədə təhsil müəssisələrinin fəaliyyəti də dayandırılıb. Qeyd edək ki, rəsmi məlumatlara görə, hazırda qardaş ölkədə 26700 azərbaycanlı təhsil alır. Zəlzələ nəticəsində daha çox dağıntıya məruz qalan bölgələrdə isə təhsil alan tələbələrin sayı çoxdur. Belə ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun sözlərinə görə, Kahramanmaraşda 100, Hatayda 27, Adıyamanda 4, Osmaniyədə 35, Diyarbakırda 26, Elazığda 212, Urfada 14, Zonquldaqda 1, Antepdə 86, Adanada 169, Kilisdə 2, Malatyada 136 azərbaycanlı tələbə təhsil alır.
O bildirib ki, zəlzələnin təsirinə az məruz qalan iki vilayət – Mersin və Elazığda təhsil alan tələbələrimiz də var: “Amma orada da bizim tələbələrimiz çoxdur. Təxminən, 700-800 tələbəmiz də həmin vilayətlərdədir. Onlardan da getmək istəyən olsa, təxliyə olunacaq. Onların hamısı ilə əlaqə saxlanılmağa çalışılır. Yaradılmış Operativ qərargahlarımıza daxil olan bütün müraciətlər araşdırılır”.
Yeri gəlmişkən, zəlzələ bölgəsində olan Azərbaycan vətəndaşlarının təxliyə prosesinə başlanılıb. Rəsmi məlumata görə, təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə Səfirliyin və Səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub. İlkin olaraq fevralın 7-də zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb.
Bəs, görəsən, zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin təhsillərini Azərbaycanda davam etdirməsi mümkündürmü? Bu kimi gözlənilməz hadisələrdə təhsillə bağlı məsələlər necə həllini tapır?
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən təhsil eksperti Kamran Əsədov deyib ki,Tükiyədə təhsil alan azərbaycanlı tələbələrin əksəriyyəti bölgə universitetlərində oxuyurlar: “Bunun əsas səbəbi də təhsil haqqıdır. Onların çoxu öz vəsaiti ilə təhsil alırlar. Türkiyə universitetlərində qış imtahan sessiyası başa çatıb. Hazırda tələbələr tətildədirlər. Azərbaycanlı tələbələrin əksəriyyəti də, tətil üçün ölkəmizdədirlər. Türkiyə universitetlərində dərslər fevralın 19-dan etibarən başlayacaq. Amma hesab edirəm ki, biz bütün hallarda pandemiya dövründə alternativ təhsilalmanı gördük. Təhsilalma ilə bağlı çətinliklər yaranacağı təqdirdə, alternativ təhsilalma tətbiq edilə bilər. Və yaxud da Azərbaycan vəziyyət sabitləşənədək öz ölkəsində həmin ixtisaslar üzrə azərbaycanlı tələbələrin təhsil almalarına şərait yaratmalıdır. Eyni zamanda, bununla bağlı böhran qrupu fəaliyyət göstərməlidir. Ən vacib məqamlardan biri budur ki, istər bizdə, istər Türkiyədə təhsillə bağlı böhran qrupu yoxdur. Bu qrupun olmamağıdır ki, fors-major hallarda təhsilin təşkili qaydaları da iflic vəziyyətə düşür. Digər tərəfdən təəssüflər olsun ki, istər Türkiyədə, istər başqa ölkələrdə oxuyan tələbələrin vahid qeydiyyat portalı yoxdur. Düzdür, hansı ölkədə neçə nəfər tələbənin təhsil aldığına dair məlumatlar var. Amma onların harada yaşamağı, qeydiyyat ünvanı ilə bağlı dəqiq məlumat yoxdur. Məsələn, azərbaycanlıların təhsil haqqı az olduğuna görə daha çox getdiyi Kahramanmaraşda yerləşən Südçü İmam Universitetidir. Və yaxud Mersin Dövlət Universitetində kifayət qədər vətəndaşımız təhsil alır. Yəni, burada təhsil şirkətləri tələbələrin həmin unuversitetlərə qəbulunu aldıqdan sonra onlarla maraqlanmırlar. Ona görə də hesab edirəm ki, xaricdə təhsil alan tələbələrlə bağlı vahid qeydiyyat portalı yaradılmalıdır. Belə olan təqdirdə, bu kimi hadisələr zamanı mövcud vəziyyəti daha tez koordinasiya etmək mümkün olacaq”.
Ekspert vurğulayıb ki, fors-major hallarda həmin tələbələrin Azərbaycandakı müvafiq ixtisaslara köçürülməsi də mümkündür: “Türkiyə universitetləri Ukrayna, Rusiya, Gürcüstan universitetləri deyil. Onlarda qəbul kifayət qədər ciddidir. Eyni zamanda, tədris də yüksək səviyyədədir. Ona görə də bu ölkələrdə təhsil alan tələbələrin Azərbaycandakı universitetlərə köçürülməsində problem görmürəm”.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Elçin Əfəndi isə deyib ki, Türkiyə ali məktəblərinə leqal yolla qəbul olan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsi üçün heç bir problem yoxdur: “Bildiyimiz kimi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” təsdiq edilib. Həmin sənədə əsasən, xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar. Amma yenə də vurğulayıram ki, bu yalnız qəbul leqal olduğu hallarda mümkündür”.