Uğurlu biznesi necə qurmaq olar?

10:49 10.02.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünya praktikası göstərir ki, azad sahibkarlıq dövlətin və cəmiyyətin gələcək inkişafında əhəmiyyətli rola malikdir. Ölkəmizdə sahibkarlığın inkişafına, biznes mühitinin yaxşılaşdırılmasına dövlət tərəfindən daim qayğı göstərilir. Bu məqsədlə sahibkarlığın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli məhsulların istehsalı ölkə Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biridir. Azərbaycanın indiyədək bu sahədə əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapıb.

Yeri gəlmişkən, ölkəmizdə bu sahədə aparılan islahatların nəticəsi olaraq 2021-ci il ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 7,5 faiz artaraq 2022-ci il yanvarın 1-i vəziyyətinə 167 min 140 olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, artım iqtisadiyyatın “Nəqliyyat və anbar təsərrüfatı”, “Su təchizatı; tullantıların təmizlənməsi və emalı”, “İnformasiya və rabitə”, “Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Peşə, elmi və texniki fəaliyyət”, “Emal sənayesi”, “Daşınmaz əmlakla əlaqədar əməliyyatlar”, “Turistlərin yerləşdirilməsi və ictimai iaşə” və “Maliyyə və sığorta fəaliyyəti” sahələrində nəzərəçarpacaq dərəcədə olub. “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi”, “Tikinti”, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” və “Peşə, elmi və texniki fəaliyyət” sahələrindəki statistik vahidlərin xüsusi çəkisi daha yüksəkdir. Xüsusi mülkiyyətə aid olan statistik vahidlərin əsas hissəsi “Ticarət; nəqliyyat vasitələrinin təmiri” (31,1 faiz), “Digər sahələrdə xidmətlərin göstərilməsi” (17,6 faiz), “Tikinti” (9,9 faiz), “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” (7,3 faiz), “Peşə, elmi və texniki fəaliyyət” (7,1 faiz) və “Emal sənayesi” (5,9 faiz) sahələrinin payına düşür. Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (24,1 faiz), İran (11,1 faiz), Rusiya (5,4 faiz), Böyük Britaniya (4,2 faiz), ABŞ (1,8 faiz) və Almaniya (1,2 faiz) kimi ölkələrin sahibkarları tərəfindən yaradılıb. 2021-ci il ərzində yeni yaradılmış statistik vahidlərin 98,8 faizi xüsusi mülkiyyətli (o cümlədən 7,5 faizi tam xarici investisiyalı, 1,7 faizi birgə mülkiyyətli), 1,1 faizi dövlət mülkiyyətli, 0,1 faizi isə bələdiyyə mülkiyyətli müəssisələrin payına düşür. Qeydiyyatda olan statistik vahidlərin 61,9 faizi Bakıda yerləşib. Hesabat dövründə yeni yaradılmış statistik vahidlərin 81,7 faizi Bakıda, 6,2 faizi Abşeron-Xızı, 1,8 faizi Gəncə-Daşkəsən, 1,7 faizi Lənkəran-Astara, 1,4 faizi Şəki-Zaqatala, hər birində 1,2 faizi olmaqla Qarabağ və Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar. Statistik vahidlərin yaradılması prosesi Bakı şəhərində (9,6 faiz), Abşeron-Xızı iqtisadi rayonunda (6,8 faiz), Gəncə-Daşkəsən və Şərqi Zəngəzur iqtisadi rayonlarında (hər birində 4,3 faiz), Qarabağ, Qazax-Tovuz və Şəki-Zaqatala iqtisadi rayonlarında (hər birində 3,1 faiz), Lənkəran-Astara və Mərkəzi Aran iqtisadi rayonlarında (hər birində 2,8 faiz) daha fəal olub. Göründüyü kimi, 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 93,3 faizini mikro sahibkarlıq subyektləri təşkil etmiş və onların əsas hissəsi ticarət (33,2 faiz), digər sahələrdə xidmətlərin göstərilməsi (14,5 faiz), tikinti (10,3 faiz) və kənd təsərrüfatı (7,6 faiz) sahələrində yaradılıb. 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,5 faizini kiçik sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (25,2 faiz), tikinti (13,3 faiz), emal sənayesi (10,2 faiz) və peşə, elmi və texniki fəaliyyət (7,7 faiz) sahələrində yaradılıb. 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,8 faizini orta sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (19,7 faiz), tikinti (16,8 faiz), emal sənayesi (12,8 faiz), nəqliyyat və anbar təsərrüfatı və peşə, elmi və texniki fəaliyyət (hər birində 6,4 faiz) sahələrində yaradılıb. 2022-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 0,4 faizini iri sahibkarlıq subyektləri təşkil edib və onların əsas hissəsi ticarət (17,5 faiz), emal sənayesi (16,9 faiz), tikinti (12,4 faiz) və nəqliyyat və anbar təsərrüfatı (8,5 faiz) sahələrində yaradılıb. Mikrosahibkarlıq subyektlərinin 65,3 faizi Bakıda, 7 faizi Abşeron-Xızı, 4,3 faizi Lənkəran-Astara, 3,3 faizi Mil-Muğan, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb. Kiçik sahibkarlıq subyektlərinin 64 faizi Bakıda, 6,7 faizi Abşeron-Xızı, 3,8 faizi Gəncə-Daşkəsən, 3,6 faizi Mərkəzi Aran, qalanları isə digər iqtisadi rayonlarda açılıb. Orta sahibkarlıq subyektlərinin 59,1 faizi Bakıda, 6,4 faizi Abşeron-Xızı, 4,3 faizi Şəki-Zaqatala, 4,2 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlardadır. İri sahibkarlıq subyektlərinin 72,5 faizi Bakıda, 6,9 faizi Abşeron-Xızı, 4,3 faizi Gəncə-Daşkəsən, qalanları isə digər iqtisadi rayonlarda yaradılıb.

Maraqlıdır, görəsən Azərbaycanda uğurlu biznes qurmaq üçün hansı addımları atmaq lazımdır? Hansı sahədə iş qurmaq daha perspektivlidir?

Qeyd edək ki, mütəxəssislər bu məsələdə ilk növbədə sahibkarlıq fəaliyyəti zamanı görəcəyiniz işin düzgün və hərtərəfli planlaşdırılmasını tövsiyyə edrlər. Onların fikrincə, biznesin düzgün planlaşdırılması uğurlu fəaliyyətin təməlidir. Eyni zamanda, perspektivli iş qurmaq üçün həmin sahəyə dərindən bələd olmaq lazımdır. Adətən, kiçik sahibkarlıqla məşğul olan şəxslər təcrübəsi və bacarığı olan sahələrdə fəaliyyət göstərirlər. Misal üçün, kənd təsərrüfatı sahəsində müvafiq bilik və təcrübəyə malik olan şəxslər sahibkarlıq fəaliyyətini bu istiqamətdə qurması onlara digər təcrübəsiz rəqiblər qarşısında bir sıra üstünlüklər verir. Eyni zamanda, biznesinizin uzunömürlü olması üçün bazarın ciddi şəkildə təhlil edilməsi vacib sayılır. Mütəxəssislər bildirirlər ki, bu mərhələdə sahibkar təklif edəcəyi məhsulun potensial müştərilərinin sayı, oxşar məhsul (iş, xidmət) təklif edən rəqib sahibkarlar barədə məlumatları təhlil edir və əldə etdiyi məlumatlar əsasında müvafiq qərarlar verir.

Biznesi ətraflı planlaşdırdıqdan sonra sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl sahibkar ilk növbədə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalı, fəaliyyətinin maliyyələşdirilməsi üçün maliyyə vəsaitinin cəlb edilməsi tələb olunduğu halda, onun əldə edilməsi ilə bağlı müvafiq tədbirlər görməli, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı isə əldə etdiyi gəlirdən vergiləri hesablamalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir. Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər.

Onu da qeyd edək ki, ölkədə sahibkarların işgüzar aktivliyinin artırılması, onlara zəruri nəzəri biliklərin verilməsi, vərdişlərin və bacarıqların aşılanması istiqamətində, digər dövlət orqanları ilə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Maliyyə Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı şəhərində və regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə, habelə sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyən işgüzar şəxslərlə biznesə necə başlanılması, vergilərin və sosial sığorta ayırmalarının hesablanması və ödənilməsi, vergi və mühasibat uçotunun aparılması istiqamətində maarifləndirici görüşlərin, treninqlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı Ruslan Atakişiyev bildirib ki, sahibkar deyəndə qaydalara riayət edən və rəqabət şərtlərini düzgün şəkildə icra edən, ədalətsiz, haqsız rəqabətə girişməyən sahibkarlıq subyektləri nəzərdə tutulmalıdır: “Rahat biznes qurmaq üçün qaydalara əməl etmək lazımdır. Əgər sahibkarlıq subyektləri biznesə və sahibkarlığa yaraşmayan yollarla müəyyən addımlar atırlarsa, onlara qarşı mübarizə aparılmalıdır. Çünki, nümunəvi olan və qaydalara riayət edən sahibkarlar o mühitin tamamilə şəffaflığını anlamalıdırlar ki, bu onların xeyrinə işləyir, onların da əsas vəzifəsi işlərini gözəl bir şəkildə qurub, yalnız üzərlərinə düşən vergi və sosial ödəmələri həyata keçirmələridir. Yaxşı olar ki, nümunəvi sahibkarlıq subyektlərinin reytinqi müəyyənləşdirilsin və nümunəvi vergi ödəyicisi və nümunəvi sahibkarlar kimi cəmiyyətə elan olunsunlar. Bu, sahibkarların işinə böyük qiymət olacaq. İkinci məsələ, “kölgə iqtisadiyyatı”nda mövcud olan “işbazlar”a qarşı və onların “kölgə”dən çıxarılması istiqamətində iş aparılmalıdır”.