Ukrayna müharibəsi hələ davam edəcək - Elxan Nuriyev

15:37 02.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Trampın Ukrayna ilə bağlı mövqe dəyişməsi gözlənilməz deyildi"

Kiyevdə yaşayıb fəaliyyət göstərən hərbi-siyasi ekspert Elxan Nuriyevlə hafta.az üçün növbəti söhbətdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı hazırkı durum barədə danışdıq. O, bugünkü cəbhəni Birinci Dünya müharibəsini xatırladan səngər döyüşləri mərhələsi kimi xarakterizə edir və Dobropolye istiqamətində ağır qarşıdurmaların, 1000-dən çox rus hərbçisinin mühasirəyə düşdüyünün qeyd olunduğunu vurğulayır. Həmsöhbətimizə görə, Rusiya taktiki uğur əldə edə bilmir, məhdud irəliləyişlər böyük itkilərlə müşayiət olunur və daxili iqtisadi-logistik problemlər Kremlin əlini zəiflədir.

- Rusiya-Ukrayna cəbhəsindəki son durumu qısaca necə xarakterizə edərdiniz?

- Hazırda Rusiya-Ukrayna cəbhəsində vəziyyət Birinci Dünya müharibəsində olduğu kimidir. Səngər döyüşləri gedir. Dobropolye istiqamətində ağır döyüşlər aparılır. Rusiya Silahlı Qüvvələri Trampa “söz verdikləri” kimi, Donbas vilayətini tam şəkildə işğal etməyə çalışırlar, ancaq heç nə alınmır. Rusiya teleqram-kanallarının yazdıqlarına görə, Baş Qərargahdan gələn son məlumatlar bundan ibarətdir ki, rus taktikası özünü doğrultmur, heç bir operativ və əhəmiyyətli uğur yoxdur.

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general Aleksandr Sırskinin sentyabrın 29-da verdiyi məlumatlara görə, Dobropolye yaxınlığında 1000-dən çox rus əsgəri mühasirəyə düşüb. Üstəlik, məlumatlar göstərir ki, orada üçqat mühasirə əməliyyatı həyata keçirilir. Üçqat mühasirə dedikdə, bir ərazinin üç hissəyə bölünməsi nəzərdə tutulur. Rusiya ordusunun burada itkiləri çox böyükdür. Son əməliyyatlar nəticəsində 3000-ə yaxın rus əsgəri itirilib. Prezident Zelenski də öz çıxışında geriyə dönüşü olmayan itkilərdən bəhs edib.

Rusiya mənbələri Xarkov istiqamətində rusların guya şəhərə 20 km yaxınlıqdakı kəndlərə girmək üzrə olduğu bildirilir. Döyüşdə “girmək üzrə” anlayışı uğur sayılmır. Gərək hansısa məntəqəyə daxil olub nəzarəti tam ələ götürəsən. Ukrayna ordusu buna imkan vermir.  Sadəcə, Putinin təzyiqləri altında rus komandirlər zorla da olsa, böyük itkilər hesabına olsa da, bir qarış da olsun, irəliləməyə çalışırlar.  Putin axı rus xalqına nəsə nümayiş etdirməlidir…

Həmçinin daxili məsələlər də Rusiya ordusunun və Putinin özünün əleyhinə işləyir. Həm ərzaq qıtlığı, həm də yanacaq çatışmazlığı, maliyyə qıtlığı mövcuddur. Bütün bu biabırçılıqlar fonunda nəsə göstərməlidir. Kreml Ukraynanın daxilinə, döyüş getməyən dinc yaşayış məntəqələrinə ağır raket və dron zərbələri endirir. Düzdür, Rusiya tərəfindən edilən raket və dron hücumları nəticəsində ciddi dağıntılar baş verir. Əhali arasında da itkilər olur. Bütün bunlar da Ukrayna xalqının və ordusunun ümumi əhval-ruhiyyəsinə ciddi təsir gəstərərək hərbi əməliyyatların istiqamətini rusların xeyrinə dəyişə bilmir.

Onu da əlavə edim ki, 2024-cü ilin sonunda Donbasda Ukrayna ordusu çox müasir və möhtəşəm mühəndis qurğuları qurub. Həmin sədləri keçmək qeyri-mümkündür. Mən özüm dəfələrlə olmuşam orada, gələn həftə də getməliyəm. Təsəvvür edirsiz, oradan rus hərbçilərini ovcumuzun içindəki kimi görürük.

- Dediklərinizdən belə çıxır ki, Rusiyanın yay hərbi kampaniyası heç bir ciddi uğurla nəticələnməyib…

- Bəli, elədir. Özü də bunu yalnız Ukrayna demir. Bunu Qərbin də, Şərqin də aparıcı hərbi ekspert, siyasi şərhçi və jurnalistləri də deyir. Rusların payız kampaniyası da öncədən məğlubiyyətə məhkumdur. Yağışlar başlayandan sonra Ukraynanın qaratorpaqlı ərazilərində istər canlı qüvvələrin, istərsə də texnikaların irəliləyişi qeyri-mümkündür. Onu da deyim ki, müharibə statistikasına nəzər salsaq, görərik ki, rus qoşunları yay kampaniyasında hər gün, orta hesabla, vur-tut 58 metr irəliləyiblər. Bu da gündəlik yüzlərlə, bəzən mindən çox itkilərlə nəticələnib…

Ən əsası, 2014-cü ildən bəri, Rusiya Silahlı Qüvvələri heç bir vilayət mərkəzini tam işğal edə bilməyib, nə də hansısa bir vilayəti bütöv şəkildə ələ keçirə bilib.  Reallıq bundan ibarətdir. Ən çox işğal edilən Luqansk vilayətini də tam şəkildə nəzarətə ala bilməyiblər. Həmin vilayətin 98-99%-i işğal edilsə də, müəyyən strateji nöqtələr Ukrayna ordusunun nəzarətindədir.

Bu da vacib amildir ki, Ukrayna və Rusiya ordularının idarəçilik sistemləri arasında əhəmiyyətli fərqlər var. Rusiya Silahlı Qüvvələrinin birlikləri mərkəzləşdirilmiş şəkildə Kreml tərəfindən idarə olunur və komandalar yuxarıdan aşağıya gəlir. Bu isə bəzən yerli şərait və situasiyaya uyğunlaşmamağa gətirib çıxarır. Artıq 80 faiz NATO standartlarına uyğunlaşmış Ukrayna ordusunun komandaları isə daha çevikdir və qərarları komandirlər özləri yerində, strateji baxımdan ən uyğun şəkildə qəbul edirlər. Yerlərdəki komandirlər özləri ərazilərinin strateji əhəmiyyətini qiymətləndirir və hansı bölgələrdə müdafiəni gücləndirməli olduqlarını müəyyənləşdirirlər. Bəzi hallarda isə əraziləri tərk etmək və yeni əməliyyatlar keçirmək barədə qərarlar qəbul edilir. Bu cür sistem də Ukraynanın daha uğurlu müdafiəsinə və Rusiya ordusunun böyük itkilər verməsinə imkan yaradır. Bütün bunlar düşüncə və müharibəyə yanaşma tərzidir…

- Moldovada hazırkı prezident xanım Maya Sandunun komandasının növbəti dəfə parlament seçkilərində qalib gəlməsi Kremlin Moldova kimi Ukraynada da hakimiyyəti daxildən dəyişmə planlarının uğursuzluqla nəticələnəcəyinə inamı gücləndirirmi?

- Əlbəttə, elədir. Moldova Ukrayna üçün çox əhəmiyyətli bir dövlətdir. Ukrayna Avropanın 5 dövləti ilə həmsərhəddir: Polşa, Slovakiya, Macarıstan, Moldova və Rumıniya. Slovakiya və Macarıstan hakimiyyətlərində müəyyən mənada ruspərəst adlandırıla biləcək qüvvələr var.

Onu da deyim, xanım Sandunun qələbəsi özü üçün də bir qədər gözlənilməz idi. Heç özü də belə bir nəticəyə 50,2 faiz səs yığmağa və tək başına parlamentə sahib olmasına inanmırdı.  Qalib gələcəyini isə hamı gözləyirdi. Əlbəttə, Moldovada demokratik qüvvələrin qələbəsi Ukrayna üçün böyük uğurdur. Bu ölkə həm də Rusiyanın zəbt etməyə çalışdığı Odessa vilayəti ilə qonşudur. Dnestryanı bölgə amili var və s. Putinin cəhdləri baş tutmadı və bir daha Moldovada demokratik hakimiyyəti devirmək üçün xərclədiyi milyardları batdı…

- ABŞ lideri Donald Trampın gözlənilmədən mövqeyini xeyli dəyişərək, Rusiyanı “kağız pələng” adlandırmasına və Ukraynaya Amerika uzaqmənzilli raketləri ilə Rusiya ərazilərini vurmasına icazə verməsinə necə baxırsınız?

- Hesab edirəm, Trampın siyasətinin son dəyişməsi əslində gözlənilən idi. Tramp istəsə də, istəməsə də, ABŞ prezidenti kimi bu addımları atmağa məcburdur. Onun seçici bazası, yəni 77 milyonluq seçici ordusunun 51%-i, ən pis sorğularda belə, Ukraynanın dəstəklənməsi mövzusunda təkid edir və Amerikanın hazırkı liderini Ukraynaya dəstək verməməkdə qınayır. Ümumən, Amerika üzrə əhalinin 67%-i Ukraynanın dəstəklənməsini istəyir. Bu da göstərir ki, ABŞ-də Ukraynaya dəstək vermək, ümumilikdə, cəmiyyətin böyük bir hissəsi üçün prioritet məsələyə çevrilib. Əslində, bu, gözlənilən idi. Sadəcə olaraq Tramp, bir növ, Putinin ipini əldən verməmək taktikasını yürüdür.

- Yəni ümid edirsiniz ki, ABŞ Ukraynaya uzaqmənzilli raketləri, o cümlədən “Tomohavk”ları da verəcək?

- Diqqət etdinizsə, bu günlərdə Putinin sözçüsü Peskov Amerikanın Ukraynaya “Tomohavk” raketləri verməsi əleyhinə danışdı. Əslində, hələ heç kəs Ukraynaya həmin raketləri vermir. Bu fikir səsləndirilib, sadəcə, Yəni Kreml hələ “Tomohavk”ların verilməsinə belə reaksiya verir.  Gör verilsə, nə edirlər? Onu da deyim, hətta ABŞ Rusiyanın dərinliklərini vura bilən uzaqmənzilli raketlər verməsə, artıq Ukrayna onların analoqlarının istehsalına başlayıb.   Eləcə də Almaniya raketlərinin üzərini Ukrayna sözləri ilə bəzəyib işlətmək də olar. Yəni artıq Ukrayna ətrafında bütövlükdə bir sistem işə düşüb. Bu gün Ukrayna elə NATO deməkdir. Alyansın üzvü yox, özü ayrıca NATO deməkdir. Hazırda Ukraynanın hərbi sənayesinə qoyulan xərcləri yəqin, yalnız ABŞ ilə müqayisə etmək olar. Söhbət 60 milyard dollardan gedir. Bu günlərdə Müdafiə Nazirliyi 3 mühəndis şirkəti ilə 3 milyard qrivnalıq müqavilə bağladı. Yəni Ukrayna artıq, raket texnologiyalarında, mühəndis həlləri və konstruktor məsələlərində dünya üzrə ən önəmli mərkəzlərdən birinə çevrilib.

Rusiya üçün çətin bir dövr başlayır. Həm silahlar var, həm də bu silahları ürəkdən tətbiq edə biləcək çox sayda insanlar var. Yəni Rusiyadan fərqli olaraq Ukrayna xalqı və dövləti əsil mənada, ciddi, incəliklərinə qədər planlaşdırılmış Vətən müharibəsi aparır… 

Mən şəxsən bu prosesin içindəyəm və görürəm, Ukraynada ciddi və strateji axtarışlar gedir. Bu gün Qərbin həll edəcəyi bir neçə vacib məsələ var.  Birincisi, maliyyə məsələləri həll edilir, ikincisi, dron “divarı” düzəldilir.  Hazırda, artıq Ukrayna faktiki olaraq NATO qüvvələrinin nəzarəti altındadır. Ukraynanın hava məkanında NATO təyyarələri uçur. Ukrayna–Polşa sərhədi “F-35”lər və “F-16”larla qorunur. Yəni təyyarələr sərhədi o tərəf-bu tərəfə keçirlər. Odur ki, Ukrayna artıq formal, fiziki olaraq NATO üzvüdür…

- NATO-nun və ümumiyyətlə, Avropa ölkələrinin özünün Rusiya qırıcı və PUA-larının Alyans ərazisinə daxil olmasına ilkin reaksiyasını necə dəyərləndirirsiniz? Başqa cür ola bilərdimi?

- Bizim ürəyimizdən keçərdi ki, NATO ərazisinə Rusiya dronlarının və qırıcılarının uçmasına cavab olaraq Kreml vurulsun, Moskva, Peterburqdakı bütün hərbi müəssisələr və komanda mərkəzləri yer üzündən silinsin. Onu da deyim, qərblilər çox “hiyləgər” yox, ağıllı və təmkinlidirlər. Görürük, Tramp Putini bunkerdən necə çıxardı. Çoxları buna mənfi bucaqdan yanaşır. Əslində, bununla ABŞ lideri dünya ictimaiyyətinə göstərdi ki, biz - amerikalılar sülh sevırik, qanın, müharibənin əleyhinəyik, Qərb müharibə istəmir, NATO müharibə blokudur. Bu minvalla Putini meydana çıxardılar ki, sözünü de. O da nə desin artıq? Müharibəni necə dayandırsın? Xalqı önündə qarşıya qoyduğu məqsədlərin hansına nail olub? Heç nəyə nail olmayıb. Əksinə, 1 miyon 100 min nəfərdən çox canlı itki verib. 100 mindən də çox Rusiya vətəndaşı itkin düşüb. Demək istəyirəm, bütün bunların hamısı ABŞ-nin, NATO-nun hərəkətsizlik kimi görünən davranışları Rusiyanın şirnikləndirilməsinə xidmət edir.

- Ukraynada müharibənin bitməsi haqda hansı proqnozlara üstünlük verirsiniz?

- Ukraynada müharibənin davam edəcəyi haqqənda proqnozumuz dəyişməyib - birdir: biz bu müharibəni 1991-ci il sərhdlərini bərpa edənədək aparacağıq. Buna heç kəsin şübhəsi olmasın. Guya 2022-ci ildə Amerika bizə silah, yaxud maliyyə verirdi ki?.. Əgər düşmən Kiyev yaxınlığına gəlib çıxanda, onun ən güclü vaxtında müqavimət göstərə bildiksə, indi niyə göstərməyək ki? Allaha şükür, Ukraynanın silahı da var, ordusu da var. Hazırda NATO standartlarına uyğunlaşdırılan 18 korpus səviyyəsində hərbi struktur mövcuddur. Bu, zarafat deyil. Bu, kiçik rəqəm deyil. Korpusların birində 50 min civarında hərbçi olur. Düzdür, hazırda hamısı komplektləşdirilməyib. Yəni orta hesabla, hər korpusda, azı 30-35 min nəfər var. Hər korpusa da 10-15 briqada daxildir… Bu mənada, Ukrayna artıq müharibəni udub. Sadəcə, onu fizikiləşdirmək lazımdır. Dediyim kimi, tükəndirmə müharibəsi gedir və o hələ davam edəcək…

Sultan Laçın