“Vaqner” muzdlu şirkətinin rəhbəri Yevgeni Priqojin prokurorlardan Rusiyanın yüksək rütbəli müdafiə rəsmilərinin Ukraynada müharibədən əvvəl və ya müharibə zamanı hər hansı “cinayət” törətmədiyini araşdırmağı xahiş edib.
Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, Priqojinin tələbi onun Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova qarşı bu günə qədər etdiyi ən açıq etiraz olub.
61 yaşlı Priqojin aylarca Rusiyanın hərbi əməliyyatlarına rəhbərlik edən Şoyqu və Gerasimovu “vətənə xəyanətdə” ittihamlayaraq təhqir edib. Amma onların heç biri buna açıq cavab verməyib.
“Bu gün mən Rusiya Federasiyasının İstintaq Komitəsinə və Prokurorluğuna məktublar göndərdim ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri xüsusi hərbi əməliyyatın hazırlanması və keçirilməsi zamanı cinayətin olub-olmadığını yoxlasınlar”, - deyə Priqojin bildirib. “Bu məktublar dərc olunmayacaq, çünki bununla bağlı istintaq orqanları məşğul olacaq”, - o, əlavə edib.
“Vaqner”in yaradıcısı və Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı olan Priqojin Ukraynada 15 ay davam edən müharibədə geniş şöhrət qazanıb.
Keçmiş restoran müdiri Priqojin ötən həftə verdiyi açıqlamada istehza ilə deyib ki, “Putinin aşpazı” ləqəbi gülüncdür, “Putinin qəssabı” ləqəbi daha uyğun olardı.
Putinə bağlılığının siyasi mövqeyinin bir parçası olduğunu bildirən Priqojin, “Ölkəmi sevirəm və Putinə xidmət edirəm” deyib.
Bu həftə verdiyi açıqlamalarda o, Kremlin yüksək rütbəli məmurlarını medianın onun və “Vaqner” qrupu haqqında məlumat yaymasına mane olduqlarına görə tənqid edib.
“Vaqner” qrupu Ukraynada Rusiya qüvvələri ilə birlikdə döyüşür və bu ayın əvvəlində rusların əlinə keçən Ukraynanın şərqindəki Baxmut şəhərində bir neçə ay davam edən hücuma rəhbərlik edib.