Bir müddət əvvəl Rusiyaya qaçdığı bildirilən milyarder oliqarx Ruben Vardanyan Moskva səfərindən sonra yenidən Xankəndidə peyda olub.
Hafta.az erməni KİV-lərinə istinadla yazır ki, özünü “dövlət naziri” adlandıran Vardanyan bir gün əvvəl tabeliyində olan işçilərlə görüş keçirib və onlara “blokada şəraitində” yaşamaq barədə göstərişlər verib. Oliqarx “Qarabağda mövcud olan böyük güc”dən də danışıb. Vardanyanın fikrincə, bu “böyük güc” kənardan görünmür, lakin ondan çətinlikləri aradan qaldırmaq üçün istifadə etmək olar.
Qeyd edək ki, 65 gündür Laçın yolunda azərbaycanlı fəalların etiraz aksiyaları keçirilir. Bu yoldan yalnız Qızıl Xaç və rus hərbçilərinin maşınları istifadə edir. Belə olan şəraitdə separatçıların hər iki başçısı - Arutyunyan və Vardanyanın ayrı-ayrı zamanlarda Rusiyaya səfər etmələri və geri qayıtmaları müəyyən suallar doğurur.
Hazırda ikili arasında ciddi fikir ayrılıqları və zidiyyətlər olduğu artıq məlumdur. Ermənistanın “Past” qəzetinin yazdığına görə, bu ziddiyyətlər əsasən Qarabağın ermənilər yaşayan hissəsinin “status məsələsi” və onun gələcəyi ilə bağlıdır. Arutyunyan Azərbaycanla inteqrasiyanın qaçılmazlığına meyllidirsə, Vardanyan hesab edir ki, bunu etmək olmaz. “Qarabağda faktiki olaraq iki güc qütbü formalaşıb, onlardan birində Paşinyan və Arutyunyanın siyasətini dəstəkləyən dövlət məmurları, digərində isə Vardanyan tərəfdarları var. Bununla belə, blokada nəticəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq, tərəflər indiyədək birbaşa qarşıdurmadan çəkiniblər”, - “Past” yazır.
İndi isə separatçı rejimdə "Konstitutisiya böhranı" yaşanır. Artıq separatçıların keçmiş "müdafiə naziri" olmuş Samvel Babayanın da Xankəndinə getdiyi bildirilir. Onun Vardanyanı əvəzləyəcəyi, "dövlət naziri" olacağı bildirilir. Görünən odur ki, artıq Xankəndidəki separatçı rejimin son akkordları çalınmaqdadır. Kənardan dəstək və mövcud "statuskvo"nu saxlamaq cəhdləri də nəticə vermir.