Vasif Əliyev: Gündəlik yoluxma statistikasına dırnaqarası baxmamalıyıq

15:44 18.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artımı gözlənilən idi. Çünki daha öncə də qapanmalar zamanı koronavirusa yoluxanların sayında azalma müşahidə olunub, daha sonra təkrar yumşalmalara gedildikdən müəyyən müddət sonra yenidən artım qeydə alınırdı. Bir ildən çoxdur ki, COVID-19-la mübarizə aparırıq. Belə halların bir neçə dəfə şahidi olmuşuq. Səbəb yumşaldılmalardan sonra təmasların artımıdır. Yoluxanlarla təmas zamanı qorunma vasitələrinin düzgün istifadə edilməməsi virusun ötürülməsini asanlaşdırır. Nəticədə yoluxma sayları getdikcə artır. Ümumiyyətlə, qorunma tədbirlərinə əvvəlki kimi ciddi riayət olunmur. Burada yenə də vətəndaş məsuliyyəti ön plana çıxır. İstər ictimai nəqliyyat vasitələri, istərsə də qapalı məkanlarda qorunma tədbirlərinə nə qədər doğru şəkildə əməl olunsa, bir o qədər çox qorunmuş oluruq.

Bunu TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev deyib.

Həkim-infeksionist bildirib ki, maskalardan doğru istifadə olunmaması da yoluxma saylarında artıma səbəb ola bilir: “Bəzi vətəndaşlar maskaya sanki qorunma vasitəsi kimi deyil, daha çox cəzadan yayınmaq vasitəsi kimi yanaşırlar. Ya maska doğru istifadə olunmur, yəni maska burunun və ya çənənin altında olur, ya da ondan dəfələrlə istifadə olunur. Tibbi və ya cərrahi maskaların istifadə müddəti 6-8 saatdır. Vətəndaşların əksəriyyəti maskanı cibində gəzdirir və həftələrlə istifadə edir. Bu zaman maska yararsız hala düşür. Maskanın belə istifadəsi zamanı dolayı yolla özümüzü də yoluxdura bilərik. Bundan əlavə, parça materialından olan maskalardan istifadə olunur ki, onların da hər hansı bir qoruyuculuğu yoxdur. Təəssüf ki, bunlar əhali arasında çox geniş istifadə olunur. Müxtəlif rəngli, bəzəkli parça maskalar sadəcə görüntü xarakteri daşıyır və cəzadan yayınmaq məqsədilə taxılır. Əgər onlar qoruyucu olsa idi, o zaman hər kəs evində bu maskanı hazırlayıb istifadə edə bilərdi. Bu zaman sterilizə olunmuş şəkildə, xüsusi şəraitdə hazırlanan maskalara o qədər ehtiyac olmazdı”.

V.Əliyev bayram günlərində yoluxma hallarının artmaması üçün vətəndaşlara tövsiyələrini də verib: “Qarşıdan Novruz bayram günləri gəlir. Gediş-gəliş artacaq və insanlar bir-biriləri ilə daha çox təmasda olacaqlar. Nəticədə yoluxma hallarının artımı davam edə bilər. Hər kəsə bayramı öz evində ailəsi ilə qeyd etmək tövsiyə olunur. Əks-təqdirdə yoluxma halları elə həddə gəlib çata bilər ki, noyabr-dekabrda olan hadisələri yenidən yaşaya bilərik. Gündəlik yoluxma statistikasına dırnaqarası baxmamalıyıq, yoxsa yenidən dördrəqəmli sayları görə bilərik. Toplum olaraq qış aylarında bir çox vətəndaş virusa yoluxub sağaldı və onlarda qoruyuculuq yarandı. Yanaşı olaraq peyvəndləmə prosesi gedir. Bir şeyi də nəzərə almaq lazımdır ki, bu xəstəlikdən yaranmış anticisim bəzən daha qısa müddətdə yox ola bilir. Yəni daimi olaraq qalmır. Təcrübədə təkrar yoluxmalar da qeydə alınır. Ona görə də “xəstəliyi əvvəl keçirmişəm və məndə anticisim var” və ya “peyvənd olunmuşam arxayın ola bilərəm” kimi fikirlərdən yayınmaq lazımdır. Həmin şəxslər də hər kəs kimi qorunma tədbirlərinə əməl etməlidirlər”.