Vətən müharibəsi şəhidi Famil Əhmədzadənin ölümündən sonra təltif olunduğu 3-cü dərəcəli “Rəşadət” ordeni İsmayıllı rayonunda ailəsinə təqdim edilib.
Hafta.az xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Əfran Nəbiyev şəhidin ailəsini ziyarət edib, igid döyüşçünün hər kəsə örnək olan şərəfli həyat yoluna nəzər salıblar.
Görüşdə Vətən müharibəsində qazanılan tarixi Qələbənin əhəmiyyətindən danışılıb, Famil və onun kimi şəhidlərimizin xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Famil Əhmədzadənin təltif edildiyi 3-cü dərəcəli “Rəşadət” ordeni ailə üzvlərinə təqdim olunub.
Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Famil Ağaəhməd oğlu Əhmədzadə 1975-ci ildə anadan olub. İbtidai təhsilə 1982-ci ildə Eldar Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə başlayan Famil orta məktəbi 1992-ci ildə əlaçı məzun kimi bitirib. Həmin il Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna daxil olub və 1997-ci ildə bu ali təhsil ocağını fərqlənmə diplomu ilə bitirib. O, məzunu olduğu İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi fəaliyyətə başlayıb. 1999-cu ilin əvvəlində hərbi xidmətə yola düşüb. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən həmin məktəbdə müəllim kimi fəaliyyətini davam etdirib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb və Vətən uğrunda döyüşlərdə taqım komandiri kimi iştirak edib. O, Talış və Suqovuşanın işğaldan azad edilməsində böyük şücaət göstərib. Cəsur döyüşçü oktyabrın 13-dən 14-nə keçən gecə qəhrəmancasına şəhid olub. Famil Əhmədzadə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.