Vətən müharibəsindəki şəhidlərimizin ailələri mənzil və fərdi evlərlə təmin ediləcək

11:42 13.11.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri daima dövlətin diqqət mərkəzindədir. 44 günlük Vətən müharibəsinin başa çatmasından dərhal sonra Prezident İlham Əliyevin xəstəxanada müalicə alan yaralı hərbiçilərə baş çəkməsi  və onların səhhəti ilə maraqlanması bunun bariz nümunəsidir. Həmin görüşdə dövlət başçısı bir daha bildirib ki, bu kateqoriyadan olan insanlar həmişə dövlətin qayğısı ilə əhatə olunacaqlar: “Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu, ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və nəzarəti altında müasir protezlər gətirilir. O protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz".

Ölkə Prezidenti həmçinin dövlət qurumlarına, özəl şirkətlərə müraciət edərək yaralanmış hərbiçilərin işlə təminatında xüsusi addımlar atılacağını deyib:"Sizin gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. Biz bunu daim nəzərə alacağıq”.

O, həmçinin şəhid ailələrinin problemlərinin də öz həllini tapacağını qeyd edib: “Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir ”.

Yeri gəlmişkən, şəhid ailələri və Vətən müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı yeni sosial dəstək tədbirləri həyata keçiriləcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bildirdiyinə görə, dövlət başçımızın tapşırıqlarına uyğun olaraq şəhid ailələrinin, müharibə əlillərinin həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, bu il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi işləri aparılır. Onlardan böyük əksəriyyəti artıq verilib və proses davam edir. Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinin və bu müharibədə əlilliyə məruz qalmış şəxslərin də Prezidentin tapşırığına əsasən mənzil və fərdi evlərlə, habelə müharibə əlillərinin avtomobillə təminat proqramları həyata keçiriləcək.

İclasda şəhid ailələri və Vətən müharibəsi əlilləri, habelə erməni terrorundan zərər çəkmiş mülki şəxslərlə bağlı aşağıdakı digər istiqamətlər üzrə yeni sosial dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Bu tapşırıqlara uyğun olaraq, şəhid ailələrinin, müharibə əlillərinin və digər iştirakçılarının özünüməşğulluq proqramına növbədənkənar cəlb olunmaqla, onların proqram çərçivəsində kiçik bizneslərinin qurulması işləri daha da genişləndiriləcək. Şəhid ailələrinin və müharibə əlillərinin maddi vəziyyəti nəzərə alınmaqla, ünvanlı sosial yardım proqramının onlar üçün daha əlçatan olması və bu proqramla əhatə olunmaları üçün bütün müvafiq dəstək təmin olunacaq. Şəhid ailələrinin üzvlərindən və müharibə əlillərindən, müharibə iştirakçılarından işsiz və işaxtaran olan vətəndaşların məşğulluq məsələlərinin operativ həlli, onlara vakansiya məlumat bazasında olan iş yerlərinin təklif edilməsi, sosial tərəfdaşlarla birgə bu sahədə sıx əməkdaşlığın qurulması, DOST İş mərkəzi tərəfindən də onlar üçün uyğun, münasib vakansiyalar təqdim ediləcək.

Şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və digər iştirakçılarının məşğulluğunun təşviqi məqsədilə bu sahədə işəgötürənlər üçün stimullaşdırıcı tədbirlərə dair təkliflərin hazırlanacaq, əməkhaqlarının birgə maliyyələşdirilməsi proqramının əsasən bu istiqamətdə tətbiq ediləcək. Müalicə kurslarından sonra müharibə əlillərinin bərpa xidmətləri ilə geniş şəkildə əhatə olunması, son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya müəssisələri bu məqsədlə tam gücü ilə işə salınacaq.

Dövlət başçısının müvafiq Sərəncamına əsasən, Nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində qurulmuş yüksək texnologiyalı protezlərin istehsalı sexində müharibə əlilləri üçün funksional protezlərin, bioprotezlərin istehsalına başlancaq. Müharibə əlillərinin reabilitasiya vasitələri ilə təminatı işlərinin operativ həyata keçiriləcək. Erməni terroruna məruz qalmış mülki şəxslərə ehtiyac duyduqları sosial dəstəyin göstərilməsi, onların terror nəticəsində ziyan dəymiş, dağılmış kiçik müəssisələrinin bərpasına özünüməşğulluq proqramı çərçivəsində dəstək verilməsi, habelə erməni terroru nəticəsində heyvanları tələf olmuş mülki şəxslərə özünüməşğulluq proqramı çərçivəsində heyvanların alınıb verilməsi və s. nəzərdə tutulur.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 7 rayonda 35 fərdi yaşayış evi (o cümlədən Qəbələdə 10, Şəkidə 8, Daşkəsəndə 6, Lerikdə 5, Kürdəmirdə 4, Oğuzda 1, Gədəbəydə 1) bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib.Ümumilikdə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Bu arada vurğulamaq yerinə düşər ki, Qarabağ müharibəsində sağlamlığını itirmiş hərbi qulluqçularının sağlamlığının bərpa olunmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri var. Belə ki, Qarabağ müharibəsində yaralanmış əsgər və zabitlərin sağlamlıqlarının bərpa olunması, fəal həyata qayıtmaları üçün müvafiq tədbirlərin görülməsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın daimi nəzarətindədir və bu şəxslər onun diqqət və qayğısı ilə əhatə olunub. Məsələn, təkcə bir məqamı deyək ki, Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi həyata keçirilir. 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu tərəfindən 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezlərə ehtiyacı olan hər bir əsgər və zabitlərlə görüşlər keçirilib, onlar yüksək texnologiyalı protezlərlə təmin olunublar. 

Tətbiq olunan protezlərin texniki göstəricilərinə gəlincə, bunlardan biri Harmony P3 - aktiv vakuum sistemli transtibial protezidir. “Harmony P3” aktiv vakuum sistemli transtibial protez soket və dinamik karbon ayaq arasında quraşdırılan aktiv vakuum cihazı ayağın amputasiya olunmuş hissəsi sayılan güdül və soket arasında neqativ təzyiq yaradır. Bu neqativ təzyiq sayəsində protezlə ayaq bir-birinə maksimum uyğunlaşmış olur və nəticədə ayaq protezlə bir vəhdət təşkil edir, istifadəçi protezi ayağının davamı kimi hiss edir və daha rahat addım atır. Aktiv vakuum sisteminin yaratdığı neqativ təzyiqin daha bir vacib xüsusiyyəti güdülün qan dövranını yaxşılaşdırmasıdır. Bu da yaralı güdüllərin tezliklə sağalmasını təmin edir. Aktiv vakuum sistemli protez amartizator və rotasion xüsusiyyətlərə malikdir. Bu cəhətlər protezin hərəkət zamanı yer səthlərinə uyğunlaşmasını təmin edir. Protezin istifadə rahatlığını artırmaq məqsədi ilə dinamik, hər növbəti addımın atılmasına təkanverici xüsusiyyətə malik “Triton” karbon ayaq quraşdırılıb.

“Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protez isə dizüstü amputasiyalarda geniş tətbiq olunan, Yaponiyanın “Nabtesco” şirkətinin mühəndislərinin təkmilləşdirdiyi elektronik diz oynağıdır. Mütəxəssislər dayaq-hərəkət sisteminin biomexanik xüsusiyyətlərini əsas tutaraq protezin insanın təbii hərəkətinə maksimum uyğunluğunu təmin ediblər. “Hybrid” diz oynağının daxilində 2 ədəd yüksək həssaslı sensor var. Onlar vasitəsilə hərəkət zamanı yer səthindən alınmış hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə ötürülməklə, hərəkət zamanı dəyişik zəminlərə uyğunlaşmanı təmin edir.

“BeBionic 3” bionik transhumeral protez funksionallığı və istifadə rahatlığı baxımından dünyada geniş tətbiq olunan bionik əl protezidir. Protezdə 2 ədəd həssas elektrod sayəsində baş beyindən alınan hərəki siqnallar mikroprosessor idarəetmə sisteminə, orda işləndikdən sonra isə protezə quraşdırılmış mühərriklərə ötürülür. Bu mühərriklər hər bir barmağın sərbəst hərəkətini yaratmaqla istifadəçinin faydalana biləcəyi dəyişik hərəkətləri təmin edir. “BeBionik3” əl protezinin bilək oynağı da elektronik idarəetməli olub, 360 dərəcə dönə bilir. Dirsəküstü amputasiyalarda istifadə edilən dirsək oynağı da elektronik olaraq açılıb-bükülmə imkanına malikdir.

Silikon kosmetik ayaq protezləri- silikon kosmetik ayaq protezləri aşağı ətrafın Saym, Şopart və Lisfrank amputasiyaları üçün uyğun olub, dəriyə zərərsiz və allergik təsirsiz təbii silikondan hazırlanır. Silikon kosmetik protezlər istifadəçinin dəri rəngi və ayağın anatomik qurluşuna uyğun olaraq fərdi hazırlanır. İstifadəsi və geyinilməsi çox rahatdır və görüntü olaraq təbii ayaqdan çox da fərqlənmir.

Mövzu ilə bağlı hafta.az-a danışan millət vəkili Tahir Rzayev də bildirib ki, Qarabağ müharibəsi, şəhid ailələri həmişə dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Onun sözlərinə görə, həm Vətən müharibəsinin davam etdiyi dövrdə, həm də Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Ali Baş Komandan İlham Əliyevin məhz yaralı hərbiçilərlə görüşməsi bu kateqoriyadan olan insanlara göstərilən diqqətin bariz nümunəsidir: “Hesab edirəm ki, onlar ən yüksək qiymətə və hörmətə layiqdirlər. Çünki biz Ali Baş Komandanın rəhbərliyi altında qazanılan qələbəni əsgər və zabitlərimizə borcluyuq. Düzdür, Azərbaycanda müharibə əlillərinə və şəhid ailələrinə böyük diqqət var. Onlara müavinətlər təyin olunub, mənzil şəraitləri yaxşılaşdırılıb. Eyni zamanda, sağlamlıqlarının bərpa olunması üçün Heydər Əliyev Fondu tərəfindən mütəmadi olaraq dəstək verilir. Bundan başqa, Qarabağ əlilləri avtomobillə təmin edilir, işlə bağlı məsələlərdə onlara xüsusi güzəştlər var və s. Amma hesab edirəm ki, onlar üçün nə etsək yenə də azdır. Çünki bu insanlar heç nəyi düşünmədən Vətən yolunda canlarını fəda ediblər. Düşünürəm ki, biz hamımız onlara borcluyuq. Bu insanlara yalnız dövlət səviyyəsində deyil, cəmiyyət olaraq dəstək olmalıyıq. Təbii ki, həmişə olduğu kimi bundan sonra da dövlət həm Qarabağ müharibəsi əlillərinin, həm də şəhid ailələrinin yanında olacaq. Amma bu məsələdə ayrı-ayrı qurumlar, özəl şirkətlər, məmurlar, millət vəkilləri olaraq biz də dəstəyimizi əsirgəməməli, həmişə onların yanında olduğumuzu göstərməliyik ”.