Xəbər verdiyimiz kimi, Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.
Hafta.az-ın məlumatına görə, aktyor sabah dəfn ediləcək.
Nəzərinizə çatdıraq ki, aktyor dekabrın 2-də ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.
Qeyd edək ki, 1976-cı ildən Akademik Milli Dram Teatrında çalışan sənətkar onlarla səhnə əsəri və filmlərdə maraqlı obrazlarla yadda qalıb.
Rafael Dadaşov Azərbaycan Dövlət Televiziyasında hazırlanmış çoxlu tamaşaların iştirakçısı olub. Həmin teletamaşalar içərisində Anarın "Ötən ilin son gecəsi" (Rüstəm), K.Holdoninin "Mehmanxana sahibəsi" (Sinyor Kavaler), Aslan Qəhrəmanovun "Səni axtarıram" və "Bağışla" (Vasif müəllim), Ruhəngiz Qasımovanın "Yollar görüşəndə " (Həmid), Hüseyn Cavidin "Topal Teymur" (Orxan), Üzeyir Hacıbəyovun "Ordan-burdan" (Həmid), İlyas Əfəndiyevin "Mənim günahım" (Sahib), İslam Səfərlinin "Göz həkimi" (Rauf), A. Rafın "İblis qadın" (Şef) və s. oynadığı obrazlar daha yaddaqalan və uğurludur.
Aktyor "Var olun qızlar" (İsa), "Yarımçıq qalmış serenada" (Saksofonçu), "Bəxt üzüyü" (Rasim), "Mənim ağ şəhərim" (Baş mühəndis) bədii, "Qaçaq Süleyman" (Qraf Vorontsov) televiziya filmlərinə də çəkilib.
Allah rəhmət eləsin!