Konstitusiyanın 28-ci maddəsində təsbit olunan azadlıq hüququnun ən vacib meyarlarından biri qanuni şəkildə ölkədə olan şəxslərin sərbəst hərəkəti ilə bağlıdır. Analoji hüquqi mövqe eyni zamanda bütün beynəlxalq aktlarda təsbit olunub və bu mənada sülhməramlıların vətəndaşlarımızın Azərbaycanın suveren əraziləri daxilində hərəkətinə maneə törətməsi həm dövlətdaxili, həm də beynəlxalq hüquqa ziddir.
Bunu hafta.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:
“Daha geniş çərçivədə yanaşsaq, Rusiya sülhməramlılarının davranışları çox təhlükəli tendensiyalardan xəbər verir. İlk növbədə sülhməramlılar separatçıları açıq formada müdafiə etməklə, tərəfsiz sülh missiyası olmadığını, Xankəndidəki mütəşəkkil cinayətkar - terrorçu qruplaşmaya himayədarlıq etdiyini göstərdi.
İkincisi, sülhməramlılar separatçıları yalnız müdafiə etmir, həm də Azərbaycanın sərvətlərinin talanmasına ən azından göz yummaqla bu cinayətə ortaq olurlar. Üstəlik, vətəndaş cəmiyyətinin nümayəndələri və media mənsublarını talanan ərazilərimizə buraxmamaqla prosesdə sülhməramlıların özlərinin maraqlı tərəf olduğu qənaətini formalaşdırır.
Bütün bunlar təbii ki, sərvətlərimizin cinayətkarcasına talanmasının davam etməsinə şərait yaradır, Azərbaycan və Ermənistan arasında ziddiyyəti daha da dərinləşdirərək sülh perspektivinə zərbə vurur. Açıq desək, bu gün sülhməramlılar bölgədə sülh prosesinin, vətəndaş cəmiyyətləri arasında birbaşa dialoqun qarşısında əsas maneəyə çevrilib. Xankəndi və ətraf ərazilərdə yaşayan erməni vətəndaşlarımız bunu nə qədər tez başa düşsələr bir o qədər yaxşı olar. Çünki yaxın tarix - 44 günlük savaş, Fərrux və Qisas əməliyyatlarının timsalında hər kəs gördü ki, Azərbaycanın qarşısında nə sülhməramlılar, nə də digər hər hansı üçüncü tərəf dayana bilmədi və bundan sonra da separatçıları da, Ermənistanı da Azərbaycanın dəmir yumruğundan kimsə xilas edə bilməyəcək. Yəni bu mənada Xankəndidə yurisdiksiyamızın bərpası, üçrəngli bayrağın dalğalanması an məsələsidir”.