Xətai Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edildikdən sonra, sözügedən rayonda abadlıq, tikinti və quruculuq işləri geniş vüsət alıb. Rayonun əksər küçələri abadlaşır, yolları asfatlanır, səkilər salınır. Sovet dönəmindən zəbt olunmuş qanunsuz bağlar sökülərək, yerinə abad məhəllələr salınır.
“Həftə işi”nin əməkdaşı olaraq yolumuzu Xətai rayon Nəsrəddin Tusi küçəsində yerləşən 9 və 19 saylı yaşayış binalarının həyətindən saldıq. Sözügedən binalar mərkəzi yola çox yaxın idi. Əraziyə texnika və işçi briqadası cəlb edilmişdi. Ərazidə abad məhəllə salınırdı.
Zakir Hüseynov adlı sakin bildirdi ki, bir hektara yaxın ərazi, sözün əsl mənasında, zibilxanaya çevrilmişdi. Onun sözlərinə görə, sakinlərin Xətai RİH başçısına edilən müraciətindən sonra, ərazidə abadlıq işləri aparılır, müasir tipli park salınır. Qanunsuz bağlar sökülüb, ağaclarda budanma işləri aparılıb, ərazi məişət tullantılarından təmizlənib: “Özünüz də gördüyünüz kimi, tikinti işləri sürətlə gedir. Parkda uşaq və mini-futbol meydançaları salınacaq, idman qurğuları, trenajorlar, uşaq oyunçaqları, oturacaqlar, söhbətgahlar, küçə işıqları quraşdırılacaq. Eyni zamanda, ahıl adamlar və veteranlar üçün parkın ərazisində Veteranlar Guşəsinin də tikilməsi nəzərdə tutulub. Tikinti işlərinə RMKTB-nin rəis müavini Qafar müəllim və eləcə də binalara baxan 87 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Elşən Əliyev nəzarət edir. Elşən müəllim Mənzil-Kommunal İstismar Sahəsinə təzə rəis təyin edilib. Çox işgüzar adamdır, bütün günü ərazidə olur. Baxmayaraq ki, bazar günüdür, həftənin iş günü deyil, bütün işçiləri ilə ərazidədir. Yaşadığımız küçədən keçmək olmurdu. Qısa bir zamanda çox böyük işlər görülüb. RİH başçısı Rafiq müəllim hər gün əraziyə gəlir, işlərin gedişatı ilə maraqlanır, göstəriş və tapşırıqlarını verir. Bir sözlə, rayonda gedən abadlıq işlərinə özü rəhbərlik edir”.
Məhəmməd Şərifov, Həmid Həsənov, Ələsgər adlı sakinlər Nəsrəddin Tusi küçəsi, 31 və 32 saylı binalarda yaşadıqlarını söylədilər: “Abadlıq işlərinin aparılması biz sakinlərin ürəyincədir. Yaşadığımız binaların həyəti bərbad vəziyyətdə idi, hər tərəf qanunsuz bağlara çevrilmişdi, natəmizlik baş alıb gedirdi. Həyətə çıxmaq olmurdu. Sakinlərin istirahəti üçün heç bir şərait mövcud deyil. Köhnə bir oturacaq belə yoxdur ki, isti günlərdə həyətə çıxıb dincələk. Yayda isti beton evlərdə nəfəs almaq olmurdu. Uşaqların oynaması üçün heç bir şərait yox idi. Rafiq müəllimin göstərişi ilə qanunsiz çəpərlər və bağlar sökülür, ərazilərdə təmizlik və abadlıq işləri aparılır, yerində isə park salınır”.
Sakinlər aparılan abadlıq işlərinə görə, Prezident İlham Əliyevə, Xətai RİH başçısı Rafiq Quliyevə, Xətai RMKTB-nin rəhbərliyinə və 87 saylı MKİS-nin rəisi Elşən Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
İşin gedişatına nəzarət edən 87 saylı MKİS-in rəisi Elşən Əliyev “Həftə içi”nə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Nəsirəddin Tusi, General Şıxlinski və Neapol küçələrində də abadlıq işləri aparılır: “Qanunsuz zəbt olunmuş bağların söküntüsünə başlamışıq. Ərazilər zibilliklərdən təmizlənərək yerində sakinlərin istirahəti üçün abad məhəllə salınacaq. Nəsrəddin Tusi 9 və 19 saylı binaların həyətində, artıq parkın tikintisinə başlanılıb. Müasir tələblərə cavab verən abad məhəllə salınır. Ağac və kollara kimi əkiləcək. Ağacların diblərinə su xətti çəkiləcək və yaşıllıqlara qulluq ediləcək, vaxtlı-vaxtında suvarılacaq. Tullantılar üçün qutular qoyulub. Bütün işlər planlı şəkildə həyata keçirilir. Qısa bir vaxtda parkın tikintisi başa çatdırılaraq sakinlərin ixtiyarına veriləcək. Bu işlərin aparılmasına RİH başçısı şəxsən özü nəzarət edir. Məqsədimiz tabeliyimizdə olan bütün binaların həyətlərini ”Bizim həyət layihəsi” çərçivəsində abad məhəlləyə çevirməklə sakinlərimizin istirahəti üçün hər cür şərait yaratmaqdır”.