Xətaidə yaşayış binaları dezinfeksiya olunmur

19:39 22.06.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

COVİD-19  pandemiyasına qarşı ölkə başçısının və eləcə də  Nazirlər Kabinetinin hər bir tapşırıq və sərəncamına aidiyyəti qurumlar tərəfindən sözsüz əməl ediməlidir. İlk oncə yerlərdə vaxtlı-vaxtında dezinfeksiya işləri aparılmalıdır. Təəssüflər olsun ki, paytaxtın Xətai rayonu, Neapol küçəsində yerləşən  24, 26a  və 28 saylı yaşayış binalarında, nədənsə, dezinfeksiya işləri aparılmır.

Sakinlərdən Elman Bayramov bildirdi ki, 26 a saylı binada yaşayır. Onun sözlərinə görə, COVİD-19  pandemiyası dünyanı çənginə alıb. Paytaxtda  əhali arasında geniş yayılmağa başlayıb.  Karantin rejimi tətbiq edilib, amma yaşadıqları binada nədənsə dezinfeksiya işləri aparılmır. Yaşadığımız binanın girəcəklərində, zirzəmisində və eləcə də sakinlərin sıx toplaşdığı ərazilərdə  dezinfeksiya işləri aparılmayıb: “Karantin rejiminə qədər hər gün sakinlər çıxıb həyətdə oturur, uşaqlar isə oynayırdılar. Həyətdəki oturcaqları,  söhbətgahları, uşaq oyuncaqlarını gəlib dezinfeksiya etmirlər. Aidiyyəti qurumlar mərkəzi küçələri dezinfeksiya edir. Hər gün bloklarla onlarca insan mərtəbələrə çıxıb-düşür, nədənsə gəlib girəcəkləri, binaların mərtəbələrini, pilləkənləri, liftləri dezinfeksiya etmirlər.  Yeri gəlmişkən deyim ki, elə xəstəliyin yayılma riskinin də artmasının bir səbəbi  yaşayış binalarında  və zibil qutuları qoyulan ərazilərdə dezinfeksiya işlərinin aparılmamasıdır”.

 Xətai Rayon Mənzil Kommunal  Təsərrüfatı Birliyi şöbəsinin müdiri Ramiz Əliyev “Həftə içi”nə  26a  saylı binanın  Rayon MKTB-nin  tabeliyində olmadığını bildirdi. Birliyin sözçüsü vurğuladı ki, sözügedən bina (yenitikili) təzə tikilib. Binanın özünün komendantı var: “Komendat tərəfindən  həmin binanın lifti gündə 2-3 dəfə, girəcəklər və mərtəbələrində isə hər gün dezinfeksiya işləri aparılmalıdır. Bu haqda  26a saylı binanın komendantı Mahir müəllimə məlumat veriləcək”.