Üç il öncə ölkə başçısı göstəriş yarımçıq çoxmərtəbəli binaların qalmaması ilə bağlı göstəriş vermişdi. Şirkətlər tərəfindən həmin binaların tikintisi başa çardırılmalıdır. Əhalinin sosial problemləri, xüsusilə də qaz, işıq və su problemləri öz həllini tapmalıdır. Təəssüflər olsun ki, Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində hələ də sakinlər bu cür problemlərlə üzləşirlər. Bir qrup sakin “Həftə içi”nə şikayətləndi ki, Xırdalan şəhəri Həzi Aslanov küçəsi, 21-də qalırlar. Onların sözlərinə görə, Xələfli MTK Tikinti Şirkəti həmin ünvanda göydələnlər tikib.Təxminən, 12 il bundan əvvəl həmin binalardan mənzil alıblar. Təəssüflər olsun ki, sözügedən binalarda hələ də tikinti işləri tam başa çatdırılmayıb.
Sözügedən ünvanda olduq. Binaları “Xələfli” və “Avroqrand” MMC Tikinti şirkətləri tikib. Binanın birində isə tamamlanma işləri başa çatdırılmayıb. Kvadratşəkilli olan binaların həyətində hələ də kran dayanıb. Hər tərəf natəmizlik içindədir, qazıntılar aparılıb. Sakinlərin dediklərinə görə, binaların həyətində fəvvarə tikilməlidir. Tikinti işləri yarımçıq qalıb. Həyətə çıxmaq, pəncərələri açmaq olmur. Toz mənzillərə dolur.
Ramil adlı sakin dedi ki, 12 ildir “Xələfli” MTK-dan 3 otaqlı mənzil alıblar: “Sevindik, dedilər ki, binada hər cür şərait yaradılacaq. Neçə illərdir ki, qaz üzünə həsrət qalmışıq. Elektrik enerjisi isə bahadır. İmkansız adamlarıq. Qışda soyuqdan donuruq, yayda isə istidən bişirik. 12 ildir ki, 7 göydələni tikib təhvil verə bilmirlər. Əvvəlcə 200 manat işığa sakinlərdən pul yığıldı. Mənzillərə sağaclar qoyulub. İşıq hələ də dövlətə təhvil verilmədiyindən sakinlər işlətdiyi işığın 1 kilovatına 9 qəpik ödəməli olurlar. Mənzillərə qaz xəti çəkilməsi üçün sakinlərdən ailə başına 600 manatdan pul yığılıb. Binaya qaz xətti çəkilib, hələ də qaz verilmir. Şikayətimizə baxan yoxdur. Qazla bağlı müraciət edirik, deyirlər ki, mavi yanacaq veriləcək. Nə vaxt veriləcək bilinmir”.
Nihad adlı digər bir sakin dedi ki, 12 ildir ərazidə tikinti gedir. Bu illər ərzində yaxın ərazilərdə nə qədər bina tikilib: ”Yaşadığımız binanın arxa tərəfində bir il ərzində 7-8 çoxmərtəbəli binalar tikilib, istifadəyə verilir, amma bizim binalar hələ də təhvil verilməyib. Həyət bərbad vəziyyətdədir. Bir neçə binada tamamlanma işləri başa çatdırılmayıb. Sakinlərin asudə vaxtlarında istirahəti üçün binaların həyətində normal bir şərait yoxdur. Əhali pul verib, mənzil alıb. Artıq bu cür yaşamaqdan cana doymuşuq”.
Sakinlər ümidlərini, ancaq ölkə rəhbərliyinə bağlayıblar.