Yağışlar çaylarda sululuğun artmasına səbəb olub

14:21 07.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son günlər ölkə ərazisində intensiv yağışlar nəticəsində respublikanın yerli çaylarında sululuq artıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev AZƏRTAC-a bildirib ki, ötən günlər müşahidə olunan azsulu dövrlə müqayisədə Böyük Qafqaz çaylarında 77 faiz, Kiçik Qafqaz çaylarında 70 faiz, Lənkəran-Astara bölgəsi çaylarında isə 200 faiz artım qeydə alınıb.

Qonşu ölkələrdə yağışlar nəticəsində tranzit çaylarda da sululuğun artımının müşahidə olunduğunu diqqətə çatdıran A.Verdiyev deyib: “Kür-Qıraqkəsəmən məntəqəsində sululuq 39 faiz, Qanıx-Cəlayir məntəqəsində isə 21 faiz artıb. Sentyabrın 6-da və 7-də Zaqatala rayonu ərazisindən axan Talaçay-Zaqatala məntəqəsindən və sentyabrın 7-də Balakən rayonu ərazisindən axan Balakənçay-Balakən məntəqəsindən qısamüddətli sel keçib”.